Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Tanrı ilə üzbəüz qalanda, əzab çəkməsin…” – Amaşovdan keçmiş həmkarına cavab

“Tanrı ilə üzbəüz qalanda, əzab çəkməsin…” – Amaşovdan keçmiş həmkarına cavab

“Məni tanıyanlar yaxşı bilir ki, heç kəsin toyuğuna “kiş” deməmişəm. Kindən, küdurətdən uzağam. Barəmdə yersiz danışanlara, tənqid yağdıranlara münasibətdə norma gözləmişəm. İnanın ki, onlar sonradan üzr istəyəndə heç nə olmamış kimi gülümsəmişəm. Özüm qəsdən mövzudan uzaqlaşmışam ki, utanmasınlar. Mən beləyəm”.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbədəki səhifəsində yazıb.

Şura rəhbəri etiraf edib ki, jurnalistlər Milli Məclisin deputatı Vahid Əhmədovun “Modern.az” saytına açıqlamasında onun adının da çəkilməsinə münasibətini öyrənmək istəyərkən, cavabdan yayınıb:

“Yeri gəlmişkən, sağ olsun, həmkarlarım ağına-bozuna baxmadan haradasa diqqət çəkən yazı peyda olan kimi bir göz qırpımında, ya özlərinə məxsus saytlarda, ya da sosial şəbəkələrdə paylaşırlar, diqqətçəkən sərlövhələrlə mövzuya sanki rəng qatırlar. Nəyə görə həmkar məsələsini qabardıram. Çünki həmkarlarıma həmkar kimi yanaşmışam…

Bəzən hansısa məsələyə mülayim münasibət açıqlamışam və bilmişəm ki, bu, adekvat deyil. Ümumən tam adekvatlıqdan yayınmışam. Sadəcə ona ki, hər kəsdə daha çox müsbət nələrisə görməyə çalışmışam. Lakin elə məsələlər olur ki, həddən artıq ictimailəşir. İstər-istəməz düşünürsən və çox təəssüf ki, cavab vermək məcburiyyətində qalırsan. Nə üçün təəssüf edirəm? Ona görə ki, bəzən həm cavablar, həm də ümumən hansısa açıqlanmış fikir müəyyən münasibətlər sisteminə, bəlli dəyərlərə zərbə vurur. Adam bir yaşa çatanda əldə etdiyi dəyərlər barədə düşünür və təbii ki, onları itirmək istəmir. Axı, bu dəyərlər asan qazanılmayıb…”.

Şura sədri qeyd edib ki, Vahid Əhmədov itirmək istəmədiyi adamdır: “Onu lap çoxdan – ötən əsrin 80-ci illərindən tanıyıram. Həmin vaxt AzərTAC-da işləyirdim. O isə zavod direktoru idi. Sonrakı fəaliyyət yolundan da xəbərdaram. Milli Məclisin deputatı kimi həmkar təmaslarımız xoş münasibətə, qarşılıqlı hörmətə əsaslanıb. İndi medianın problemlərindən söz açır və məni də belə demək mümkünsə, problem piramidasında görür. Ümumən haqlıdır. Çünki media sahəsində çox işlər həyata keçirilməlidir. Bəs nəyə görə Vahid müəllimin medianın problemlərdən danışarkən mənim adımı hallandırması ilə razı deyiləm?

Dəfələrlə Milli Məclisin tribunasından mətbuatın ən müxtəlif çətinlikləri ilə bağlı fikirlərimi bildirmişəm. Aktual olan məsələləri qabartmışam. Hər bir parlament çıxışımı facebook sosial şəbəkəsindəki profilimdə paylaşmışam. Jurnalistlər də bununla bağlı materiallar hazırlayıblar. Vahid müəllim buyurub Milli Məclisin stenoqramlarını da izləyə bilər. Media müstəvisində qaldırdığım ƏDV-nin ləğvi, mətbu nəşrlərin yayımı, medianın hüquqi bazasının təkmilləşməsi, o cümlədən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, mediada reklam və sair bu kimi məsələlərlə hər kəs tanışdır. Həm Mətbuat Şurasının sədri, həm də deputat kimi bu kampaniyanı aparmışam. Kampaniyadan uduşlu tərəf ancaq media ola bilərdi. Bu istiqamətdə ən çox dəstəyi elə Vahid müəllimin özündən gözləmişəm. Hətta ummuşam. Niyə ondan gözləmişəm və ummuşam, bu barədə danışmaq istəmirəm, öz səbəblərim var. Təəssüf ki, dəstək görməmişəm. Parlament tribunasından diqqətə çatdırdığım problemlərin heç olmasa, biri həllini tapsaydı, indi müəyyən qədər fərqli mənzərə olardı…”.

Əflatun Amaşov bildirib ki, hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var:

“Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm. Qəbul etmədiyim isə haqsızlıqdır. Mən kimsəyə qarşı haqsız davranmamışam. Hər zaman cəmiyyət və media üçün məqbul, reallığa uyğun orta xəttin mütləq varlığına inanmışam. Bunun üçün çalışmışam. Bu gün də heç nə dəyişməyib. Media sahəsində islahatların aparılmasının, yeniliklərin tətbiqinin, şəffaflığın təmin olunmasının, xoşagəlməz halların araşdırılması və qanuna müvafiq surətdə qiymətləndirilməsinin tərəfdarıyam. Nə hörmətli Vahid müəllimin, nə də bir başqasının bu mövqeyimdən şübhəsi olsun”.

Əflatun Amaşov fikirlərinin yekununda yazıb: “Biz həyatımızın çox hissəsini yaşamış nəslin nümayəndələriyik. Bilmirik, nə qədər ömrümüz qalıb. Dahilərdən birinin sözüdür ki, insanın içindəki vicdan onun Tanrısıdır. Çox istərdim, hər kəs o Tanrı ilə üzbəüz qalanda, əzab çəkməsin”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …