Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tanınmış jurnalist deputatlara və mətbuata müraciət etdi – “Kömək edin həyat yoldaşımın qatilini cəzasız buraxmaq istəyirlər”

Tanınmış jurnalist deputatlara və mətbuata müraciət etdi – “Kömək edin həyat yoldaşımın qatilini cəzasız buraxmaq istəyirlər”

Axar.az saytının baş redaktoru, tanınmış jurnalist Anar Niftəliyev jurnalistlərə və millət vəkillərinə müraciət edib.

Azinforum.az həmin müraciəti təqdim edir:

“Bütün həmkarlarımın, millət vəkillərinin nəzərinə!

Elnarə Tofiqqızını (həyat yoldaşım) öldürən qatil həkim Firuz İbrahimov qətlin iki ilinin tamam olmasına çalışır. Çünki 2 il tamam olsa, ittiham olunduğu maddələrdən biri – 320.1-ci maddə ilə ona cəza verilməyəcək. Belə bir əbləh prosedur varmış. Buna görə müxtəlif vasitələrə əl atdı, Ali Məhkəməyə qədər yalançı bir iddia göndərdi. Ali Məhkəmə işi rədd edib Apelyasiya Məhkəməsinə qaytarandan sonra isə məhkəməyə gəlmir – guya xəstədir. İşlədiyi və adam öldürməklə məşğul olduğu 1 saylı klinikada (“Semaşko”) guya xəstə yatır – mədə xorası ilə. Sağlam olan bu adamı 1 SAYLI KLİNİKANIN rəhbərliyi qorumağa girişib – onu rəsmən qeydə alıblar ki, xəstəlik kağızına don geyindirsinlər. Bu gün məhkəməyə gəlməyəndə “Semaşko”ya getdim: 3-cü korpusda, 4-cü mərtəbədə yatır guya. Amma məni ora buraxmadılar!

Niyə? Çünki O, ORADA YATMIR, YALANDAN SƏNƏDLƏŞDİRİLİB!
Bu “xəstə yatmaq” sentyabrın 20-dək davam edəcək ki, Firuz İbrahimov cinayət məsuliyyətindən azad olunsun.

Şərəfsizlikdir: 2 maddə ilə (124.1 – ehtiyatsızlıqdan adam öldürmə və 320.1 – sənəd saxtalaşdırma) cinayəti sübuta yetirilən bir adama 2 il şərti cəza verən Nəsimi Rayon Məhkəməsi də şərəfsizdir, hazırda Apelyasiya Məhkəməsində cəzasız qalmasına şərait yaradan həkimlər də.

BU ÖLKƏDƏ ADAM ÖLDÜRÜB, PUL GÜCÜNƏ CƏZASIZ QALMAQ İSTƏYİR BU YARAMAZ! BU QATİLİN CƏZASIZ QALMASINA İSƏ PUL GÜCÜNƏ KÖMƏK EDİR “SEMAŞKO” RƏHBƏRLİYİ!

Hər kəsi avqustun 31-də (1-ci gün) saat 14-30-da Bakı Apelyasiya Məhkəməsində (hakim Əflatun Qasımov) keçiriləcək növbəti prosesə dəvət edirəm. Gəlin, sözünüzü deyin, bir qatilin cəzasız qalmasına imkan verməyək!

Vicdanı oyaq olan hər kəsə səslənirəm: həkimlər birləşib qatili azadlıqda saxlamaq istəyirlər, azadlıqda qalan bu qatil sabah hər birimiz üçün potensial faciə mənbəyidir. Əgər həkimlər qatilin cəzasız qalması üçün birləşibsə, biz də ALLAHın ədaləti, qanunların aliliyi, qatilin cəzalanması üçün birləşək!

Mütləq gəlin – ələ salınan qanunlara, məhkəməni məzhəkəyə çevirən həkimlərə özünüz şahid olun, sözünüzü deyin!”

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın