Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Zaman keçdikcə Paşinyanın apardığı siyasətin populizmə söykəndiyi ortaya çıxdı”

Təbriz Musayev: “Zaman keçdikcə Paşinyanın apardığı siyasətin populizmə söykəndiyi ortaya çıxdı”

Erməni millət vəkili Hayk Sarkisyanın “Baş nazirin oğlu Aşot Paşinyan 44 günlük müharibədə ən şiddətli döyüşlərdə iştirak etdi” ifadəsi ifşa edilsə də, Nikol Paşinyanın arvadının paylaşımı erməni müxalifətini ayağa qaldırıb və sərt şəkildə tənqid edilib.

Məsələ ondadır ki, müxalifətin Paşinyanı hədəf almasına səbəb Anna Akopyanın sosial şəbəkədə hər şeyi ortaya qoyan paylaşımı olub. Rusiyanın “lenta.ru” saytı Nikol Paşinyanın oğlunun oktyabrın 1-də Qarabağa döyüşə getdiyi barədə məlumat yayıb. Paşinyanın arvadı Anna da “Sputnik Ermənistan”a verdiyi açıqlamada “Oğluma dedim ki, formanı geyin və get. Mən səni çox sevirəm, amma vətən üçün ölməkdən daha şərəfli bir şey yoxdur” – deyib və beləliklə Paşinyan ailəsi Ermənistan ictimaiyyətinin “rəğbətini” qazanıb.

Ancaq bu açıqlamadan 6 gün sonra Anna Akopyan Feysbuk səhifəsində bir ailə fotosu paylaşıb və fotonun 5 oktyabrda çəkildiyini bildirib. Ancaq həmin tarixdə müharibədə olduğu iddia edilən Aşot Paşinyanın anası ilə birgə selfi çəkdiyi ortaya çıxıb. Bu isə Paşinyan ailəsinin müharibə zamanı qazandığı “rəğbətə” zidd olaraq böyük bir əks-reaksiya ilə üzləşməsinə səbəb olub.

Görünən odur ki, Aşot Paşinyanın döyüşlərdə iştirak etməsi barədə yayılan yalan məlumat elə onun öz ailə üzvləri tərəfindən bilmədən ifşa olunub.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, sözügedən məsələdə Paşinyanın “selfi siyasəti” onun öz əleyhinə işlədi: “Məlum olduğu kimi, Nikol Paşinyan 2018-ci ildə “məxməri inqilab” nəticəsində baş nazir olandan sonra hər addım başı selfi çəkib bunu sosial şəbəkələrdə paylaşırdı. Bu minvalla erməni cəmiyyətində özü barədə yenilikçi, islahatçı obrazı yaradırdı. Müharibə baş verməzdən əvvəl oğlunu qanunsuz olaraq Qarabağa hərbi xidmətə göndərdi. Həmin müddət ərzində sosial şəbəkə üzərindən bunu mütəmadi olaraq reklam etməyə başladı. Bunun sayəsində Paşinyan özünə siyasi xal toplayırdı. İlk dövrlərdə o buna bu və ya digər dərəcədə nail ola bildi. Ancaq zaman keçdikcə Paşinyanın apardığı siyasətin populizmə söykəndiyi ortaya çıxdı. Paşinyan özü hərbi xidmətdə olmayıb və o baxımdan müharibənin nə olduğunu praktiki baxımdan anlamırdı. O elə bilirdi ki, danışıqlarda maksimalist mövqe sərgiləməklə Azərbaycanı Qarabağla bağlı status-kvo ilə barışmağa məcbur edə biləcək. Digər tərəfdən, 2016-cı ildə baş verən Aprel döyüşlərinin 4 gün çəkməsi onda əminlik yaratmışdı. O mənada ki, onda bu dəfə də Rusiyanın döyüşlərin uzun çəkməsinə imkan verməyəcəyi təəssüratı var idi. Hesab edirdi ki, beynəlxalq təzyiq sayəsində Azərbaycan geri addım atacaq. Ancaq onun gözləntilərinin puç olması bu dəfə proseslərin tamamilə fərqli istiqamətdə getdiyini ortaya qoydu. Buna rəğmən, Paşinyan bir müddət ictimaiyyəti aldada bildi. Belə ki, oğlu Aşot Paşinyanın da müharibədə iştirak etməsi görüntüsü yaratdı. Ancaq çox keçmədi ki, bunun yalan olduğu və siyasi xal qazanmağa hesablandığı ortaya çıxdı. Fikrimcə, Nikol Paşinyanın oğlu ilə bağlı qalmaqalın yeni təfərrüatlarının üzə çıxması mütləq onun əleyhinə işləyəcək. Ermənistanın Qarabağda ciddi itkilər verdiyinin hələ də müzakirə olunması bu qənaətə gəlməyə əsas verir”.

İAT sədri hesab edir ki, bu cür ucuz vasitələrlə siyasi xal qazanmaq mümkün deyil. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …