Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Tofiq Zülfüqarovdan Ceyhun Bayramova DƏSTƏK

Tofiq Zülfüqarovdan Ceyhun Bayramova DƏSTƏK

Azərbaycan prezidenti İlham Əliyev iyulun 16-da heç kəsin gözləmədiyi bir kadr dəyişikliyi etdi. Dövlət başçısı təhsil naziri Ceyhun Bayramovu xarici işlər naziri Elmar Məmmədyarovun yerinə təyin etdi.

Məmmədyarovun gedişi cəmiyyət tərəfindən rəğbətlə qarşılansa da, yeni nazirlə bağlı müzakirələr açılıb. Təhsildə uğur qazanan, diplomat olmayan bir şəxsin diplomatiyada da bu nailiyyətləri əldə edib-etməyəcəyi yönündə müxtəlif fikirlərə rast gəlinir.

Lakin Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdan yeni nazirə tam dəstək gəlib: “Ceyhun Bayramovun uğurlu kadr olacağına əminəm. Yeni nazirimizi təbrik edib, ona uğurlar arzulamaq lazımdır. Hesab edirəm ki, seçim də çox düzgün seçimdir. Çünki təcrübəli bir insandır. Şəxsən onunla tanış deyiləm. Amma gördüm ki, yaxşı təhsili var. Təcrübəsi də var. Kollektiv şəkildə insanlarla işləyirdi. Bu da çox vacib bir amildir. Bu baxımdan hesab edirəm ki, hər şey yaxşı olacaq. Prezidentin onun qarşısına qoyduğu vəzifələri həyata keçirəcək. Orada həm islahatlar, həm də yeni iş üslublarının tətbiqi lazımdır. Hiss olunur ki, bu şəxs iradəli insandır. Hər halda bu təsiri bağışlayır. Əminəm ki, hər şey istədiyimiz kimi olacaq”.

XİN-dən Sarkisyanın AŞPA-dakı çıxışına sərt cavab

Sabiq nazir XİN-də kadr dəyişikliklərini mütləq sayır: “XİN-dəki ”qara səhifə” artıq arxada qalıb. Diplomatiyamızı nəzərdə tuturam. Keçmiş nazirin fəaliyyətinin ən böyük qüsurlarından biri kadr siyasəti idi. Peşəkarlığa, təcrübəyə fikir vermədən dost-tanışlığa və digər məsələlərə görə təyinatlar baş verirdi. Bacarıqlı və vətənpərvər insanlar mövcud mühitdə işləyə bilmirdilər. Onların yerini dost-tanış, yaltaq insanlar tuturdu. Bunun nəticəsində cinayətlər baş verdi. Elə insanlar var idi ki, cəmiyyət tərəfindən ləkə kimi müzakirə olunurdu. Çox acınacaqlı bir vəziyyət idi. Amma artıq bu “qara səhifə” arxada qaldı. İndi XİN-in gələcəyinə ümidlə baxıram. Xidmətdə olmasam da, uzun bir dövrü diplomatik xidmətdə keçirmişəm. Xarici İşlər Nazirliyi mənə hər zaman doğma bir nazirlik təsiri bağışlayıb. İndiyə qədər bəzi məsələlərdə tənqidi fikirlərimi səsləndirmişəm. Çox sevinirəm ki, bu dəyişikliklər baş verdi. İnşallah, nazirliyimiz Azərbaycan dövlətinə və xalqına öz layiqli xidmətini göstərəcək”.

Məmmədyarov Mnatsakanyanla görüşməməlidir" - T.Zülfüqarov ...

T.Zülfüqarov hücum diplomatiyası üçün haradan başlamağın vacib olmasından danışdı: “Hücum diplomatiyasının əsas tezislərini formalaşdıran cənab prezidentdir. Öncəliklə təşəbbüskar olmaq lazımdır. İnformasiya dövründə informasiyalarla çox ciddi şəkildə işləmək lazımdır. Bu məkanda təşəbbüskar olmaq çox vacibdir. Təkcə xarici məkanda deyil, Azərbaycan daxilində də nazirliyin bəzi məsələlərə dair izahatları çox vacibdir. Burada nazirin rolu çox böyük ola bilər. Cənab prezident xüsusi olaraq qeyd etdi ki, nazirlik elə bil yoxdur. Mən heç bir vəzifədə olmadan özümə borc bilirəm ki, imkan daxilində öz şərhlərimi verim. Burada gərək hərəmiz özümüzü bir əsgər kimi hiss edib Vətənə xidmət edək. Görürsünüz ki, bizim gənclər cəbhəyə getmək üçün qeydiyyatdan keçirlər. Hər kəs öz yerini tutmalı, vətənə xidmət etməlidir. Qısa vaxtda nazirlikdəki problemlərin düzələcəyinə, XİN-in dövlət strukturları sırasında öz layiqli yerini tutacağına inanıram”.

Sabiq XİN rəhbəri sonda təhsil nazirinin belə bir önəmli posta təyinat alması ilə bağlı gedən bəzi müzakirələrə də toxundu: “Mən də ona fikir verdim. Əslinə qalsa, mən də kadr diplomatı deyiləm. Nəzərə almalıyıq ki, təhsil bir bünövrədir. İnsan ömür boyu təhsilə əlavələr edir, nəyisə öyrənir. Gördüm ki, onun təhsili iqtisadiyyat və hüquqşünaslıqdır. Bizim peşədə bu sahələr əsas tələb olunan peşələrdən biridir. Burada əsas olan iradə, psixoloji stabillik kimi amillərdir. Protokol və digər məsələləri o qədər də ciddiyə almaq lazım deyil. Bunları oturub bir həftəyə belə öyrənmək olar. Dünya təcrübəsi göstərir ki, XİN-in başçıları adətən kadr diplomatları olmurlar. Hansısa siyasi xadimlər olurlar. Burada nazir üçün peşəkar diplomat olmaq elə də vacib məsələ deyil. Dünyagörüşü geniş olan, təhsilli, insanlarla tez əlaqələr yaradan, dostluqlar qurmaq kimi xüsusiyyətləri yeni nazirdə görə bilərik. Artıq o dövlət qurumlarında yeni adam deyil. Onun barəsində deyilən bəzi fikirlərlə şərik deyiləm. Gəlin tariximizə baxaq. Kadr diplomatları çox olub? Təbii ki, yox. Amma bacarıqlı və təşəbbüslü insanların öz işlərinin öhdəsindən gəldiklərini görmüşük”. Musavat.com

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …