Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Co Bayden sapına qədər ermənipərəstdir”

Təbriz Musayev: “Co Bayden sapına qədər ermənipərəstdir”

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi qondarma “erməni soyqırımı” haqqında danışarkən İrəvanın maraqlarına zidd fikirlər səsləndirib. Belə ki, o, erməni mediasına açıqlamasında deyib ki, Baydenin “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərin hüquqi əsası yoxdur: “Soyqırım cinayətləri konvensiyası 1951-ci ildə qəbul edilib. Bu hadisə isə 1915-ci ildə baş verib. Bu o deməkdir ki, konvensiyanın hüquqi baxımdan geriyə qüvvəsi yoxdur”.

ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, səfir qeyd edib ki, Ankara NATO-da Birləşmiş Ştatların vacib müttəfiqidir.

Bununla belə, Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin “soyqırım” ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyəti yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb.

Məlum məsələdir ki, o ifadənin hüquqi yükü yoxdur. Ancaq söhbət burada ABŞ prezidentinin ermənipərəst və tarixdə olmayan faktdan bugünkü Türkiyəyə təzyiq məqsədilə istifadə etməyindən gedir. Yoxsa, bunun hüquqi məzmununun olub-olmamasının məsələyə heç bir dəxli yoxdur. Bütün bunlara baxmayaraq, “soyqırım” ifadəsinin hüquqi məzmununun olub-olmaması ilə bağlı verilən izahlar ABŞ prezidentinin ermənipərəst mövqeyində dəyişiklik əmələ gətirir, yoxsa gətirmir? Baydenin ermənipərəst mahiyyətini ortadan qaldırır, yoxsa qaldırmır?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Birləşmiş Ştatların müvafiq qurumlarının qondarma “soyqırım”la bağlı izahatları Baydenin ermənipərəst mövqeyini əsla dəyişmir: “Qətiyyən sözügedən məsələdə hansısa sadəlövh fikirlərə qapılmaq olmaz. Kim nə deyirsə desin, hansı izahat verilirsə-verilsin, bunun o məsələyə dəxli yoxdur. Düzdür, Birləşmiş Ştatlar böyük dövlət olduğuna görə öz dövlət maraqları var. Dövlət maraqları hər məsələdən öndə gəlir. Dövlət maraqları olmasaydı, o zaman bədnam “907-ci düzəliş” 2002-ci ildən bəri dondurulmazdı. Yəni ABŞ-ın dövlət maraqları bu addımın atılmasına birbaşa öz təsirini göstərdi. Bütün bunlara rəğmən, C.Bayden sapına qədər ermənipərəstdir. Ermənipərəstlik Baydenin siyasi karyerasında belə vacib rol oynayıb. Onun bu ifadəni işlətməsi əsla təsadüfi deyil. O, əzəldən ermənilərlə yaxın olub. “907-ci düzəliş”in müəllifi olub. Bir məqam nədənsə çoxlarının diqqətindən qaçır. Məsələ ondadır ki, 2009-cu ildə Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair bədnam Sürix protokolları imzalananda Bayden ABŞ-ın vitse-prezidenti idi. Məhz o, Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılmasına səy göstərirdi. O zaman Türkiyə hakimiyyətində kök atan FETÖ uzantıları bu məsələdə xüsusi fəallıq göstərirdilər. Yaxşı ki, o zaman sərhədlərin açılması reallaşmadı. Bax, bu kimi incə məqamlar var və biz bütün bunların fərqində olmalıyıq. Düzdür, Baydenin “soyqırım” kəlməsinin hüquq gücü yoxdur, amma siyasi nöqteyi-nəzərdən bu, Türkiyə üçün zərərlidir. Türkiyəyə qarşı bu amildən istifadə edib siyasi təzyiq göstərəcəklər”.

İAT sədri onu da qeyd etdi ki, bu kimi məsələlərdə əsla arxayınlaşmaq olmaz. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …