Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Turan informasiya agentliyi 1 sentyabrdan fəaliyyətini dayandırır

Turan informasiya agentliyi 1 sentyabrdan fəaliyyətini dayandırır

Turan agentliyinin kollektivi, direktor Mehman Əliyevin saxlanmasından sonra sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracağını elan edib.

Kollektiv rəsmi saytda bildirib ki, Mehman Əliyevə qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

“Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.”

“Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək”, kollektivin açıqlamasında deyilib.

Mehman Əliyev 24 avqustda “vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma” maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb.

Avqustun 7-də Turan agentliyinə qarşı cinayət işi açılıb və bir gün sonra agentlikdə səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi media qurumunu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edib.

Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Beynəlxalq təşkilatlar Mehman Əliyevin saxlanılmasını qınayıb.

Turan 1990-cı ildə təsis olunub. O, həmin ərəfədə ölkədə yaradılan ilk müstəqil informasiya agentliklərindən biri olub.

Bu ilin yazında məhkəmənin hökmü ilə Azərbaycan ərazisində Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytı olan Azadlıq.info, eləcə də Azerbaycansaati.com və Turan telekanallarının yayımı dayandırılıb. Təxminən bir il öncə isə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın ilk müstəqil televiziya kanalı ANS TV bağlanıb.

BBC

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın