Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Türk dünyasını bütövləşdirən addımlar – TƏHLİL

Türk dünyasını bütövləşdirən addımlar – TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 11-də Qırğızstana baş tutan dövlət səfəri mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Səfərin əsas məqsədi iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə çıxarılmasını təmin etmək idi. Səfər çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemləri müzakirə edildi.

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Qoşulmama Hərəkatında, BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, ECO çərçivəsində və s. daim bir-birini dəstəkləyirlər. Azərbaycan və Qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın xalqlardır.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ilin ilk ayında qurulub. Bu əlaqələr müstəqilliyimizin ilk illərində xüsusi intensivliyə malik deyildi. Sonradan münasibətlər yeni mərhələyə qədəm qoydu. 2 iyun 2004-cü il tarixində Qırğızıstanın müdafiə naziri E.Topoyevin Bakıda rəsmi səfəri zamanı “Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaslıq haqqında Sazis” imzalanıb. Bu sazişin imzalanmasından sonra iki dost ölkə arasında münasibətlər daha da genişlənib. Qırğızıstan ən yüksək səviyyədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

2009-cu ildə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu zirvə görüşü zamanı Qırğız Respublikasının Prezidentinin “türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün unikal şans verir” bəyanatı da təşkilat üzvü olan dövlətlərin başçıları tərəfindən dəstək qazandı və zirvə görüşünün sonunda prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısının yekunu olaraq Naxçıvan Bəyannaməsini imzaladılar.

Qırğızıstan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bəzən isə münaqişənin həlli üçün müəyyən fəallıq göstərməyə də çalışıb. 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi Bişkek şəhərində imzalanmışdı.

Bu ilin son 6 ayı ərzində əvvəlcə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana, dünən isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri baş tutub. Nümayəndə heyətlərinin cəmi 6 ayda imzaladıqları 20-dan çox sənədin məzmunu iki strateji tərəfdaş ölkə arasında münasibətlərin artan dinamika nümayiş etdirməklə strateji əməkdaşlıq səviyyəsinə çatacağına şübhə yeri qoymur. Azərbaycan nümayəndə heyətinin tərkibində müdafiə naziri Zakir Həsənovun da yer alması, bu ilin aprelində müdafiə sənayesi naziri Mədət Quliyevin Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyevlə görüşməsi Bakının Bişkek ilə təhlükəsizlik, hərbi və hərbi-texniki sahədə əməkdaşlığının inkişafı üçün perspektivlər yaradır.


Bür gün əvvəl, oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişi təsdiq etməsi, ardınca Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşməsi, Qırğızıstanın az əvvəl KTMT qoşunlarının oktyabrın 10-dan 14-dək ölkə ərazisində keçirilməsi nəzərdə tutulan “Sarsılmaz Qardaşlıq – 2022” hərbi təlimlərini ləğv etməsi, Türkiyənin Orta Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığı və s. bir daha onu göstərir ki, həqiqətən də regionda və onun sərhədlərinin yaxınlığında yeni geosiyasi reallıqlar formalaşır.

Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Qələbə Türk dünyasının daha sıx şəkildə birləşməsinə və qarşılıqlı faydalı əməkdaşlığına münbit şərait yaradıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı (TDT) kimi təsbit edilməsi, daha iki respublikanın – Özbəkistan və Türkmənistanın Türk Dövlətləri Təşkilatına qatılması ilə müstəqil türk dövlətlərinin eyni təşkilatın tərkibində inteqrasiyasının başa çatması, Macarıstanın toplantıda müşahidəçi qismində iştirak etməsi, 10-dan çox dövlətin TDT-yə qoşulmaq niyyəti və s. kimi faktların Vətən Müharibəsində Azərbaycanın Qələbəsindən sonra baş verməsi önəmli məqamdır.

İllər ötəcək, çox şeylər dəyişəcək, bəzi məsələlər və faktlar bəlkə də unudulacaq. Amma Qarabağda və Zəngəzurda aparılan döyüş əməliyyatlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Əsgərinin qanı və canı hesabına əldə etdiyi nailiyyətlərin hələ uzun müddət qardaş türk xalqlarının birlik və bərabərlik şəraitində inkişafına və çiçəklənməsinə verdiyi töhfələr heç zaman unudulmayacaq. Məhz bu Qələbə son yüzilliklər ərzində parçalanan və qlobal güclər tərəfindən əzilən türk dünyasının yenidən birləşməsi üçün stimul verdi. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, 21-ci əsr Türk dünyasını birləşməsi və bütövləşməsi əsri olacaq.

Ədalət Verdiyev, hərbi ekspert

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …