Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ukraynanın AŞPA deputatları Azərbaycanla strateji dostluğa “zəhərli xəncər sapladılar”

Ukraynanın AŞPA deputatları Azərbaycanla strateji dostluğa “zəhərli xəncər sapladılar”

“Qoy bütün Ukrayna ictimaiyyəti və hakimiyyəti görsün ki, arxadan vurulan bu sayaq zərbələr iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər”

Samir Adıgözəlli: “Həmin deputatların kimliyi barədə mütləq araşdırma aparılmalıdır”

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı müzakirəyə çıxarılan iki hesabat üzrə qətnamələrin qəbuluna ölkəmizlə tərəfdaşlıq və əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilən Ukraynadan olan deputatlar da səs verib.
Həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Ukrayna deputatlarının olması təəccüblü görünür.
Bu günlərdə (oktyabrın ilk günləri) Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycanda səfərdə olub, oktyabrın 3-də Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən danışılıb.
Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir. Dövlət başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edib.
Xarici işlər nazirləri yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələri yüksək qiymətləndiriblər.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin, regional təşkilatlar olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görünür, nazirlər oktyabrın 11-də Ukrayna deputatlarının AŞPA-da Azərbaycana qarşı xəyanətindən xəbərsiz olublar. Azərbaycan uzun illərdir Rusiya kimi nəhəng ölkə ilə münasibətlərə məhəl qoymadan Krımla bağlı məsələdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu cür strateji müttəfiqlik münasibətlərinin olduğu bir ölkənin deputatlarından belə xəyanətkar mövqeni görmək hər halda yaxşı deyil. Ukraynalı deputatların AŞPA-da atdığı addım nə ilə izah oluna bilər?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, ukraynalı deputatlardan belə bir addımı görmək doğrudan da təəccüblüdür: “Həmin ölkə ilə bizim münasibətlərimiz çox yüksək səviyyədə qurulub. Bütün sahələr üzrə əməkdaşlığımız var. Ancaq Ukraynada güclü erməni diasporunun olduğunu da danmaq olmaz. Biz Ukraynanın mühitinə yaxşı bələdik. Çünki daim ora ilə işləmişik, diaspor fəallarımızın, soydaşlarımızın üzləşdiyi problemlərin həlli istiqamətində səylər göstərmişik. Ukraynada azərbaycanlılarla bağlı yaranan problemlərin böyük əksəriyyəti gedib ermənilərə çıxırdı. Bilirsiniz ki, oranın daxili işlər naziri də ermənidir. Bu fakt onların həmin ölkədə hansı təsir gücünə malik olduqları haqda aydın mənzərə yaradır. Həmin təsir dairəsinə düşən parlamentarilər də az deyil. Bir neçə dəfə qondarma “erməni soyqırımı”nı Ukrayna parlamentində müzakirəyə çıxarmağa cəhdlərin edilməsi də buna aydın sübutdur. AŞPA-ya gedən deputatlar da həmin parlamentin nümayəndələridir. Ola bilsin ki, onların içində dediyimiz xislətdə olanlar az deyil. Sadəcə biz Ukraynadakı diaspor təşkilatlarımızın, səfirlik və konsulluq xidmətlərimizin vasitəsilə AŞPA-da atılan addıma etiraz etməliyik. Qoy bütün Ukrayna ictimaiyyəti və hakimiyyəti görsün ki, arxadan vurulan bu sayaq zərbələr iki ölkə arasındakı münasibətlərə də xələl gətirə bilər. Həmin deputatların kimliyi barədə mütləq araşdırma aparılmalıdır. Əminəm ki, bu işdən də erməni barmağı çıxacaq. Çünki onlardan başqa bizə kimsə belə zərbə vurmaqda maraqlı olmaz”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …