Ana səhifə / Siyasət / Təbriz Musayev: “Separatizm hesabına Rusiya öz imperiya ambisiyalarını reallaşdırmaq istəyir”

Təbriz Musayev: “Separatizm hesabına Rusiya öz imperiya ambisiyalarını reallaşdırmaq istəyir”

Aprelin 28-də Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətində olan ərazidə separatçı rejimin qondarma “xarici işlər naziri” David Babayan qondarma Dnestryanı “Moldova respublikası”nın (“DMR”) qanunsuz “xarici işlər naziri” Vitali İqnatiyevlə video-rabitə rejimində danışıqlar aparıb.

 Babayan bir gün əvvəl “DMR”-nin bir sıra “dövlət” strukturlarına qarşı törədilmiş “terror aktları”nı pisləyib və “Artsax” “hakimiyyəti” və “xalqı” adından  Dnestryanı “xalqı” ilə həmrəyliyini bildirib. Danışıqlar zamanı regional və qlobal geosiyasi proseslərlə bağlı məsələlər, eləcə də iki “ölkə”nin “xarici işlər nazirlikləri” arasında əlaqələr müzakirə edilib.

Qeyd edək ki, aprelin 27-də Dnestryanıdakı rus qoşunlarının partlayış və mərmilərlə bağlı insidentlərdən sonra döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilmişdi. Rəsmi Kiyev hesab edir ki, Moskva bu cür təxribatlarla həmin regiondan Ukraynaya qarşı müharibədə istifadə etmək istəyir.

Babayanın zəngi növbəti dəfə sübut edir ki, Qarabağda qondarma “respublika” özünü dövlət kimi aparmaqda davam edir. Rusiya nə vaxta qədər buna dözəcək və dözümlü yanaşacaq?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Rusiyada mövcud avtoritar rejim dəyişilənə qədər belə yanaşma davam edəcək: “Çünki postsovet məkanında bütün separatçı rejimlərin yaradıcısı Rusiyadır. Bunu bilməyən yoxdur. Rusiya müxtəlif formada separatçı qurumları himayə etməklə həm keçmiş ittifaq ölkələrini təzyiq altında saxlayır, həm də bəzi ölkələrin ərazilərini ilhaq edir. Donbasda separatçıları dəstəkləməklə 2014-cü ildə Ukrayna ərazilərini ilhaq etdi. Bu ilin 24 fevralından isə Ukraynaya qarşı genişmiqyası işğalçılıq müharibəsi həyata keçirir. Kremlin istəyi olmasaydı, nə Moldovada, nə Qarabağda, nə də digər postsovet ölkələrində separatçılar boy göstərə bilərdi. Separatizm hesabına Rusiya öz imperiya ambisiyalarını reallaşdırmaq istəyir. Qarabağ və digər separatçıları Moskvada qəbul edirlər. Bu və ya digər formada himayə edirlər. Hələ Birinci Qarabağ müharibəsində erməni separatçıları İrəvanla yox, məhz Kremllə hesablaşırdılar. Kremldən gələn tapşırıqlara uyğun fəaliyyət göstərirdilər. Həmin Rusiya Qarabağ separatçılarını 1998-ci ildə Ermənistanda hakimiyyətə gətirdi. Ona görə də nə qədər ki, Rusiya imperiya siyasətindən əl çəkməyib, separatçıların öz aralarında təmaslarını təmin edəcək”.

İAT sədri onu da əlavə etdi ki, Rusiya Ukrayna müharibəsində məğlub olarsa, bu bütün separatçıların sonu ola bilər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …