Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Suraxanı məhkəməsindən şikayət – “İclas protokollarını vermirlər”

Suraxanı məhkəməsindən şikayət – “İclas protokollarını vermirlər”

Abdulla Əfəndizadə: “Fevralın 5-də protokolların 5 gün sonra hazır olacağını, 10-da isə 20-dən sonra veriləcəyini dedilər”

Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov nümayəndə Abdulla Əfəndizadəyə məhkəmə iclas protokollarını vermir. Məsələ ilə bağlı “Yeni Müsavat”a müraciət edən nümayəndə deyir ki, iddiaçı Afət Faiq qızı Babayevanın hüquqlarını müdafiə edir və Suraxanı Rayon Məhkəməsinə “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın ikidə bir hissədə bölünməsinə dair” iddia ərizəsi təqdim ediblər.
Nümayəndə deyir ki, iş üzrə Rəşad və Fuad Babayevlər cavabdehdirlər. İş hakim Ceyhun Qədimovun icraatına ötən il verilib və ilk məhkəmə iclası da 9 dekabr 2015-ci ildə baş tutub. 26 yanvar 2016-cı ilə kimi iş üzrə 9  məhkəmə iclası keçirilib: “Məhkəmə iclaslarında hakim tərəfsizlik nümayiş etdirmək əvəzinə məhz cavabdehlərin tərəfində dayandı. Elə ilk iclasda miras əmlakın faktiki qəbul edilməsini sübut edilməsi üçün mənzilə və həmin mənzillə əlaqədar 2015-ci ilin oktyabr ayında aparılan videoçəkilişə baxış keçirilməsi haqda vəsatət verdik. Hakim vəsatəti açıq saxladı. Məhkəməyə 3 şahid təqdim etdik. Hakimə də bildirdik ki, şahidlərə məhkəmədən sonra təzyiqlər ola bilər və buna görə də onların dindirilməsinin təmin olunmasını xahiş etdik. Dedik ki, cavabdeh Fuad Babayev məhkəmədən sonra onların evlərinə gedib hədə-qorxular gələcək, onları növbəti dəfə məhkəməyə gəlmələrinə mane olacaq. Hakim elə bil qəsdən bütün bu hallara əhəmiyyət vermək istəmədi. Cavabdeh tərəfə imkan yaratdı ki, iddiaçı tərəfin hüquqlarını tapdalasın. Bizi heyrətləndirən səbəblərdən biri də cavabdehlər tərəfindən istər izahat, istərsə də suallara cavablar verərkən özlərini ifşa edən fikirlər bildirildikdə, hakimin dərhal fikri yayındırması idi”.
A.Əfəndizadə deyib ki, ötən il dekabrın 21-də keçirilən iclasda əvvəlki proseslərdə keçirilən məhkəmə iclası protokollarının onlara təqdim olunmasını istəyib: “Protokollara qeydlərimizi vermək istəyirdik. Hakim bildirirdi ki, bütün məhkəmə iclasları qurtardıqdan, qətnamə elan ediləndən sonrakı 10 gün ərzində məhkəmə iclas protokollarının hamısı tam hazırlanıb tərəflərə təqdim olunacaq. Hakimin diqqətinə prosessual qanunvericiliyə əsasən məhkəmə iclas protokolunun qətnamə elan edilib qurtardıqdan sonra yox, məhz hər məhkəmə iclası qurtardıqdan sonra uzağı 10 gün ərzində hazırlanmasının nəzərdə tutulduğunu çatdırdıq. Xeyri olmadı. Üstəlik proses dövründə iddiaçıya da təzyiq olunurdu ki, nümayəndə kimi mənim xidmətlərimdən imtina etsin. Nəhayət, məhkəmə yekunlaşdı, 2 fevral 2016-cı ildə qətnaməni alsaq da, məhkəmə iclası protokollarını vermədilər. Dedilər ki, protokollar fevralın 5-də veriləcək. Fevralın 5-də protokolların 5 gün sonra hazır olacağını, 10-da isə 20-dən sonra veriləcəyini dedilər. Amma vermədilər. Belə çıxır ki, hakimin şəxsi istəyi prosessual qanunvericilikdən yuxarıda dayanır”.
A.Əfəndizadə deyir ki, məsələ ilə bağlı Suraxanı rayon Məhkəməsinin sədri İlham Mahmudova, Ədliyyə Nazirliyinin “Qaynar xətti”nə də məlumat verib. Amma nəticə olmayıb. Ona görə də o, mətbaut vasitəsi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək Suraxanı Rayon Məhkəməsində baş verən qanunsuzluqlarla bağlı araşdırma aparılmasını xahiş edib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın