Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Türkiyənin Azərbaycandakı keçmiş ermənipərəst səfiri yeni vəzifəyə gətirildi

Türkiyənin Azərbaycandakı keçmiş ermənipərəst səfiri yeni vəzifəyə gətirildi

Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyişiklik baş verib.

Modern.azın məlumatına görə, CHP sədri Kamal Kılıçdaroğlu partiyanın İdarə Heyəti üzvlərinin sayını 18-dən 19-a qaldırıb. Dəyişiklik nəticəsində CHP İdarə Heyətinə bir sıra yeni similar gətirilib.

Modern.az saytı CHP-nin rəsmi məlumatına istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinə gətirilənlərdən biri vaxtilə Azərbaycanda işləmiş keçmiş səfir Əhməd Ünal Çeviközdür. Belə ki, Əhməd Ünal Çeviköz CHP sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsinə təyin olunmaqla İdarə Heyətində yer alıb.

Yeri gəlmişkən, Çeviköz bir müddət öncə CHP-dən Türkiyə Böyük Millət Məclisinə deputat da seçilib.

Təəssüf ki, 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz ermənilərə simpatiya bəsləyən siyasi fiqurlar sırasında yer alır.

2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Məlum protokolları hazırlayarkən Əhməd Ünal Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.

Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi.

Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Fransa, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonradan nə Türkiyə, nə də Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi.

Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz  2001-2004 illərdə  Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb.

Əhməd Ünal Çeviköz vaxtilə diplomatiya sahəsində çalışıdığından siyasi partiya üzvü ola bilməzdi.

Çeviköz təqaüdə çıxandan sonra xarici siyasətə dair analizlərilə mediada çıxış etməyə başlayıb.

Bununla yanaşı o, bir siyasi araşdırmalar institutu da yaratdı – Ankara Politikalar Mərkəzi.

Sabiq diplomat son illər TV-lərdə diplomatik təhlilçi kimi şərhlərlə də çıxış edir.

Maraqlıdır ki, o, bir müddət öncə “Qalatasaray”  futbol klubunda seçkili quruma da gətirilmişdi.

Bundan sonra isə Çeviköz CHP rəhbərliyində yer almaqla yanaşı, deputat kimi fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …