Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Uzun fasilədən sonra artıq Zəngilan Vətənə qayıtdı”

“Uzun fasilədən sonra artıq Zəngilan Vətənə qayıtdı”

“Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi. Beləliklə, 27 illik işğala son qoyuldu”. 

Bu fikirləri prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib: “İndi mən xoş gəlmisiniz deyirəm, çünki mən sizi dəvət etmişəm bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma ondan sonra mən Zəngilana gələndə zəngilanlılar xoş gəlmisiniz deyəcəklər”. İlham Əliyev qeyd edib ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır“Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

Prezident qələbən danışarkən deyib: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəldilər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu onu göstərir ki, xalqımız bu müqəddəs Zəfər Gününü gözləyirdi və bütün çətinliklərə baxmayaraq, bütün əzab-əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək”, -deyə dövlət başçısı vurğulayıb.

“Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər, mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm”, – İlham Əliyev qeyd edib. 

Dövlət başçısı həmçinin sovet vaxtında Zəngilanda hava limanının olmamasını, hazırda isə nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcəyini vurğulayıb: “Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”, – prezident deyib. 

“Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz bir daha orada səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur qurulacaq”, – İlham Əliyev qeyd edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …