Ana səhifə / Siyasət / Taleh Xasməmmədovun azyaşlı qızı prezidentə təsirli məktub yazdı

Taleh Xasməmmədovun azyaşlı qızı prezidentə təsirli məktub yazdı

Bu gün hüquq müdafiəçisinə hökm oxunacağı gözlənilir; 11 yaşlı Cansu: “Cənab İlham Əliyev, bu gün atamın məhkəməsi olacaq, bacıma söz vermişəm ki, prezident bu məktubu oxuyub atamızı bizə qovuşduracaq”…

 
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun azyaşlı qızı Cansu atası üçün cənab prezidentə məktub yazıb. 
 
Cansu atasının azadlığa buraxılması üçün prezidentdən kömək istəyib və bu məktubunun musavat.comda dərc edilməsini xahiş edib.  
O yazıb:
– Salam ölkə prezidenti cənab İlham Əliyev! Biz müstəqil, demokratik ölkədə yaşadığımız üçün sizə minnətdarıq. Mənim 11 yaşım olmasına baxmayaraq dünya görüşüm genişdir. Siz körpə uşaqları heç zaman unutmursunuz. Bizlərin də sərbəst böyüməsi üçün hər cür şərait yaratdığınız üçün sizə minnətdarıq. Biz körpələrin də demokratik ölkəmizdə azad söz demək hüququmuz vardır elə bu səbəbdən də  atamın qeyri-qanuni həbs olunması haqda Sizə ətraflı məlumat vermək istəyirəm.
Cənab Prezident! Atamın adı Taleh Xasməmmədovdur, günahsiz  olmasına baxmayaraq həbsxanadadır. Artıq beş aydır ki, atamızı görmürük. Atamın yenidən evimizə gələcəyi o  günün həsrəti ilə yaşayırıq, günlərimizi sayırıq. Atam Göyçay şəhərində hüquq müdafiəçisi kimi fəaliyyət göstərirdi. Atamın bu fəaliyyəti bir çoxlarının narahatçılığına səbəb olurdu. Mən onların adlarını çəkmək istəmirəm, uşaq olsam da indidən pis işlərin nə olduğunu bilirəm və onu edənlərə nifrət edirəm. Lakin, onlar pis əməlləri ilə atamı susdurmağa nail olmaq istədilər. Atamın  günahsız olmasını isə oxuduğum məktəbdə, yaşadığım küçədə, rayonumuzda hər kəs yaxşı bilir.
Cənab Prezident! Atam xəstədir, evimizdə olanda baş ağrılarından, boğulmadan necə əziyyət çəkdiyinin şahidi olurdum. Hər gün ağrılarının sakitləşməsi üçün dərmanlardan istifadə edirdi. Ailəmizdə atamdan başqa gəlir mənbəyimiz yoxdur, atam həbs olunandan sonra dolanışığımız çox çətinləşib. Anamın da səhhətində ciddi problemlər var, ona görə də işləmək qabiliyyətinə malik deyil. Mən özüm gözlərimin zəif olmasına görə müalicə alırdım, atam həbs olunana kimi. Axırıncı dəfə atam həbs olunmamışdan on gün əvvəl həkimə getmişdim, düz beş ay bunda öncə. Həkim mənə istifadə etmək eynək yazdı, həmin eynəyi hər ay dəyişdirməli idim, amma beş aydır indi  gözlərimə ziyan olan köhnə  eynəyimi istifadə edirəm.
Cənab Prezident! Atam ilk dəfə 12 /XI/ 2011-ci ildə şərlənərək həbs olunmuş və  məhkəmənin qərarı ilə 4 il azadlıqdan məhrum edilmişdi. Amma Siz humanistlik edərək  26 /XII/ 2012- ci ildə atamın cəzasının çəkilməmiş hissəsində əfv edib azadlığına qovuşdurmuşdunuz.
Cənab Prezident, köməyə möhtac olan mənim və körpə bacımın göz yaşlarına rəhm edərək, bizi atamızdan ayırmaqlarına icazə verməyin. Sizdən çox xahiş edirəm, bizi atamıza qovuşdurasınız. Özümdən yaşca kiçik olan bacıma söz vermişəm ki, Prezidentimiz bu məqaləni oxuduqdan sonra atamızı yenidən bizə qovuşdurub, bizi sevindirəcək. Bunun üçün Sizə bacımla birlikdə minnətdarlığımı bildirirəm.
Bu gün atamın məhkəməsidir, inanırıq ki, biz sizin sayənizdə atamıza qovuşacağıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın