Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını qarşısına dəqiq vəzifə qoyub və artıq bu əməliyyatı ardıcıl surətdə həyata keçirir”.

Bunu 1988-ci ildən bəri ən radikal mövqedən çıxış edən, Azərbaycan tərəfini 1992-ci ildə Daşaltı əməliyyatında hələk olan əsgərlərinə sahib çıxmamaqda ittiham edən tanınmış erməni hüquq müdafiəçisi, “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru Larisa Allaverdiyan deyib.

Onun fikrincə, prodeslər Azərbaycanın xeyrinə dəyişdi: “Ermənistanın demək olar ki, bütün bölgələrində azərbaycanlılar yaşayırdı. İrəvanın mövcud geosiyasi vəziyyətin Bakının xeyrinə dəyişdiyi reallığı ilə barışmaqdan başqa yolu yoxdur”.

Bununla belə L.Allaverdiyan onu da qeyd edib ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa çıxış yolları yoxdur: “Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimləri yoxdu”.

Maraqlıdır, L.Allaverdiyan evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılması ilə bağlı Azərbaycan Prezidentinin qarşısına dəqiq məqsəd qoyduğunu deyərkən nələri nəzərdə tuta bilər? Azərbaycan tərəfindən atılan hansı addımlar Ermənistanda belə təsəvvürlər yaradır?

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bir sıra amillər erməni tərəfində belə təsəvvür formalaşdırır: “Başlıca amil onunla bağlıdır ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistandan deportasiya edilən soydaşlarımızın öz yurdlarına qayıdacağını qeyd edib. Prezidentimiz nə dediyimi çox yaxşı bilir və ermənilər də bunun fərqindədir. Məsələ ondadır ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Qarabağın işğaldan azad ediləcəyini deyirdi. Vəzifəsini icra etməyə başlayandan sonra bütün fəaliyyətini buna yönəltdi. Həm siyasi-diplomatik, həm də hərbi müstəvidə bu istiqamətdə ciddi səy göstərdi. Nəticə ortadadır. 2020-ci ildə başlayan Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edilldi. Halbuki, ermənilər bunu təsəvvürlərinə belə gətirmirdilər. Hesab edirdilər ki, Azərbaycan bir də əraziləri geri qaytara bilməyəcək. Bu səbəbdən ermənilər əmindilər  ki, Qarabağı işğaldan azad etməyə nail olan Prezident İlham Əliyev azərbaycanlıların Ermənistana qayıdışını da təmin edəcək. Ermənilərdə bu əminliyi yaradan digər faktor geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsidir. Çünki Zəngəzur dəhlizinin həyata keçirilməsi qaçılmaz reallığa çevrilib. İran nə qədər buna qarşı olsa da prosesi dayandıra bilməz. Çünki Qərblə yaşanan qarşıdurma üzündən Rusiya bunda maraqlıdır. Niyə? Ona görə ki, Avropa üzərindən dünyaya çıxış Rusiya üçün bağlıdır. O üzdən, Rusiya Zəngəzur dəhlizi sayəsində Yaxın Şərqə, Aralıq dənizinə çıxış əldə edəcək. Bütün bunlar isə geosiyasi dəyişikliklər fonunda Azərbaycana yeni-yeni avantajlar vəd edir. Ən nəhayət, erməni tərəfi görür ki, Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımız öz yurdlarına geri dönməkdə qərarlıdılar. Bu yöndə təşkilatlanmada yeni mərhələ başlayıb. Bu isə o demədir ki, Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”.

Bu baxımdan İAT sədri hesab edir ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …