Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Əsas məqsəd Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmaqdır”

Təbriz Musayev: “Əsas məqsəd Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmaqdır”

Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəsinə sadiq qalaraq yenə Azərbaycanla bağlı sərsəmləyib.

K.Zatulin “Danışır Moskva” radiostansiyasına müsahibəsində deyib ki, guya Azərbaycan Ukraynaya silah verir: “Bu gün başqa bir mesaj var: Zelenski Əliyevlə danışdı, ona köməyə görə təşəkkür etdi. Niyə? Çünki Azərbaycan Ukraynaya silah verir, mina verir, özü də nə vaxtsa yox, 2022-ci ildə. Biz buna göz yumuruq. Göz yummağa məcburuq, çünki ağırlaşmaları istəmirik. Perimetri tutmağa çalışırıq, lakin vaxtaşırı geri çəkilməliyik”.

Göründüyü kimi, rus-erməni mediası Prezident İlham Əliyevin ukraynalı həmkarı Zelenski ilə telefon danışığında onun bizim prezidentə təşəkkür etməsinə müəyyən don geyindirməyə çalışırlar. Bunu elə təqdim edirlər ki, guya Azərbaycan Ukraynaya hərbi yardım edir. Halbuki, burada söhbət hərbi yardımdan getmir. Zaman-zaman Azərbaycanla bağlı belə təxribat xarakterli məlumatlar olur. Belə məlumatların rus-erməni mənbələrinin tirajlaması, guya Zelenskinin də təşəkkür edərkən məhz hərbi yardımı nəzərdə tutması və bunun ərtafında ajiotaj yaratmasında məqsəd nədən ibarətdir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu cür dezinformasiyaların tirajlanmasında başlıca məqsəd Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmaqdır: “Bundan əvvəl rus mediası belə yalan məlumatlar yayırdı ki, guya Azərbaycanda ABŞ-ın  biolabaratoriyaları fəaliyyət göstərir. Halbuki, bunlar Azərbaycanda yox, Ermənistandadır. Rusiyanın Ukraynaya təcavüzündən sonra isə silah məsələsini ortaya atıblar. Ara-sıra belə məlumatlar uydururdular ki, Azərbaycan dolayı yollarla təyyarələrlə Ukraynaya silah daşıyır. Ancaq bununla bağlı bir dənə ortada fakt yoxdur. Əsasən də bunu erməni maraqlarından çıxış edən rus mediası tirajlayır. Burada əsas məqsəd Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmaqdır. Ona görə də iki ölkə prezidentlərinin telefon danışığını yanlış şərh edirlər. Yəni, iki ölkə münasibətlərini bu yolla pozmaq istəyirlər. Biz nəzərə almalıyıq ki, ermənilər rus media resurslarında kifayət qədər güclü şəbəkəyə malikdilər. Bu, 1988-ci ildən üzübəri belədir. Erməni separatizmi başlayanda SSRİ tərkibində idik və o vaxt Rusiya kanalları, mətbuatı erməni separatçılarına qahmar çıxırdı. Bu, hər zaman belə olub. Sadəcə, 44 günlük Vətən müharibəsində Rusiyanın müəyyən qədər tərəfsiz qalması və Azərbaycanın qələbəsi erməni lobbisini bərk narahat edir. Onlar yaxşı bilir ki, bu məsələdə Rusiyanın Azərbaycan və Türkiyə ilə olan normal münasibətləri mühüm rol oynayıb. Bu səbəbdən münasibətləri korlamaq üçün bütün vasitələrdən istifadə edirlər. Onlardan biri də, guya Azərbaycanın Ukraynaya silah yardımı etməsidir. Halbuki, Azərbaycan dövlət olaraq bu məsələdə bitərəf mövqedən çıxış edir. O başqa məsələ ki, ictimai rəy Ukraynanı dəstəkləyir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …