Ana səhifə / Siyasət / Tahir Kərimli: “Bütün yalanlara dözdüm ki, bəlkə müxalifətin şansı oldu”

Tahir Kərimli: “Bütün yalanlara dözdüm ki, bəlkə müxalifətin şansı oldu”

“Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir”

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli son günlər ölkə mətbuatının gündəmində olan simalardan birinə çevrilib. Onun Azərbaycanın Avropa Şurasından çıxarıla biləcəyi ilə bağlı iddialara münasibəti ciddi müzakirə olunur. Partiya sədri sərt qınaqlara, tənqidlərə məruz qalır. T.Kərimli ilə bu və ya digər məsələlərlə bağlı geniş söhbət etdik.

– Tahir bəy, yəqin ki, siz də şahidisiniz ki, fikirləriniz qalmaqal yaradıb. Ünvanınıza sərt ifadələr səsləndirilir, Yenə də eyni fikirdə qalırsınız? Bu arada REAL sədri İlqar Məmmədovla bağlı yeni qərar verildi…

– Əvvəla, deyim ki, Allah İlqar Məmmədov da daxil, İsmayıllı məhbuslarının qapısını açsın. İsmayıllıdan elə məhbuslar var ki, Avropanın heç xəbəri yoxdur. Onların azadlığı üçün çalışıram. Ümid edirəm ki, yeni ildə əfv verilsə, onlar da azad olunarlar. Mənim Avropa Şurası ilə bağlı dediklərimdə təhrif olunmalar var. Məsələn, mən deməmişəm ki, Avropa Şurası üzvləri əxlaqsızdır. Sevinc Osmanqızının səhifəsində, “Azadlıq” qəzetinin səhifəsində şəklimlə bu fikirlərim paylaşılıb. İnsanlar da fikirlərimlə tanış olmadan ağızlarına gələni yazırlar. Mən Avropa Şurasından çıxma məsələsini qoymamışam. Əksinə, Avropa Şurası daxil, beynəlxalq qurumlarla əməkdaşlığın tərəfdarıyam. Məsələ bu cür qoyulub ki, əgər beynəlxalq qurum qərarları icra etmədiyimizə görə bizi çıxarmaq istəsə, o zaman biz özümüz oradan çıxsaq, daha məsləhətli olar. Bir evə qonaq gedirsən, əgər səni orada sevmirlərsə, üzüsulu oradan getməyin daha yaxşıdır, nəinki səni oradan qovsunlar. Bildiyimiz qədəri ilə İlqar Məmmədovla bağlı noyabrın axırına qədər vaxt verilib. Görünür Azərbaycanın məsələsi müzakirə olunacaq. Avropa Şurasının müsbət tələbləri ilə yanaşı mənfi tələbləri də qarşımızda var. Unutmayaq ki, Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir. Biz Avropa Şurasına daxil olanda partiya sədri kimi yazılı rəy vermişəm ki, onların bəzi tələbləri ilə razı deyiləm. Bunlardan biri ermənilərə qarşı zor işlətməmək, digəri isə cinsi azlıqların hüquqlarının təmin olunması ilə bağlıdır. Qarabağla bağlı Avropa Şurası sözdən başqa heç nə etməyib. İndiyə qədər Türkiyə və Pakistandan başqa heç bir dövlət Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirməyib. Avropa Şurasının tələbi ilə ölüm hökmünü ləğv elədik. O zaman Ali Məhkəmənin keçmiş rəhbəri kimi bu məsələ ilə bağlı rəy vermişdim ki, qəsdən xüsusi amansızlıqla adam öldürmə cinayətlərində ittiham edilənlər üçün ölüm hökmünün qalmasının tərəfdarıyam. Digər tərəfdən istəyirlər ki, Azərbaycanın da gecə həyatı onlarınkı kimi olsun. Axı bu murdarlıqdır. Biz qafqazlıyıq, qürurumuz var. Belə insanlar varsa, müalicə etdirək, amma artmalarına imkan vermək olmaz. Bunlardan başqa heç nə deməmişəm.

– Müxalif kəsim sizi daha çox hədəf alıb…

– Doğrudur, bu düşərgə məni o qədər söyür, təhqir edir ki. Biri deyir ki, 1992-ci ildə parlamentdə bağıra-bağıra danışmışam, digəri vəzifəmi dondurduğumu deyir. 25 ildə etmədiyimiz elə şeyləri mənə deyiblər ki, sadəcə, susmağa çalışmışam. Müxalifət içərisində bu ittihamları udmuşam. Bütün yalanlara dözmüşəm ki, bəlkə, müxalifətin şansı oldu. Mən bir gün də vəzifəmi dondurmamışam. İşləmişəm, sonunda da istefa vermişəm. Onda da niyə əsəbi danışmışam? Qurduğumuz milli dövlət əldən gedirdi. Bəli, demişəm ki, elə etməyin ki, intihar edim. İnandırıram ki, siz də o vaxt yerimdə olsaydınız, eyni hərəkəti edərdiniz. Orada milyonların fikrini ifadə etmişəm. İnsanlar milli hökumətin getməməsi üçün ölümlərinə hazır idilər. Orada mən qalib gəldim. Çıxışımdan sonra Milli Məclis dağılıb. Bir vəzifəli şəxsi Ali Məhkəmədə göstərə bilərlərmi ki, Tahir Kərimli vəzifəsinə bərpa edib? Hətta rəqəm deyirlər ki, 58 nəfəri vəzifəsinə guya mən bərpa etmişəm. Abbas Abbasov, Müzamil Abdullayev kimi şəxsləri vəzifələrə bu hakimiyyət təyin edib, məhkəmə bərpa etməyib ki. Onlara artıq gücüm çatmır. Müxalifətdə olduğum zamanda İsa Qəmbəri dəstəklədim. Mən də istəyirdim ki, hakimiyyətdə qalaq. Amma biz başsız qaldıq, müxalifətimiz başsız atlıya bənzədi. Rəhbərimiz Bakıdan getdi, hərə də bir kəsin arxasınca getdi. Nə üçün bizim hakimiyyət yıxıldı? 22 il mən işsiz qalmışam. Amma bunun səbəbi tək bu iqtidar olmayıb.

Mənə mərhum Heydər Əliyev də iş təklif edib. Sadəcə, özüm getmədim. Bir çoxları kimi hakimiyyətimizi bərpa edəcəyimizə inanmışam. Özümüz-özümüzü işsiz qoymuşuq, ətrafımızı da. Hər şeyi qarşı tərəfə yükləmək düzgün deyil. Ümidlərimiz olub, onları da müxalifət liderləri sındırdı. AXCP iki dönəm parlamentdə oturdu. Halbuki toparlanmaq üçün şanslarımız var idi. Müsavat onları 10 il ittiham edib ki, hakimiyyətə satılmısınız. Sonra Müsavat parlamentdə 5 il oturdu, AXCP onları hədəf aldı. Nəticədə iki böyük müxalif partiya sıradan çıxdı. Nəticə göz önündədir. Yeni Azərbaycan Partiyasına alternativ ola biləcək partiya ölkədə yoxdur. Ən yaxşı halda Müsavat və AXCP bir-birilərinə alternativdir. Bu həqiqəti dərk etməliyik. Sabitliyi saxlaya biləcək partiyamız da yoxdur. İdeoloji mübarizə də yoxdur. 4 cür ideologiya var. Liberal ideologiya tərəfdarları Qərbdən mayalanır. Milli ideologiyanın tərəfdarları Türkiyə ilə əlaqələr qurur. Dini ideologiyanın təmsilçiləri İranla əlaqələrə üstünlük verirlər. Sosialist ideologiyanın tərəfdarları isə Rusiya ilə əlaqələr qururlar. Azərbaycanda hətta siyasi dairələrin gözləri belə başqa ölkələrdədir. Belə olan vəziyyətdə millətin toparlanıb milli mübarizə aparmaq imkanları yoxdur. Biz Vəhdət Partiyasını yaradanda 7 siyasi partiya bizə qoşulmuşdu, 23 siyasi şuranın üzvü, 11 isə müavinim var idi. İndiki hakimiyyət, Müsavat və AXCP partiyaları içərimizdəki bəzi insanları ələ alıb, partiyamızı parçaladılar. Biz, sadəcə, vəhdət, birlik istəyirdik. İndi hər şey əldən çıxıb. Hazırda bizim üçün ən əhəmiyyətli olanı sabitlikdir. Siz “Azadlıq” qəzeti deyildinizmi yazırdınız ki, Suriyada 5 milyon insan küçələrə çıxıb, “Ərəb baharı” Azərbaycanın sərhədlərinə yaxınlaşır.

Tahir kerimli.jpg (58 KB)

Bu baharı Azərbaycana dəvət edən sizlər deyildiniz? İndi nə üçün etmirsiniz? Niyə ancaq məni ittiham edirsiniz? Azərbaycanda da korrupsiya, mənfi hallar var. Bu halları aradan qaldıracaq təşkilat, lider, güc varmı müxalifət cəbhəsində? İndiki hakimiyyət ən azından Suriyadan ölkəmizə dağıntıların keçməsinə imkan verməyib. Mən zərurətdən sabitliyi müdafiə edirəm. Çünki demokratik qaydada hakimiyyəti əvəzləyəcək siyasi qurum yoxdur. Belə bir güc ortaya qoysunlar, bir deputat, partiya kimi öncəliklə onları mən müdafiə edəcəm. Niyə özümüzü aldatmalıyıq? İnsanlar artıq yaxşı və ya pis insanlar axtarmırlar. Amma biz 25-30 il əvvəl belə deyildik. Ən müqəddəs insana belə pis insan deyənlər olacaq. Siyasi liderlər də eyni vəziyyətə düşüblər. Bilmirsən necə olasan. Bəzən insan etdiyi yaxşı bir işi deməyə utanır. Mən bütün nəslimi, ailəmi zərbə altında qoyaraq Mixail Qorbaçova ölüm hökmü çıxardım. Təsəvvür edin ki, bu işimi necə lağa qoyurlar. Bir-iki nəfər də deyillər. Məndən ötrü İsmayıllıda evimin ətrafında tonqallar qalayıb məni qoruyur, barəmdə imza toplayırdılar. “Tahir Kərimlini öldürsələr, onunla birlikdə öləcəyik” deyən xalq var idi. O vaxt bir vəzifə sahibi tapa bilmirdilər ki, mövcud quruluşa qarşı çıxsınlar. Amma mən bu qətiyyəti göstərdim. “Panduk” erməni təşkilatının barəmdə qəbul etdiyi qərarı deməyə utanıram. Ora-bura gedəndə özümüzü qorumağa məcburuq ki, bu qərarı birdən icra edərlər. Mənim günahım nədir? Milli azadlıq hərəkatı başlayanda hər şeyim var idi, vəzifəm, maddi imkanım. Bunun hamısını millətimə qurban etdim. İndi heç nəyim yoxdur. Bu gün deputatam, amma yenə də ətrafım işsizdir. Nə etmişəm ki, mənə bu qədər nifrət edirsiniz?

“Çalışıram ki, qəlbimdə əqidəmi öldürüb, hamı kimi olum”

– Deputat olandan sonra daha çox tənqid olunursunuz…

– Görün nə deyirlər, Tahir Kərimli nə üçün deputat olub. Sorğu aparsınlar, İsmayıllı-Ağsu seçki dairəsində. Əgər 20% belə əleyhimə olsa, istefa verirəm. Bunlar düşünürlər ki, hakimiyyət Tahiri buraxmamalı idi. Neçə dəfə xalq səs verib, amma keçə bilməmişdim. Mənim saxtakarlığa ehtiyacım var idi? Nə qədər insan orada seçkiyə gəlirsə gəlsin, axı mən bilirəm ki, orada səs çoxluğum var idi. İndi də parlamentdə hər zaman xalq və dövlət mənafeyindən çıxış edirəm. Girib partiyamızın saytına baxsınlar görəcəklər. İstəmirəm ki, o çıxışlar yayılsın, çünki bu yaşımda şöhrət lazım deyil. 90-cı illərin axırında şeir yazmışdım. Belə idi:

Qəlbimdə bir qəfəs tikdim,

Əqidəmi əsir edib,

Sonra onu yenmək üçün,

Qəlbimdə bir qəbir qazdım,

Əqidəmi gömmək üçün.

O vaxtdan çalışıram ki, qəlbimdə əqidəmi öldürüb, hamı kimi olum. Hamı kimi beş manat pul qazanıb, ailəmi, uşağımı rahat saxlayım. Amma bacara bilmirəm, mən də belə insanam. Bir filmdə adicə bir şey görən kimi kövrəlirəm.

– Tahir Kərimli özünü yenə müxalifətçi sayır?

– Mən oxucularımı da, sizi də aldada bilmərəm, mərkəzçi mövqedəyəm. Sadəcə, çalışıram ki, yaxşıya yaxşı, pisə pis deyim. Bu gün də Rəsulzadənin ideyalarına sadiqəm. Hər fürsətdə xalqım, dövlətim üçün imkanım olanları edirəm. Bu gün desəm ki, mən də müxalifətçiyəm, mənə deməzlərmi ki, ölkədə sabitliyi müdafiə edirsən, sabitliyin qarantiyası İlham Əliyev olduğu halda, sən necə müxalifətəm deyirsən? Amma korrupsiyanın, haqsızlığın, sosial ədalətsizliyin düşməniyəm. Pensiyaların artırılmasını tələb etdiyim vaxt həmkarlarım belə üstümə düşmüşdü. Çalışdığımı ya edirəm, ya da gündəmə gətirirəm. Mən susaram, amma yalan danışmaram. Bəlkə də faciəm bundadır. Son tənqid olunduğum statusların birində başlığa belə cümlə çıxarıblar: “Tahir Kərimli deyir ki, mən külli miqdarda rüşvət almışam”. O vaxt Çingiz Mustafayev üz-üzə verilişini açmışdı, məni bir nömrəli kommunist Ramiz Əhmədovun evinə apardı. Orada rüşvət almağımla bağlı sual verəndə təsdiq etdim. Mənə nə üçün deməyimlə bağlı hücumlar oldu. Dedim ki, rüşvətxor sovet rejimində çalışırıqsa, necə bu rejimi təmizə çıxarım. Külli miqdarda mənə rüşvət təklif olunduğunu demişəm. Vəzifədə olanda Əhmədov var idi, Yevlaxda 6 nəfəri öldürmüşdü. Başqa cinayətləri də var idi. Bir maşının arxası dolu pul mənə təklif olundu, amma götürmədim, ölümlə hədələndim, geriyə durmadım. Sonunda həmin şəxsi Ali Məhkəmənin zalından qaçırdılar. İndiki hakimiyyət bununla bağlı tədbir gördü, amma bizim hakimiyyət yox. O məhbusla bağlı kriminal aləm pul yığır, təhdidlər yağdırırdı. Hətta o vaxt hakimiyyətdə yüksək post tutan bir şəxs mənə başımı ağrıtmamağı, həmin şəxsi azadlığa buraxmağımı xahiş etdi. Lakin etmədim. 62 yaşa yaxınlaşmışam, artıq ən ağır sözlərə belə öyrəşmişəm. İttihamlar qarşısında da susmuşam, deyirlər ki, Tahir Kərimli o vaxt deyib ki, maşınımın nömrəsi  002 olsun. Vallah ayıbdır. Ədalət Tahirzadə adlı birisi də bunu kitaba salıb. Prezident olan şəxsə, Elçibəyə görün bunlar sual verirlər ki, niyə o vaxt qoyurdun ki, Tahir Kərimli 002 almaq istəsin. Ədalət Tahirzadə ilə münasibətim yoxdur, amma haqqımda o qədər həqarətlər yazıb. Ona cavab verməmişəm, qoy xalq onun yalanlarına inansın. Həyat budur, görünür taleyimiz belədir, böhtan atıla-atıla yaşayırıq.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …