Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Toğrul İsmayıldan Türkiyədəki kritik seçkilərlə bağlı ilginc şərh

Toğrul İsmayıldan Türkiyədəki kritik seçkilərlə bağlı ilginc şərh

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə 34 gün qalır. Seçki kampaniyası hər keçən gün qızışır. Bu arada qardaş ölkənin “SONAR Araşdırma” mərkəzi keçirdiyi sosial sorğunun nəticələrini dərc edib. Bu nəticələrdən çıxış etsək, Türkiyədə iqtidar dəyişikliyi istisna edilmir.

Bu nəticələrə görə, birinci turda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 42, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə 21,91, İYİ Partiya başqanı Maral Akşener 21, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş 11,01, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu 2,10, Vətən Partiyasının başqanı Doğu Perinçək 1,98 faiz səs toplayacaq. Sorğunun nəticələrinə görə, böyük ehtimalla, prezident 8 iyulda keçiriləcək 2-ci turda seçiləcək. Sorğunun səhv payının 0.99-1,81 faiz arasında olduğu bildirilir.

Məlumat üçün bildirək ki, M.Akşener artıq bəyanatla çıxış edərək, ikinci tura özünün deyil, M.İncənin qalacağı təqdirdə, qeyri-şərtsiz ona dəstək olacağını bildirib. İki liderin birgə səsi 43 faiz təşkil edir və bu, Ərdoğanın 42 faizini keçir. Bundan başqa, HDP də Dəmirtaşın ikinci tura keçə bilməyəcəyi təqdirdə İncənin namizədliyini dəstəkləyə biləcəklərini açıqlayıb. Bütün bunlar ikinci tur olarsa, müxalifətin böyük ehtimalla qalib gələcəyini göstərir.

Bir maraqlı fakt da budur ki, “SONAR Araşdırma” 2014-cü il seçkiləri zamanı da sorğu keçirmiş və Ərdoğanın 53,3 faiz səslə qalib gələcəyini açıqlamışdı. O zaman Ərdoğan 52 faizlə seçkiləri udmuşdu.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl cürbəcür qurumların sorğu keçirdiklərini bildirdi:“Partiyaların özləri də sorğu keçirirlər. Bu sorğularda da fərqli rəqəmlər var. Kimin haqlı və ya haqsız olduğunu demək olduqca çətindir. Çünki bəzən bu nəticələr dəqiqliyi ilə göstərmir. Ötən ilki seçkilərlə bu seçkiləri bəzən müqayisə edirlər. Burada unutmamaq lazımdır ki, Türkiyədə ilk dəfə başqanlıq sistemində Cümhurbaşqanı seçilir. Buna türk cəmiyyətinin necə bir təpki verəcəyi tamam başqa bir mövzudur. Bu sistemin gerçəkləşməsi üçün haradasa başa-baş səsvermə olmuşdu. O zamandan bu günə qədər bir çox şeylər dəyişib. İqtidar vəd edirdi ki, bu sistem qurulunca böhran bitəcək, iqtisadiyyat düzələcək, amma gözlənilənlər olmadı. Onu da unutmamaq lazımdır ki, Ərdoğan bir lider olaraq ciddi şəkildə səs potensialına sahibdir. Digər liderdə bu səs faizi partiya üzərindədir. Seçkiöncəsi MHP ilə AKP arasında ”Cümhur” ittifaqı yaradılıb. Digər tərəfdə də müxalifət koalisiya yaradıb. İdeologiyaları fərqli olan partiyalar bir araya gəliblər. Bunların hər biri prezidentliyə öz namizədini irəli sürüb. Amma görünən odur ki, səs faizi sıralamasında Ərdoğan yenə də öndədir. İkinci turun olub-olmayacağı barədə deyə bilərəm ki, hər zaman ehtimal var. Türkiyə xalqı nə istədiyini çox yaxşı bilir. Bilirsiniz ki, bir dəfə seçkilərdə AKP 100-də 50 faiz yığdı. Amma koalisiya qurulmadığı üçün təkrar seçkilərə gedildi və hakim partiya qazandı. Burada iki yol var, ya ilk turda Ərdoğan qazanır, ya da ikinci tur olur. İkinci turda əsas məsələ odur ki, prezidentliyə namizəd kim olacaq. Akşenermi, İncəmi, yaxud başqasımı? Bunlar çox ciddi suallardır. İkinci tur olarsa, burada çox ciddi siyasi bazarlıqların olacağı indidən məlumdur. CHP namizədinin HDP tərəfindən dəstəklənməsi bəzi problemlər yarada bilər. Bu dəstək müxalifət arasındakı vəziyyəti dəyişə bilər. Müxaliflər içərisində milliyyətçi sağ görüşə sahib insanlar bəlkə ikinci turda buna təpki olaraq Ərdoğanın namizədliyini dəstəkləyə bilərlər – HDP-nin dəstək verdiyi namizədin qalib gəlməməsi üçün. Burada versiyalar olduqca çoxdur. Türkiyədə əsas olan seçkilərin demokratik şəkildə keçirilməsidir. Düşünürəm ki, seçkiyə qalan müddət ərzində çox şeylər dəyişə bilər. Burada iqtisadi göstəricilər, siyasi məsələlər də var. Dolların sürətlə yüksəldiyi, iqtisadiyyatda böhranın olduğu dönəmdə hələ iqtidar partiyasının səs faizinin 40-in üzərində olması onu göstərir ki, oturuşmuş səsə sahibdirlər. Müxalifətdə bunun olub-olmamasına millət vəkilliyi namizədliyinə namizədlər açıqlanandan sonra baxmaq lazımdır. Çünki bunlar məlum olandan sonra küskünlər dəstəsi ortaya çıxacaq. Nəticədə göstəricilər yenə dəyişə bilər”.

Toğrul ismayıl ile ilgili görsel sonucu

Politoloq HDP-nin ikinci turda İncəni dəstəkləyəcələri barədə bəyanatının hazırda nəticələrə təsir etmədiyini düşünür:“İlk turda bu təsirsizdir. Çünki bu turda hər kəs öz partiyasına və onun namizədinə səs verəcək. Seçkiöncəsi CHP-dən bir neçə deputatın istefa verərək, İyi Partiyaya keçməsi çox ciddi siyasi taktikadır. Çünki əvvəl 4 partiya parlamentdə təmsil olunurdusa, indi məclisdə daha çox partiya təmsil olunacaq. Çox dəyişik proseslər gedəcək. Doğu Perinçəkin Ərdoğanın namizədi olduğu deyilir, bu doğru deyil. Vətən partiyasının 2%-ə yaxın səsi sorğuda göstərilib. Bunun şişirdilmiş rəqəm olduğunu düşünürəm. İndiyə qədər bu partiya belə göstərici heç zaman göstərməyib. Lap tutaq bu faiz var, amma yenə də 100-də 42% üzərindən hərəkət etsək, bu səs faizi ikinci turun önünü kəsə bilmir. ”Cümhur” ittifaqı ilk turda qazanmaq istəyir. Bu ittifaqı digərindən fərqləndirən odur ki, onların namizədi vahiddir, nə istədikləri açıq şəkildə ortadadır. Amma müxalifətdə hər kəs Ərdoğana qarşı birləşib, lakin partiyalar öz namizədini irəli sürüblər. Bu həm avantaj, həm də dezavantajdır. Kütlə baxımından avantajdır. Lakin sonrakı dönəm üçün bu dezavantaja çevriləcək. Çünki ikinci tur olduğu zaman təkrar bazarlıqlar məsələsi ortaya çıxacaq. Biz Ərdoğana rəqib olan bütün namizədləri müxalif kimi görürük – həmçinin Doğu Perinçəki. Açığı, onun namizədliyini ilk turda geri çəkəcəyini düşünmürəm. Çünki ikinci turda bu, onun üçün bazarlıq aləti ola bilər. 2% toplayarsa, həm “Cümhur”, həm də “Millət” koalisiyası ilə bazarlığa keçə bilər. Eyni zamanda müxalifətin ikinci turda bir araya gəlməsində ciddi problemlər də yarana bilər. Bu turda “Səadət” Partiyası, eləcə də, Akşener “Cümhur” ittifaqı ilə işbirliyinə gedərmi kimi məsələlər çox açıqdır. HDP bazarlığı ortaya çıxacaq və bu partiyalar HDP-yə necə baxacaqları suallar doğurur. HDP nə istəyəcək? Onların nə istəyəcəkləri məlum deyil. Əgər istəkləri Türkiyə üzərində müəyyən təhdidlər yaradarsa, tamam fərqli məsələlər ortaya çıxacaq. Biz mütəxəssislər proqnozlar veririk. Öncədən görmə bizlik deyil. Analizlərimiz mərhələlər keçdikcə olur. Barazlıqlar açıqdır, hər zaman hər şey ola bilər”.

T.İsmayıl Türkiyədə eyni gündə olmasına baxmayaraq, prezident və parlament seçkilərinin bir-birindən fərqli olduğunu söylədi: “Prezident seçkilərində qalib gələnin hökmən parlamentdə də qalib gələcəyi kimi hal yoxdur. Qalib olsa belə, o qədər fərq edəcəyini, yəni təkbaşına parlamentdə üstünlük qazanacağını düşünmürəm. Burada əlbəttə, prezident seçkiləri çox vacibdir. Unutmaq olmaz ki, prezident seçkisində səs birbaşa namizədə verilir. Amma parlamentdə səs partiyaya verilir. Ərdoğanın şəxsi səsi hər zaman AKP-dən çox olub. Dövlət Baxçəlinin bu anda MHP-dən nə qədər səs alacağını söyləmək olduqca müəmmalıdır. Əvvəlki versiyalardan çıxış etsək, MHP parlamentdə ciddi şok yaşamışdı. Hətta HDP-nin belə altına düşmüşdü. İndi səslərinin daha çox olacağını düşünmürəm. MHP daxilində narazılıqlar daha da artıb. Bunlar ehtimallardır, ilk turdan sonra bir daha analiz edərik. Seçkilərə qalan 33 gün Türkiyə üçün çox böyük bir sürəcdir. Toplum həssasdır. Bu həssaslığı unutmamaq lazımdır. Hazırda iqtidarın dezavantajı türk lirəsi qarşısında dolların durmadan yüksəlməsidir. Bu, birbaşa vətəndaşa təsir edir. İnsanlar liderlərini nə qədər sevsələr də, ciblərinə girən pula və evlərinə gedən ərzaqlara baxırlar. Rusiya ilə məlum kirzdə söylədiyim bir fikir var, onu istənilən seçkiyə söyləmək olar. Zamanla gerçəkləşdikcə buz dolabı televizordakı propaqanda üzərində qalib gəlir, yəni buz dolabı açanda ora boş olduqca propaqanda gəlsə belə təsir etməyəcək. İndiki vəziyyətdə türk iqtidarı üçün iqtisadi məsələləri həll etmək daha çox önəmlidir. Müxalifət daha çox vəd verər, bu da xoş qarşılanar. Lakin iqtidarın vədləri həyata keçmədikcə fərqli situasiya yaranır. Yəni iqtidar vəd verəndə, müxalifətin iqtidarda olanda nə üçün bunları etmədin kimi avantajı var. İstənilən halda Ərdoğan hazırda ən güclü lider olaraq görünür. Təkbaşına səsi olduqca yüksəkdir. Amma Akşener də lider kimi açılım etdi. CHP də İncəni ortaya atmaqla çox ciddi siyasi bir addım atdı. Məhərrəm İncə gözəl namizəddir. ”Səadət” Partiyasının namizədi də çox gözəl iddiaçıdır. HDP-nin də barajı aşmaq şansları çox yüksəkdir. Bunlar bütün ssenariləri dəyişdirmək üçün ortada olan versiyalardır”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …