Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Trampın prezidentliyinin bir ilinin yekunları – ŞƏRH

Trampın prezidentliyinin bir ilinin yekunları – ŞƏRH

Ötən yüz illiyin əvvəlində dünya siyasətində ən uzun əl Böyük Birtaniyaya məxsus idi. Ona görə də hamı hər yerdə “ingilis əli”, “ingilis barmağı” axtarırdı. Sanki bu əl qeybə çəkildikdən sonra onu ABŞ-ın əl-ayağı əvəzələyib.

Əslində isə ABŞ-la Britaniyanın eyni əl olduqları deyilir. Bununla belə, dünya siyasəti və iqtisadiyyatında ABŞ-ın adı çəkilir. Odur ki, bu ölkənin yürütdüyü xarici və bir çox hallarda daxili siyasət belə az qala başqa dövlətlərin və hakimiyyətlərin mövcudluğuna təsir edir. Bu baxımdan, ABŞ-ın dövlət siyasətinin icrasına məsul olan prezidentin fəaliyyəti, davranışı, çıxışları da diqqətlə izlənilir, hətta rəsmi sənəd səviyyəsində qəbul edilir. Yanvarın 20-da isə ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə gəlməsinin bir ili tamam olacaq. Elə bu yazımızda da Ağ evin 71 yaşlı sahibinin ötən bir ildə bizim üçün yaddaqalan fəaliyyətindən bəhs edəcəyik.

Ümumiyyətlə, siyasi proqnozlara əsasən,Donald Tramp ABŞ siyasəti üçün gözlənilməz prezident sayılır. Elə indinin özündə də onu “komandasız prezident” adlandırırlar. Düzdür, Respublikaçılar Partiyası əsas komanda sayılsa da, baş verənlər onun ən sadiq komanda üzvlərinin hələlik ailəsi, daha doğrusu, qızı İvanka Tramp və kürəkəni, yəhudi əsilli Cared Kuşnerin olduğunu təsdiqləyib.

Tramp həm də ABŞ demokratiyası, seçki qaydalarının göstəricisi, nəticəsidir. O da ABŞ vətəndaşlarının əksəriyyəti kimi panamerika düşüncəsinin sahibidr. O, ötən bir il ərzində seçkiqabağı təbliğat kampaniyasında irəli sürdüyü kimi “Yenidən böyük Amerika yarat!” (“Make America Great Again!”) şüarını həyata keçirməyə çalışıb. Tramp prezidentliyinin ilk günündə protokol qaydalarına əməl etməkdə çətinlik çəkən kimi görünürdü. Belə ki, əvvəlcə İsrailin paytaxtı Təl-Əvivdəki Ben-Qurion hava limanında, sonra isə Romada təyyarədən düşərkən xanımının əlindən tutmağa çalışsa da, əslən sloveniyalı olan Melaniya buna imkan verməmişdi. Bu, adi hal sayılsa da, prezidentlər üçün protokol qaydaları mövcuddur.

Ötən bir ildə ABŞ iqtisadi baxımdan birinciliyini yenə qoruyub saxlaya bilib. Dünya Bankının açıqladığı ən son məlumatlara görə, ABŞ iqtisadiyyatı 18 trilyon dollarlıq (24.3 faiz) bir həcmə sahibdir. Bu isə dünya iqtisadiyyatının, təxminən, qalan dörddə birini təşkil edir. Müqayisə üçün qeyd edək ki, Çin iqtisadiyyatı 11 trilyon dollarlıq həcmlə ikinci yerdədir. Tramp prezident olanda, yaxud 2017-ci il yanvarın 30-na olan məlumata əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 55,48 dollar, WTI isə 53,06 dollar idi. 2018-ci il yanvarın 19-da isə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 63,22 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 68,63 dollar olub.

CNN telekanalının Trampın prezidentliyinin ilk 11 ayında keçirdiyi rəy sorğusunun nəticəsinə əsasən, respondentlərin 35 faizi onun fəaliyyətini bəyəndiyini bildirib. Rəyi soruşulan ABŞ vətəndaşlarının 59 faizi ona mənfi münasibət bəsləyib. CNN-in 2017-ci ilin martında keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 45 faizi onu dəstəklədiklərini bildirmişdi. Tramp prezidentliyinin birinci ilindəki bu göstəricilərinə görə ABŞ tarixində antirekordçu sayılır. Məsələn, kiçik Corc Buş eyni tarixdə keçirilən rəy sorğusunda birinci ilini 86 faiz səslə başa vurmuşdu. Bundan əlavə, ABŞ dövlət başçılarından Con Kennedini prezidentliyinin birinci ilinin dekabrında respondentlərin 77 faizi, Duayt Eyzenhauru 69 faizi, Riçard Nikson, Cimmi Karter, Bill Klinton və Barak Obamanı isə 55-59 faizi dəstəkləmişdi. Respublikaçılar Partiyasında rəyi soruşulanlardan 85 faizi, demokratlar arasında isə 4 faizi onun fəaliyyətinibəyənir.

ABŞ-ın 45-ci prezidentinin seçkiqabağı verdiyi vədlərdən biri mühacir məsələsi idi. O, ötən bir ildə bu məsələyə daha çox diqqət ayıran kimi görünür. Tramp seçiləndən sonrakı ilk çıxışlarından birində demişdi: “ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotik alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya olunacaqlar. Belə insanların sayı, təxminən, 2-3 milyon nəfərdir” . O, 7 müsəlman ölkəsinin – Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edən sənədi də imzalayıb. Qeyd edək ki, statistikaya əsasən, 1975-2015-ci illər arasında ABŞ-da 768 min adam öldürülüb. Onlardan yalnız 3 024 nəfəri xarici vətəndaşlar tərəfindən terror nəticəsində həyatını itirib. Maraqlıdır ki, ABŞ-da əcnəbilər tərəfindən öldürülənlərin heç birinin qatili Trampın ABŞ-a girişlərinə qadağa qoyduğu 7 ölkənin vətəndaşları deyil. Onu da qeyd etmək yerinə düşər ki, ABŞ-ın 45-ci prezidenti ötən bir ildə müsəmanları sevməyən və irqçi prezident kimi də yadda qalıb. Ötən bir ildə 2001-ci il 11 sentyabr hadisələrindən sonra Nyu-Yorkda ilk dəfə terror hadisəsi törədilib. Noyabrın 1-də Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 8 nəfər ölüb, 12-dən çox sakin yaralanıb. Hadisənin törədilməsinə görə, 29 yaşlı özbək Sayfullo Habibullayeviç Saipov şübhəli şəxs qismində həbs olunub. Tramp mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulayıb. O, Meksikanı “dünyanın ən təhlükəli ölkəsi” adlandırıb. Ağ evdən Meksika ilə sərhəddə inşa ediləcək divarın, təxminən, 20 milyard dollara başa gələcəyi bildirilib. Tramp ABŞ-a Afrika ölkələrindən, Haiti və Salvadordan gələn miqrantları “bulaşıq deşiklər”dən gələnlər adlandırıb. Beynəlxalq ictimaiyyət onu irqçilikdə qınayıb. ABŞ prezidenti isə özünü irqçi saymadığını söyləyir. Trampın prezidentliyi dövründə ABŞ cəmi 29 min 22 nəfər qaçqın qəbul edib. Bu, son 15 ildə qeydə alınan ən aşağı göstəricidir. Bütün bunlarla yanaşı, 11 ölkənin – Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Sudan, Cənubi Sudan, Suriya və Yəmən vətəndaşlarının qaçqınlarla bağlı proqram çərçivəsində ABŞ-a giriş imkanına məhdudiyyətlər tətbiq edilib. Halbuki kiçik Corc Buş və Barak Obamanın prezidentlikləri dövründə bu kvota 70-80 min civarında dəyişib. 2016-cı ildə ABŞ-a bu proqram çərçivəsində ölkələrində siyasi, milli, dini və digər səbəblərə görə təqib edilən 94,8 min adam gəlib.

2017-ci ildə təbii fəlakətlər ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub. Yanğınlar, buzlaşmalar, daşqınlar və qasırğalar ölkəyə 306 milyard dollara başa gəlib. 2005-ci ildə qeydə alınmış “rekord” isə 215 milyard dollar olmuşdu. Məlumata görə, 2017-ci ildə yalnız qasırğaların vurduğu zərər 265 milyard dollar təşkil edib.

Ötən il ABŞ-la Şimali Koreya münasibətlərinin gərginləşməsi ilə də yadda qalıb. Dövlət başçılarının bir-birini “nüvə düyməsi” ilə hədələdikləri üçün bu ifadə iki dövlət arasında münasibətlərin simvollarından biri olaraq tarixə düşə bilər.

Tramp Qüdsü bütövlükdə İsrailin paytaxtı olaraq tanıması ilə də yadda qalıb. Qeyd edək ki, İsrail 1980-ci ildə Qüdsün şərq və qərb hissələrini də birləşdirməklə şəhəri bütövlükdə yəhudi dövlətinin paytaxtı elan edib. Ancaq BMT Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsi ilə İsrailin qərarını qəbuledilməz sayıb. ABŞ rəsmiləriQüds məsələsi ilə bağlı ilk dəfə hətta müttəfiqlərini belə hədələdi. Bu, həm də Avropa İttifaqı ilə ABŞ arasında beynəlxalq məsələlərlə bağlı problemin mövcudluğunu nümayiş etdirdi.

ABŞ 2017-ci ildə dəAzərbaycan, Moldova, Gürcüstan və Ukraynadakı münaqişələrin həllinə beynəlxalq vasitəçi kimi töhfə verə bilmədi.

Trampın prezidentliyinin bir ilində ən yaxın müttəfiqlərindən biri sayılan Türkiyə ilə ABŞ-ın münasibətlərində ciddi soyuqluq yaranıb. Rəsmi Ankara Vaşinqtonu Suriya və İraqdakı terrorçu PKK-nın qollarını müdafə etməkdə və silahlandırmaqda ittiham edir. ABŞ isə bunları təkzib etməklə yanaşı, iddialara qarşı əsaslı fakt göstərə bilmir.

ABŞ prezidenti İrana qarşı da sərt çıxışlarına ara vermir. Hətta 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri arasında imzalanan Əhatəli Razılaşma müqaviləsindən ABŞ-ın çıxacağını bildirir.

Birləşmiş Ştatların tarixində Trampın seçkiqabağı kampaniyası və ondan sonrakı dövr üçün yadda qalacaq hadisələrdən biri də Rusiya ilə bağlıdır. Trampın seçki qərargahının üzvlərinin Rusiya ilə şübhəli əlaqələri ilə bağlı hələ də araşdırma aparılır. Artıq 45-ci prezidentin administrasiyasının bir neçə üzvü bu qalmaqallı hadisənin qurbanı olaraq istefaya göndərilib.

Tramp Suriya və İraqın terrorçu İŞİD-dən təmizləndiyini elan edib. Bununla belə, Ağ ev terrorçu PKK-nın Suriyadakı qollarının bazasında 30 minlik “qoşun” formalaşdırmaq niyyətindədir. Bu qoşunun kimə qarşı döyüşəcəyinə isə nə Tramp, nə də onun hökumətinin başqa üzvləri hələ də aydınlıq gətirə bilmirlər. Türkiyə rəsmiləri bildirirlər ki, məsələyə dair verilən bəyanatlar isə bir-birini təkzib edir.

Son bir ildə bir sıra dövlətlər dollar asılılığından qaçmağa çalışdı. Ehtimal etmək olar ki, bu, kriptovalyutalardan biri kimi bitkoinin də bahalaşmasına təsirsiz ötüşməyib.

Tramp 2020-ci ildə də prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. O, indiyədək heç bir dövlət postu tutmayıb. O, bir iş adamı, milyarder olub. “Forbes”in 2016-cı ildəki məlumatına əsasən, Tramp 3,7 milyard dollarlıq var-dövlətə malikdir. Onun çoxsaylı daşınmaz əmlakının da olduğu bildirilir.

Beləliklə, demək olar ki, ötən bir ildə ABŞ prezidenti milyonlarla dolları deyil, milyardlarla maliyyə vəsaiti olan dövlətlərlə münasibəti, əlaqələr və əməkdaşlığın idarə edilməsini də öyrənə bilib. Bu səbəbdən sahibkar kimi çox yüksək səviyyədə əlaqəsi olduğu dövlətlərə prezident olandan sonra münasibəti dəyişdi. Onda belə çıxır ki, Tramp 4 illik prezidentliyi dövründə bu vərdişini təkmilləşdirəcək, niyyətində olduğu növbəti 4 ildə isə ABŞ tarixinin uğurlarla daha çox yaddaqalan dövlət başçısı olacaq. Bunun üçün də ona daha üç ili uğurla başa vurmaq lazımdır.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …