Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu onu göstərir ki, Ermənistan ancaq güclə hesablaşır”

Təbriz Musayev: “Bu onu göstərir ki, Ermənistan ancaq güclə hesablaşır”

Ermənistanda çox maraqlı situasiya yaranıb. Ölkədə əvvəl yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasının təmsilçiləri “Arsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” deməkdən imtina edirdisə, indi artıq digər partiya təmsilçiləri də bunu deməkdən imtina edir.

Məsələ ondadır ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan qeyri-qanuni olaraq Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına gəlib. Ona separatçı jurnalistlər suallar veriblər. Ondan Qarabağın Azərbaycanın bir hissəsi olmadığını deməsini istəsələr də, bu baş tutmayıb. Marukyan “Arsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” deməkdən imtina edib. Onun bu addımı erməniləri hiddətləndirib və Marukyanı “satqın” adlandırıblar.

Yeri gəlmişkən onu da qeyd edək ki, bundan əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Ermənistan parlamentinin sədri Alen Simonyan, fövqəladə hallar naziri Armen Pambuxçyan “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” cümləsini tələffüz etməkdən imtina edib. İndi elə bir vəziyyət yaranır ki, bəzi partiyalar da sözügedən məsələdə Paşinyanın komandası ilə eyni mövqedən çıxış edirlər.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında, prinsipcə, Ermənistanda bəzi partiyaların belə mövqe sərgiləməsinə müsbət yanaşdı: “Bu onu göstərir ki, Ermənistan ancaq güclə hesablaşır. Çünki 44 günlük şanlı Vətən müharibəsi, ordumuzun müzəffər qələbəsi olmasaydı Ermənistan bu reallıqla barışmazdı. Bu həmin Paşinyandır ki, 2019-cu ulin ortalarında həyasızcasına “Qarabağ Ermənistandır” dedi. O zaman nəinki Paşinyan, əksər ermənilər bu düşüncə ilə yaşayırdılar. Çünki Birinci Qarabağ müharibəsində Azərbaycan məğlub tərəf idi. Torpaqlarımızın uzun illər işğal altında qalması ermənilərdə böyük əminlik yaratmışdı ki, ərazilər bir də Azərbaycanın nəzarətinə keçməyəcək. Ancaq 44 günlük müharibə və onun yaratdığı realllıqlar bütün bu stereotipləri darmadağın etdi. O üzdən, Ermənistanda bəzi partiyaların bunu qəbul etməsi müsbət tendensiyadır. Ancaq biz unutmamalıyıq ki, məkrli bir toplumla qonşuluqda yaşayırıq. Ermənistan müharibədə məğlub olsa da, revanşist duyğularla yaşayan, fürsət gözləyən ermənilər az deyil. Ermənistanda mötədil mövqedən çıxış edən siyasilərin sayı çox deyil. O üzdən, bu kimi müsbət mesajlara aldanmaq olmaz. Əsas odur ki, Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanısın və Qarabağa yönəlik iddialardan əl çəksin. Yalnız o vaxt o cür fikirlərin səmimiliyinə inanmaq olar”.

Bir sözlə, İAT sədri hesab edir ki, ermənilərə arxayın olmaq olmaz.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …