Ana səhifə / Siyasət / “Uzun illərdir Minsk Qrupu danışıqlarda mənasız vasitəçiliklə məşğuldur” – Təbriz Musayev

“Uzun illərdir Minsk Qrupu danışıqlarda mənasız vasitəçiliklə məşğuldur” – Təbriz Musayev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Şırnakda keçirilən 7-ci qurultayında Azərbaycanın torpaqlarını azad etməsi uğrunda mübarizəsindən bəhs edib.

Sözügedən məsələ ilə bağlı Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir atəşkəsin elan olunduğunu xatırladaraq, qeyd edib ki, Ermənistan bir daha təxribata yol verib və atəşkəsi pozub: “Bu gecə atəşkəs elan edildi, amma Ermənistan yenə atəşkəsi pozdu. Bütün bu həqiqətlər ortada ikən Qərb səs çıxarırmı? Çıxarmır. Türkiyənin səsi çıxınca isə qınanırıq. Susmayacağıq, dayanmayacağıq”.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın tərəfini tutduğunu, eyni zamanda, bu ölkəni silahlandırdığını deyib: “Kimdir Minsk Qrupu həmsədrləri? Rusiya, Fransa, Amerika. Bunlar Ermənistana hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanlı qardaşlarımız canları bahasına mübarizə aparırlar. 30 ildir ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib, qardaşlarımızın torpaqlarını geri almasına imkan yaratmadılar. İndi Azərbaycan işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər? Allah yar və yardımçıları olsun! İnanırıq ki, onlar bu haqlı mübarizələrində qalib olacaqlar və bunu sidq-ürəklə diləyirik!”.

Məlum olduğu kimi, uzun illərdir Minsk Qrupunun vasitəçiliyilə aparılan danışıqlar səmərə vermədi. Bunun başlıca səbəbi həmsədr dövlətlərin işğalçı tərəfə təzyiq göstərməməsidir. Həmsədr dövlətlər Ermənistana təzyiq göstərməməklə yanaşı, qarşı tərəfi silahlandırdılar. Minsk Qrupu təcavüzkar Ermənistanı silahlandırırsa, o zaman onların vasitəçiliyi ilə aparılan danışıqlardan hansısa nəticə gözləmək sadəlövhlük  olar.

  • “Belə olan halda, hansı tərəfsiz vasitəçilikdən söhbət gedə bilər?”

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Ərdoğanın həmsədr ölkələrlə bağlı səsləndirdiyi tənqidi fikirlər reallığı əks etdirir: “Uzun illərdir ATƏT-in Minsk Qrupu danışıqlarda mənasız vasitəçiliklə məşğuldur. Ötən illər ərzində onların apardığı vasitəçilik münaqişənin həlli istiqamətində heç bir tərpənişə gətirib çıxarmayıb. Bir metr belə ərazi geri qaytarılmayıb. Əksinə, həmsədr ölkələr hər fürsətdə Ermənistanın işğalçılıq fəaliyyətini görməzdən gəliblər. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparıb, təbii ehtiyatları vəhşicəsinə mənimsəyib, ərazilərin flora və faunasına ciddi ziyan vurub. Bir dəfə olsun həmsədr dövlətlərdən biri buna öz etirazını bildirməyib. Azərbaycan haqlı olaraq ərazilərini hərb yolu ilə azad edəndə narahat olurlar. Bu azmış kimi, həmsədr ölkələr Ermənistanı silahlandırırlar. Xüsusən də Rusiya Ermənistanı silahlandıran başlıca dövlətdir. 2016-ci ildə baş verən Aprel döyüşlərindən sonra Ermənistan ABŞ-dan gecəgörmə cihazları aldı. Uzun illərdir Birləşmiş Ştatlat Qarabağdakı separatçı quruma maliyyə yardımı edir. Fransanın da ermənipərəst mövqeyi barədə geniş danışmağa ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır. Belə olan halda, hansı tərəfsiz vasitəçilikdən söhbət gedə bilər?”.

T.Musayev hesab edir ki, Azərbaycan Ordusu apardığı uğurlu döyüş əməliyyatları ilə illərdir mövcud olan ədalətsizliyə son qoyur. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …