Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Rusiya Qarabağda separatçıların mövqelərinin yenidən güclənməsində maraqlıdır”

Təbriz Musayev: “Rusiya Qarabağda separatçıların mövqelərinin yenidən güclənməsində maraqlıdır”

Ermənistanın Turizm Nazirliyinin yaydığı məlumata görə, 1 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilə qədər 4391 nəfər xarici vətəndaş Xankəndinə gəlib. Bu, faktiki gündə ən azı 20 nəfər deməkdir. Bundan başqa, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 89,5 faiz az olsa da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,6 faiz artıb.

Bütün bunlar o deməkdir ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz olaraq girib-çıxır. Bu da birbaşa olaraq sülhməramlıların 10 noyabr bəyanatındakı razılaşmanı pozması, üçüncü dövlət vətəndaşlarının Qarabağa gəlişinə icazə verməsi ilə əlaqədar olan məsələdir. Nəzərə almaq lazımdır ki, 2019-2020-ci illərdə Qarabağda sülhməramlı yox idi. Ərazilərə erməni işğalçıları nəzarət etdikləri üçün bu qədər xarici vətəndaş rahat gələ bilirdi. Məlum olduğu kimi, 2020-ci ilin noyabrında vəziyyət dəyişdi. Rusiya sülhməramlıları Qarabağda fəaliyyət göstərməyə başladı. 2021-ci ildə isə orada sülhməramlı ola-ola 4391 xarici vətəndaş gəlir. Görünən odur ki, sülhməramlıların nəzarəti ilə, ermənilərin əvvəlki nəzarəti arasında faktiki olaraq fərq aradan qalxır. Bütün bunlar isə çox ciddi narahatçılıq doğurur.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, təkcə ötən il 4 min nəfərdən çox xarici vətəndaşın qanunsuz olaraq Qarabağa gəlməsinə şərait yaradılması cinayətdir: “Bunun da məsuliyyəti ermənilər qədər oradakı Rusiya sülhməramlılarının üzərinə düşür. Xarici vətəndaşın Qarabağda nə iti azıb? Xarici vətəndaş Qarabağa getmək istəyirsə, o zaman Azərbaycan dövlətindən icazə almalıdır. Qarabağdakı ermənilərin Laçın dəhlizi vasitəsilə Ermənistana gedib-gəlməsini anladıq. Bəs xarici vətəndaşların sərbəst şəkildə Azərbaycanın qanunlarını pozaraq Qarabağa getməsi nə deməkdir? Bu o deməkdir ki, Rusiya Qarabağda erməni separatçılarının mövqelərinin yenidən güclənməsində maraqlıdır. Moskva istəmir ki, oradakı erməni separatizminə birdəfəlik son qoyulsun. Belə olmasaydı etnik ermənilərin Qarabağı tərk etməsinə min cür maneə yaratmazdılar. Reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasında nəzərdə tutulan bəndlərə tam əməl etmir. Zatən 30 il əvvəl ermənilərin kimin himayəsi ilə ərazilərimizi işğal etməsi hər kəsə bəllidir. Ötən il yaşananlar da məzmun baxımından bu siyasətin tərkib hissəsidir. Azərbaycan tərəfi dəfələrlə bununla bağlı Rusiyaya öz iradını bildirib. Prezident İlham Əliyev bu günlərdə yerli telekanallara müsahibəsində sözügedən məsələyə xüsusi olaraq toxundu. Anlayıram ki, elə məsələlər var bizdən asılı deyil. Ancaq xarici vətəndaşların Qarabağa qanunsuz səfərləri ötən ildəki kimi davam edərsə, daha sərt nəzarət tədbirləri görülməlidir. Azərbaycan Laçın dəhlizini nəzarətə götürməlidir. Madam ki, sülhməramlılar bunu etmək istəmir, o zaman nəzarət tədbirləri ilə bağlı təşəbbüsü bizim ölkənin müvafiq qurumları öz üzərinə götürməlidir”.

Bir sözlə İAT sədri hesab edir ki, sözügedən məsələ daim diqqət mərkəzində saxlanılmalıdır.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …