Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Birləşmiş Ştatlar Orta Asiyanı Kremlin təsir dairəsindən çıxarmaq istəyir”

Təbriz Musayev: “Birləşmiş Ştatlar Orta Asiyanı Kremlin təsir dairəsindən çıxarmaq istəyir”

Tacikistan və Rusiya arasında münasibətlərə hər hansı təhdid yoxdur. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin “Regional əməkdaşlıq – 2022” təlimləri ilə bağlı narahatlığına cavab olaraq, Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzado bəyan edib. Təlimlər ABŞ mərkəzi komandanlığı tərəfindən bu respublikanın ərazisində təşkil olunub.

Bu barədə “Fərqanə” informasiya agentliyi məlumat yayıb.

Daha sonra Tacikistan rəsmisi bunları deyib: “Cənab Patruşevə demək istəyirəm ki, Rusiya Federasiyası ilə bizim strateji əməkdaşlıq münasibətlərimiz var. Və bu əməkdaşlıq dəyişməz qalır. Tacikistanla Rusiya arasında strateji əməkdaşlığa heç bir təhdid yoxdur”.

Beləliklə o, rusiyalı həmkarı tərəfindən Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞOS) təhlükəsizlik Şurası katiblərinin görüşündə səsləndirilən bəyanata cavab verib. Özbəkistanın paytaxtı Daşkənddəki sammitdə çıxış edən Nikolay Patruşev Mərkəzi Asiya respublikalarının orduları ilə ABŞ ordusunun birgə tədimlərindən narahatlığını bildirib. Onun sözlərinə görə, belə tədbirlər “amerikalılara ilk növbədə hərbi fəaliyyət teatrında potensialı öyrənmək, perspektiv hədəflərin koordinatlarını dəqiqləşdirmək və yüksək dəqiqlikli silahlar üçün rəqəmsal kartların korrektə edilməsi üçün lazımdır”.

Bundan başqa, Patruşev qeyd edib ki, Vaşinqton Əfqanıstanla qonşu ölkələrlə orada guya antiterror əməliyyatları üçün müvəqqəti infrastrukturun yaradılması cəhdlərindən əl çəkmir: “Moskva da məhz bu təlimlərə həmin bucaq altında baxır”.

Qeyd edək ki, avqustun 10-dan 20-dək Tacikistanda ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan və Monqolustan hərbçilərinin iştirakı ilə “Regional əməkdaşlıq – 2022” komanda-qərargah təlimləri keçirilib. Bundan əlavə, Tacikistan və ABŞ “Fəxrabad” təlim mərkəzində beş günlük ikitərəfli səhra təlimi komponenti keçirib.

Maraqlıdır, ABŞ-ın iştirakı ilə bir sıra dövlətlərin Orta Asiyada təlimləri nə deməkdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu o deməkdir ki, Birləşmiş Ştatlar Orta Asiyanı Kremlin təsir dairəsindən çıxarmaq istəyir: “Ukrayna müharibəsi səbəbindən Qərb-Rusiya qarşıdurması daha kəskin forma alıb. Xüsusən də ABŞ-Rusiya münasibətləri daha çox gərginləşib. Orta Asiyada Rusiyanın təsir imkanlarının güclü olduğu bəllidir. Ancaq Rusiyanın iqtisadi və texnoloji imkanlarının yetərli səviyyədə olmaması digər oyunçuların region uğrunda mübarizəyə girişməsinə təkan verir. Xüsusən də son illər Çinin regionda təsir imkanları artmaqdadır. Son illər Çinin Orta Asiyanın ən yoxsul ölkələri olan Tacikistan və Qırğızıstanda sərmayə layihələri artır. O cümlədən, digər region ölkələrinə də investisiya qoyuluşu artır. Çin bu minvalla həmin ölkələri özündən asılı etməyə çalışır. Orta Asiyanın zəngin təbii sərvətlərə malik olduğunu bilən ABŞ çalışır ki, müxtəlif formada regionda varlığını göstərsin. 2001-ci ildə ABŞ Əfqanıstanda Taliban rejmini devirəndən sonra Qırğızıstanda “Manas” hərbi bazasını qurdu. Sözügedən baza 2014-cü ilə qədər fəaliyyət göstərdi. Buna görə hər il ABŞ Qırğızıstana milyonlarla dollar vəsait ödədi. Məsələnin maraqlı tərəfi odur ki, “Regional əməkdaşlıq – 2022” hərbi təlimlərində iştirak edən 4 Orta Asiya ölkəsindən 3-ü – Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiyanın patronu olduğu KTMT-nin üzvüdür. Rusiya rəsmilərini ən çox narahat edən məqam da məhz budur. Nəzərə alsaq ki, ABŞ böyük maliyyə imkanlarına malikdir, o zaman Vaşinqtonun Orta Asiyaya nüfuz etmək imkanı böyükdür”.

İAT sədri hesab edir ki, bütün bunlar son nəticədə Rusiyanın Orta Asiyadan sıxışdırılıb çıxarılmasına gətirib çıxara bilər.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …