Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tarix dərsliyinin plagiat olması barədə iddialara reaksiya gəldi

Tarix dərsliyinin plagiat olması barədə iddialara reaksiya gəldi

Dərsliyin həmmüəllifi iradları rədd edir, nazirlik isə tərəfləri şəxsi maraqları kənara qoyub daha mükəmməl dərslik yaratmağa çağırır…

Növbəti dərs ili üçün artıq bir sıra dərsliklər yenidən hazırlanır. Bunlardan biri də 10-cu sinfin tarix fənnidir. Tarix fənni hələlik çap edilməyib və əlyazma şəklində www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı bir sıra tarixçilər “Şərq-Qərb” nəşriyyatının “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində səhv və “plagiat” halların olması barədə iddialar səsləndiriblər. Ancaq “Şərq-Qərb” nəşriyyatının müəllifləri həmin iddiaları səsləndirənləri dərslik müsabiqəsində uduzduqları üçün qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirlər.

Təhsil eksperti Kamran Əsədov həmmüəllifi olduğu Azərbaycan tarixi 10-cu siniflər üçün dərslik layihəsinin xeyli hissəsinin materiallarının oğurluq (plagiat) olması haqqındakı fikirləri bu sahədə adları və fəaliyyətləri olmayan adamlara məxsus olduğunu dedi: “Uzun illərdən bəri tədris olunan dərslik materiallarının mənbəyi göstərilmədiyi halda, opponentlərimiz təqdim etdiyimiz layihədə plagiat axtarır, nəinki öz həmkarları olan layihə müəlliflərini, həmçinin bu vaxtadək incimədikləri Təhsil Nazirliyini, peşəkarlıqlarına şübhə etmədikləri ekspert qruplarını etik qaydaları aşaraq 37-ci ilin dili ilə xəyanətdə və anti-azərbaycançılıqda günahlandırır, kin-küdurətlərini, hirs və qəzəblərini boğa bilmirlər. Təbii ki, əks tərəfdə duran layihə iştirakçılarına qarşı qərəzsiz mövqe sərgiləmək, obyektivliyi, ədaləti qoruyub saxlamaq çətindir. Etik cəhətdən tenderə qoşulanlar belə qiymətləndirmədən könüllü olaraq çəkinib bu işi neytral mövqeyə malik institut yoldaşlarına həvalə etməli idilər. Bir qayda olaraq, opponent təqdim olunan iş haqqında öz rəyini 3 hissəyə ayırır: 1. İşin təhlili, müsbət cəhətləri (lap bir, yarım cümlə də olsa); 2. iradlar; 3. təkliflər. Təəssüf ki, AMEA Tarix İnstitutunun rəyində nə I, nə də III hissə var. Yəni doğrudanmı layihəyə daxil edilmiş üst-üstə 350 səhifəlik materialın arasında xoş sözə layiq bir parça yoxdur? Opponentlər uzun illərdi tədrislə məşğul olan, dərsliklərin ekspertizasını həyata keçirən, müəllif komandaları ilə yaxşı tanış olan layihə müəlliflərini savadsız, düşmən adlandırırlar. Məmmədəli Hüseynovun xatirəsinə məqalələr yazanı ona qarşı sayğısızlıqda günahlandırır, ”homo sapiens sapiens” (vergülsüz, iki dəfə: ağıllı ağıllı insan) ifadəsindəki təkrarı qüsur, səhv hesab edir, qədim dövlət qurumlarımızın yaranmasında İkiçayarası (Şumer) ilə mədəni-iqtisadi əlaqələrin təsirini həqarət sayır, erkən tayfalarımızın Şumerlə mal mübadiləsi aparmasını bilə-bilə “Şumer bazarına mal aparanlar” adlı ən uğurlu hesab etdiyimiz təsvirə belə kinayə ilə “bu şəklin nə mənası var” deyirlər”.

Image result for Azərbaycan Tarixi 10-cu sinif

Ekspert onlara irad tutanların Tarix İnstitutunun nəşrlərinə göz gəzdirməsini istədi: “Hörmətli həmkarlar fikir bildirməzdən əvvəl heç olmazsa, bunu etsinlər. Bu zaman onlar rəy verdikləri və məsuliyyətsiz halda ”plagiat” adlandırdıqları layihədən danışmazdan əvvəl nümunə gətirdikləri dərsliklərin haradan köçürüldüyünün fərqinə varardılar. Rəylərdən elə təəssürat yaranır ki, Tarix İnstitutunun nəşrlərindən yalnız bu institutun əməkdaşları dərslik yazarkən bol-bol istifadə edə, istədikləri mənbəni, materialı olduğu kimi köçürə bilərlər. Başqalarının isə bu yöndə düşünməsinə belə tabu qoyulur. Etiraf edirik ki, kiçik bir qrupun bütöv bir institutun BDU-dakı həmkarları ilə birlikdə apardıqları təbliğat qarşısında müqavimət göstərməsi həqiqətən çətindir. Amma bu müzakirələr ölkəmizdə tarix dərsliklərinin yazılması yollarına, təcrübəsinə yenidən nəzər salmağın, onların nə dərəcədə etibarlı olduğunu, necə, nə şəkildə yazıldığını, materialların mənbələrini araşdırıb yeni yayım üsullarından istifadə etməklə təhsil ictimaiyyətinə çatdırmağın zəruriliyini ortaya çıxardı”.

Tarix fənninin plagiat olması ilə bağlı məsələyə Təhsil Nazirliyi də münasibət bildirib. Nazirlikdən telelqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılan dərslik layihələri hələlik əlyazma şəklindədir və çap olunmayıb: “Həmin dərslik layihələrinin ictimai müzakirəsi artıq başa çatıb və ictimaiyyət tərəfindən bildirilən bütün rəylər, irad və təkliflər həmin dərsliklərin nəşrə hazırlanması zamanı mütləq nəzərdən keçiriləcək. Eyni zamanda onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, ”Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və ya müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə lazım olan həcmdə parçalar tədris xarakterli nəşrlərdə istifadə edilə bilər”.

Nazirlikdən qeyd edilib ki, Təhsil Nazirliyi bütün tərəfləri artıq arxada qalmış dərslik müsabiqəsinin “ehtiraslarını” və şəxsi maraqları bir kənara qoyub, səyləri şagirdlərin istifadəsinə veriləcək həmin dərsliklərin daha mükəmməl olmasına yönəltməyə çağırır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın