Ana səhifə / Siyasət / Türkiyədə Azərbaycan kapitallı şirkətlərin çoxalması…

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin çoxalması…

Samir Adıgözəlli: “Azərbaycanlılar Türkiyəni özləri üçün ikinci vətən sayır”

“Dil, mədəniyyət və din birliyi bunu səciyyələndirən vacib faktordur”
Bu ilin ilk beş ayında Türkiyədə Azərbaycan kapitalı ilə 80 şirkət yaradılıb. Onlardan 29-u səhmdar cəmiyyətdir.
Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıb. Xəbər Türkiyə Palatalar və Birjalar Birliyinə istinadən yayılıb. Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur.
Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.
Azərbaycandan Türkiyəyə kapital axını daha çox 2013-cü ildən artmağa başlayıb. Həmin vaxtdan bu yana azərbaycanlılar Türkiyədə 600-dən artıq şirkət qurub.
Bunun Azərbaycan üçün hansı xeyirli və ziyanlı tərəfləri var?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu xəbərin başqa bir rakursdan təqdim olunmasına təəssüflənir:

“Belə təəssürat yaranır ki, sanki kimlərsə narahat olub. Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Burada narahat olası bir məqam yoxdur. Əksinə, bu, iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Vətəndaşlarımız ora sərmayə yatırırsa, deməli, güvənimiz var.
Türkiyə vətəndaşları da bura sərmayə qoyur. İqtisadi aspektdən yanaşdıqda da hər bir ölkə xarici sərmayənin cəlbində maraqlıdır. Düzdür, yaxşı olar ki, bizim sərmayə xaricə çıxmasın, amma bunun qarşısının alınması da mümkün deyil. Əksinə, hesab edilir ki, xarici ölkələrdə formalaşan sahibkar nəsli Azərbaycan diasporunun potensial fəal üzvləridir. Onları da diqqətdən kənarda saxlamamalıyıq.
Bizə yalnız faydaları dəyə bilər. İkinci bir tərəfdən isə azərbaycanlılar Türkiyəni özləri üçün ikinci vətən sayır. Bu səbəbdən də sərmayənin qoyuluşunda artım var. Çünki dil, mədəniyyət və din birliyi bunu səciyyələndirən vacib faktordur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın