Ana səhifə / Siyasət / Təbriz Musayev: “Sülhməramlıların mandatının müəyyənləşməsi nəyisə dəyişmir”

Təbriz Musayev: “Sülhməramlıların mandatının müəyyənləşməsi nəyisə dəyişmir”

Qarabağda baş verən toqquşmalara münasibət bildirən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Rusiya sülhməramlıların mandatı ilə bağlı ikitərəfli razılaşma olmadığına görə onlar öz vəzifələrini yerinə yetirə bilmir. Nikol iddia edir ki, ya Rusiya ilə Ermənistan arasında ikitərəfli imza, ya da beynəlxalq mandat olmalıdır.

Daha sonra Paşinyan qeyd edib ki, bunun üçün Ermənistan Rusiya ilə sülhməramlıların mandatına dair ikitərəfli sənəd imzalayıb, amma Azərbaycan bu sənədə imza atmayıb. Qeyd edib ki, Rusiyanın bu sənədi Ermənistanla ikitərəfli qaydada imzalaması onun tam miqyasda fəaliyyət göstərməsi üçün yetərlidir. Paşinyan həm də deyib ki, İrəvan və Moskva arasında imzalanmış mandat sənədini icra etmək mümkün olmasa, ya mandatı beynəlxalq miqyasda təsdiqlətmək lazımdır, ya da ki, sülhməramlılara daha geniş beynəlxalq mandat verilməlidir.

Maraqlıdır, sülhməramlıların öz vəzifəsini yerinə yetirə bilməməsi doğrudanmı mandatın olmaması ilə bağlıdır? Mandatın müəyyənləşməsi və yaxud da təstiqlənməsi nəyi dəyişə bilər?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu, Paşinyanın növbəti sərsəm fikirləridir: “Zatən o, birinci dəfə deyil bu kimi fikirlər səsləndirir. Bir sıra hallarda heç özü nə danışdığını bilmir. Qarabağ beynəxalq hüquqa görə Azərbaycana məxsusdur. Yenə də beynəlxalq hüquqa görə, Azərbaycanın icazəsi olmadan ikitərəfli qaydada imzalanmış sənəd tətbiq oluna bilməz. Bəli, Qarabağda etnik ermənilər yaşayır və onların təhlükəsizliyi təmin edilməlidir. Ancaq bu o demək deyil ki, hansısa 3-cü ölkə ilə Azərbaycan əhalisinin təhlükəsizliyi ilə bağlı sülhməramlılarla mandat razılaşması imzalanmalıdır. Bu o demək deyil ki, sülhməramlılara xüsusi mandat verilməlidir. Bu, tamamilə cəfəng fikirlərdir. Çünki Azərbaycan öz imkanları hesabına Qarabağdakı etnik ermənilərin təhlükəsizliyini təmin etməyə qadirdir. Yetər ki, ermənilər Azərbaycan qanunlarını qəbul etsinlər. Sülhməramlıların mandatının təstiqlənməsi və yaxud da müəyyənləşməsi nəyisə dəyişmir. Əsas olan odur ki, sülhməramlılar öz missiyasını ləyaqətlə yerinə yetirsin. Rusiya sülhməramlılarının isə belə bir istəyi yoxdur. Nəinki Qarabağda, dünyanın digər yerlərində də Rusiya sülhməramlılarından razı olan yoxdur. Ən nəhayət, onsuz da 2025-ci ilin noyabrında rus sülhməramlılarının mandatı bitir. O zaman bununla bağlı xüsusi sazişə nə ehtiyac var? Kim zəmanət verə bilər ki, Azərbaycan Rusiya sülhməramlılarının mandatını təsdiqləyəndən sonra bu müsbət mənada nəyisə dəyişəcək? O üzdən, Paşinyanın bununla bağlı fikirləri əsassızdır. Ermənistan sülhdə, sabitlikdə maraqlı olsaydı bu vaxta qədər silahlı birləşmələrini Qarabağdan çıxarardı”.

O üzdən, İAT sədri hesab edir ki, Azərbaycan daha sərt mövqe sərgiləməlidir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …