Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “İordaniyanın bu addımı müsəlman həmrəyliyinə arxadan vurulan zərbədir”

Təbriz Musayev: “İordaniyanın bu addımı müsəlman həmrəyliyinə arxadan vurulan zərbədir”

Azərbaycan 44 günlük müharibəni zəfərlə başa çatdırdı. Ermənistan ordusu məğlub oldu. İşğal olunmuş ərazilərin böyük hissəsi azad edildi.

Bu arada məlum olub ki, Ermənistan 44 günlük müharibədə müsəlman ölkəsi olan İordaniyadan aldığı silahlardan da istifadə edib. O cümlədən, İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərindən bu və ya digər formada istifadə edilib. Baxmayaraq ki, onların bir qismi yararsız çıxıb. Ancaq, istənilən halda, müsəlman ölkəsi olan İordaniyanın Ermənistanla münasibət qurması azmış kimi, bu ölkəyə silah satması heç bir məntiqə uyğun deyil. Hansı ki, bu ilin yayında İordaniya Ermənistana silah satmasını rəsmən təkzib edib. Ancaq məlum olur ki, İordaniya həqiqətən də Ermənistana silah satıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu, ən azından, İordaniyanın da təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının Qarabağla bağlı qərarlarına ziddir. Məsələ ondadır ki, İƏT Dağlıq Qarabağ problemilə bağlı “Ermənistanın Azərbaycana təcavüzü” adlı qətnamə qəbul edib. İƏT Xarici İşlər nazirlərinin Cakartada keçirilmiş 24-cü sessiyasında qəbul olunan qətnamədə bütün dövlətlər Ermənistana silah-sursat və hərbi avadanlıq tədarükündən imtinaya səslənib. Sənəddə qeyd olunur ki, əks təqdirdə bu, təcavüzkarı münaqişəni alovlandırmağa, Azərbaycan torpaqlarının işğalını davam etdirməyə həvəsləndirə bilər. Həmçinin, qətnamədə bu avadanlıqların İƏT-ə üzv dövlətlərin ərazisindən istifadə edilməklə tranzitinə icazə verilməməsinə də çağırış var. Qurum üzv dövlətlərlə yanaşı, bütünlükdə dünya birliyini Ermənistanın təcavüzünə, işğalına son qoyulması üçün fəal siyasi və iqtisadi addımlar atmağa dəvət olunub.

  • “İordaniyanın Ermənistan sevgisini anlamaq olmur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, İordaniyanın bu addımı xəyanətdir: “Buna başqa ad verməkdə çətinlik çəkirəm. Bir sıra çağırışlara rəğmən, İordaniya Krallığı həmişə Ermənistanla münasibətlərə xüsusi önəm verib. Halbuki, İordaniya rəsmiləri Ermənistanın Azərbaycana etdiyi təcavüzdən yetərincə məlumatlı idilər. Buna baxmayaraq, İordaniya İslam həmrəyliyinə zidd olaraq, Ermənistanla əlaqələrin genişləndirilməsi siyasətini yeritdi.

2019-cu ilin aprelində Kral II Abdullahın dəvətilə Ermənistan Prezidenti Armen Sarkisyan İordaniyaya səfər etdi. 2020-ci ilin fevralında İordaniya Kralı II Abdullah Ermənistanda 2 günlük səfərdə oldu. A.Sarkisyan bu günlərdə növbəti dəfə İordaniyaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. İordaniyanın Ermənistan sevgisini anlamaq olmur. Əslində, bu, müsəlman həmrəyliyinə arxadan vurulan zərbədir. İordaniya rəsmiləri məgər bilmirlər ki, işğalçı Ermənistan İslam irsini özündə əks etdirən abidələrə necə divan tutub? Çox yaxşı bilirlər. Sadəcə, nümayişkaranə şəkildə bütün bunları görməzdən gəlirlər. İordaniyanın Ermənistana silah satmasına heç cür haqq qazandırmaq olmaz. Hesab edirəm ki, buna Azərbaycan tərəfi öz etirazını bildirməlidir”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, bütün bunlara görə lazım gələrsə, Azərbaycanın İordaniya ilə əlaqələrinə yenidən baxılmalıdır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …