Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Telefon danışıqlarını kimlər dinləyə bilər?

Telefon danışıqlarını kimlər dinləyə bilər?

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə səbəblərdən biri kimi onun yüksək çinli məmurların telefon danışıqlarını dinləməsi söylənilir. Bəs telefon danışıqlarını MTN-dən başqa kimlər dinləyə bilər?

Azinforum.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, son zamanlar artıq telefon danışıqlarının dinlənilməsi Milli Təhlükəsizlik Nazirliyindən başqa Daxili İşlər Nazirliyinə və digər orqanlara da tapşırılıb: “Bu proses “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir. Qanunda səlahiyyət bölgüsü var. Qanuna görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada lisenziyalaşdırılmalıdır. Artıq qanunvericilik imkan verir ki, qanuna uyğun olaraq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi istənilən vaxt dinləmələr aparıb, informasiya əldə edə bilsinlər. Dünyada da bu proses mövcuddur. Əvvəllər bu primitiv qaydada həyata keçirilirdi. İndi qanunvericilik tələb edir ki, sistem öncədən elə qurulmalıdır ki, müvafiq qurumlar istədikləri zaman müdaxilə edib, axtarış, dinləmə həyata keçirə bilsinlər. Bu o deməkdir ki, mobil operator öz sistemini qurub, lisenziya aldığı zaman artıq onlardan bu məqam tələb olunur ki, elə sistem qurmalıdırlar, dinləmə üçün şərait olsun. Bunu artıq yuxarıda qeyd etdiyim qanunun maddələri tələb edir”.

Bəs “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun maddələrində nə yazılıb? Qanunun 10-cu maddəsinin dördüncü bəndində deyilir:

– IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:

1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; Qanunun 1-cü maddəsinin ikinci bəndində deyilir: Telefon və digər danışıqlara qulaq asılması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və mənzillərə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın