Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Toyda himn səsləndirilməsinə münasibət: “Soyunub gəlməsinlər, yetər”

Toyda himn səsləndirilməsinə münasibət: “Soyunub gəlməsinlər, yetər”

90-cı illərdə olduğu kimi, toy mərasimlərində Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ənənəsi yenidən qayıdıb. Aprel ayında cəbhədə yaşanan gərginlikdən sonra evlənən cütlüklərin toy məclisi dövlət himni ilə açıq elan edilir. Bəzi mərasimlərdə cütlük “Vağzalı” əvəzinə zala himnlə, bayraqla daxil olur, digər qismində isə yeni evlilər məclisə təşrif buyurandan sonra himn səsləndirir. Bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Çoxları himnin oxunmasını vətənpərvərlik olaraq qəbul etsə də, bəziləri bu halın qəbulolunmaz olduğunu müdafiə edib. 
Musavat.com mövzu ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğluna müraciət edib. Sosioloq toylarda himnin səsləndirilməsinin normal hal olduğunu deyib: “Hazırda istər toy, istərsə də yas üçün yeni modellərə hədsiz dərəcədə ehtiyac var. Neçə ildir ki, bu barədə araşdırma aparıram, başqa ölkə məclisləri ilə müqayisələr də etmişəm. Çox təəssüf ki, bizim lazımi toy modelimiz yoxdur. Toy məclisində himn oxunmasına, zala bayraq gətirilməsinə axtarış kimi baxıram. Əgər himnin oxunması məclis üzvlərinə xoş təsir bağışlayır, vətənpərvərlik hissi aşılayırsa, bu qəbul olunandır. Qarabağla bağlı və ya  “Yanıq Kərəm” kimi mahnıların toyda  səsləndirilməsi və o musiqi sədaları altında insanların oynamasını qəbul etmirəm. Ağrılı tariximizlə bağlı olan mahnıya rəqs edən və şənlənən insanların ağlı başında deyil və xalqa qarşı biganədirlər. Elə musiqilər var ki, bizim tariximiz, hüznümüzlə bağlıdır. Onların sədaları altında rəqs etmək ucuz hərəkətdir. Bizim insanların əksəriyyəti, məmurlar belə himn oxunanda  susurlar, insanlarla birlikdə oxumurlar. Lakin qaydaya görə, himnə qulaq asa-asa oxumalıyıq. Hazırda bütün təbəqələrdə dövlət atributlarımıza münasibət lazımi dərəcədə deyil. Elə vətənpərvər gənclər var ki, himnin oxunması onlar üçün böyük məna kəsb edir. Meyarlar konkretləşməlidir. Müxtəlif toylarda müxtəlif xarakterli insanlardır. Bunu qəbul etməliyik. Əsas odur ki, görülən tədbirlər toya xoş ahəng gətirsin.”.
Bəstəkar Gövhər Həsənzadə isə bildirib ki, himn yeyib-içmək məclisində oxuna bilməz: “Bu mənim şəxsi fikrimdir.  Himn bizim dövlət atributumuzdur. Vətənpərvərlik nəyisə nümayiş etdirməklə sübut olunmur, o insanın daxilindədir. Dağda yaşayan çoban yaxşı qoyun-quzu bəsləyir, xalqının övladlarına sağlam qida verirsə, deməli, vətənini sevən insandır. Mən bəstəkaram, keyfiyyətli mahnı yazıram, xarici ölkələrdə vətənimi təmsil edirəm. O zaman əlimdə bayraq tutmur, əynimə o parçadan libas geyinmirəm.  Mənim vətənpərvərliyim Azərbaycan haqda söylədiyim fikirlər və yazdığım əsərlərdir. Azərbaycan qadını, sənətkarı kimi  keyfiyyətli iş təqdim etməyim ən yüksək  vətənpərvərlik nümayişidir. Kənardan desinlər ki, gəlib özünü gözəl apardı, vətənini layiqincə təmsil etdi. Bizim öz adət-ənənəmiz var. “Vağzalı” bizim vətənpərvərliyimizdir. Bizim milli dəyərlərimizi, adət-ənənəmizi başqa şeylərlə  əvəz edib insanları çaş-baş salmaq lazım deyil. Himn – rəsmi musiqi bizim pasportumuzdur. Lazım olan məkanlarda protokol əsasında səsləndirilir. Bizim öz toy adətlərimiz var, soyunub lüt toya gəlməsin, valsla məclisi başlamasın. Vətənpərvər olmaq istəyən xalqının adət-ənənələrinə sahib çıxsınlar. Bu dəyişikliyə ehtiyac yoxdur. Lakin kiminsə ssenarisi var, istəyir toyunda himn səslənsin, Allah onları xoşbəxt etsin. Bu onun öz işidir, buna qadağa qoymaq olmaz. Mən sabah qızıma toy etsəm,  istəyərəm adət-ənənəmizlə olsun. Sabah mənim qızımın da uşağı, nəvəsi olanda adətləri bilsin. Bizə “Vağzalı” ilə xeyir-dua veriblər.  Heç kim müasirliyi əlində bayraq tutub, adətlərimizə əlavələr edib insanları çaşdırmasın. Himn oxunarkən hamı ayaq üstə dayanmalıdır. Toy disklərinə baxın,  himn çalınarkən uşaqlar ora-bura qaçır, ofisiantlar  qulluq edir. Hamı hərəkətdə olur. Buna ehtiyac yoxdur”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın