Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Əlverişli vəziyyət yaranan kimi Ermənistan KTMT-dən çıxacaq”

Təbriz Musayev: “Əlverişli vəziyyət yaranan kimi Ermənistan KTMT-dən çıxacaq”

Məlum olduğu kimi, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Praysın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvanda səfərdə olub. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın.

Bu arada qatı ermənipərəst konqresmen Frenk Pallone erməni mediasına növbəti açıqlama verib. Pallone açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır. Ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir.

Görünən odur ki, Birləşmiş Ştatları təmsil edən ermənipərəst emissarlar Paşinyan hökumətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa təhrik edirlər. Bu isə Ermənistan üçün çox böyük risqdir. Çünki bu, Paşinyanın özünə və Ermənistana baha başa gələ bilər.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, ABŞ-ın müxtəlif vasitələrlə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq səyləri yeni deyil: “Neçə illərdir bu istiqamətdə xüsusi səylər göstərilir. Biz nəzərə almalıyıq ki, Birləşmiş Ştatların İrəvanda böyük səfirlik binası var. Məgər orada yalnız diplomatlar fəaliyyət göstərir? Təbii ki, yox. ABŞ-ın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq fəaliyyəti əsasən 2018-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra start götürüb. Sorosun dəstəyi ilə Nikol Paşinyan hakimiyyətə gətirildi. Paşinyan hakimiyyətə gələn gündən Rusiyaya qarşı reveranslara başladı. KTMT katibi Yuri Xaçaturovu, Rusiyanın satelliti olan sabiq prezident Robert Köçəryanı həbs etdirdi. Paşinyandan olsaydı, çoxdan Ermənistanı həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından uzaqlaşdırardı. Sadəcə, Ermənistanın düşdüyü vəziyyət buna imkan vermir. Problem ondadır ki, Ermənistan Rusiyadan həm iqtisadi, həm də hərbi baxımdan çox asılıdır. Ermənistanda Rusiyanın hərbi bazaları və bəlli agentura şəbəkəsi var. Üstəlik, Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması qarşı tərəfi Rusyadan uzaqlaşmaqdan çəkindirir. Ancaq Rusiyanın Ukraynada üzləşdiyi vəziyyət son aylar Paşinyan hakimiyyətini bu yöndə fəallaşmağa ruhlandırıb. Üstəlik, xaricdəki erməni lobbisi Ermənistanın gələcəyini Qərblə inteqrasiyada görür. Bütün bunlar onu deməyə əsas verir ki, əlverişli vəziyyət yaranan kimi, Ermənistan KTMT-dən çıxacaq”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …