Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Türkiyədə hansı məşhurlar millət vəkili oldu? – Prezident həkimi, futbolçu, sabiq nazir oğlu, sənətçi … – FOTOLAR

Türkiyədə hansı məşhurlar millət vəkili oldu? – Prezident həkimi, futbolçu, sabiq nazir oğlu, sənətçi … – FOTOLAR

Türkiyədə daha bir seçki tarixi çevrildi, iyunun 24-də keçirilən növbədənkənar prezident və  parlament seçkiləri həm gözlənilən, həm də gözlənilməz nəticələri ilə yadda qaldı.
Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilən 600 millət vəkili arasında yeni, eyni zamanda, cəmiyyət tərəfindən maraqla izlənilən simalar – sənətçilər, idmançılar, sabiq məmur övladları və digər tanınmışlar var.
Məsələn, yeni millət vəkillərindən biri də uzun illər mərhum prezident Süleyman Dəmirəlin şəxsi həkimi olan Aylin Cəsurdur.
O, bundan sonra İYİ Partinin İsparta millət vəkili kimi fəaliyyət göstərəcək.
Eyni zamanda, hakim partiyadan, AKP-dən namizədliyi irəli sürülmüş və millət vəkili seçilmiş iki  məşhur sabiq məmur (nazir) oğlu var.
Qeyd edək ki, həmin sabiq məmur övladları şəxsən AKP lideri və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən namizəd olaraq irəli sürülüblər.
Bunlar AKP qurucularından olan sabiq spiker və eks vitse-premyer Bülənt Arınçın oğlu Ahmet Mücahit Arınç və sabiq daxili işlər naziri Mehmet Ağarın oğlu Zülfü Tolga Ağardır.
Arınçın oğlu AKP İstanbul millət vəkili, Ağarın oğlu AKP Elazığ millət vəkili seçilib.
Həmçinin yeni millət vəkillərdən biri  gənc və tanınmış sənətçilərdən, aktyorlardan olan Barış Atay Mengülloğludur.
Qeyd edək ki, Mengülloğlu bir neçə il öncə Türkiyədə maraqla izlənilən və təxminən beş il davam edən “Arxa sıradakılar” dizisinin məşhur qəhrəmanlarından olub.
Bir müddət öncə sosial media hesabı üzərindən paylaşdığı siyasi xarakterli statusuna görə polislər tərəfindən saxlanılan Mengülloğlu gözlənilmədən HDP tərəfindən Hatay millət vəkilliyinə namizəd irəli sürülüb və parlamentdə təmsilçilik hüququ qazanıb.
Bununla yanaşı, İYİ Partidən namizədlikləri irəli sürülən iki tanınmış sənətçi – Türkiyənin “kazinolar kralı”nın oğlu kimi tanınan və məşhur “Akasya durağı” serialında rol alan Mehmet Aslan, o cümlədən, yazıçı, ssenarist və rejissor Onur Aydın gözlənildiyinin əksinə olaraq, parlamentə düşə bilməyiblər.
Parlamentə seçilənlər arasında tanınmış futbolçu Saffet Sancaqlı da var.
Bu, həmin Sancaqlıdır ki, uzun illər Türkiyənin milli yığmasında və məşhur “Qalatasaray” klubunda oynayıb.
O, yenidən MHP Kocaeli millət vəkilliyinə namizəd irəli sürülüb və növbəti dəfə parlamentdə təmsilçilik əldə edib.
Onu da xatırladaq ki, Sancaqlının həyat yoldaşı bir müddət öncə öz evində intihar etmişdi.
Həmin vaxt Sancaqlı TBMM-in iclasında çıxış edirdi…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …