Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Sürət Hüseynov havaya iki qırıcı qaldırdı, onlar da öz döyüşçülərimizin mövqelərini bombaladılar”

“Sürət Hüseynov havaya iki qırıcı qaldırdı, onlar da öz döyüşçülərimizin mövqelərini bombaladılar”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb.

Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 1993-cü il 27 iyul tarixli hesabatında qeyd olunduğu kimi, 1993-cü il 22-23 iyul tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk Qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı. Göründüyü kimi, bu fakt bir daha sübut edir ki, Ermənistan heç bir beynəlxalq öhdəliyə, verilən sözə məhəl qoymur. Çox maraqlıdır ki, məhz Ağdamın işğalına görə dünya birliyini açıqca aldatdığına görə Ermənistanla bağlı sərt mövqe ortaya qoyulmalı idi. Nədənsə biz bunun şahidi olmadıq. Görəsən niyə?

 

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ağdamın işğalında həmin dövrün qaynar siyasi hərarətinin də rolu çox olub: “Bu, daxili faktorla bağlı olan məsələdir. Həmin dövrdə Surət Hüseynov hakimiyyət uğrunda mübarizəyə girişmişdi. Bunun da nəticəsində böyük məsuliyyətsizlik edərək, əsas qoşun hissələrini, xüsusilə də ağır tankları təlim adı ilə Gəncəyə aparmışdı. O vaxt bir qrup Ağdam ziyalısı, başda Xuraman Abbasova olmaqla gəlib ona bildirmişdilər ki, Ağdamı işğal təhlükəsi gözləyir. Surət də onlara söz verib ki, lazım gəlsə, qırıcıları qaldırıb Ağdamı müdafiə edəcək. Erməni işğalı başlayanda Surət Hüseynov havaya iki qırıcı qaldırıb və həmin qırıcılar ya naşılıqdan, ya da bilərəkdən öz döyüşçülərimizin mövqelərinə həmlələr endirmişlər. Ağdamdan əvvəl Kəlbəcər və Laçın da işğal olunmuşdu. Bu səbəbdən də BMT məlum qətnamələri qəbul etdi. Bununla yanaşı, BMT bütün rıçaqlardan istifadə edirdi ki, Ermənistan işğalı dayandırsın. Həmin vasitələrdən biri də ATƏM-in dediyiniz toplantısı olub. Bəli, orada Ermənistan üzərinə xüsusi öhdəlik götürdü, amma nəticədə ona əməl etmədi. Nə qədər maraqlı olsa da, həmin vaxt Ermənistana təzyiq edən ölkələr sırasında Rusiya da vardı. Paradoksal olsa da, Rusiya həm işğalda iştirak edirdi, həm də Ermənistana işğalı dayandırması ilə bağlı təzyiqlərdə. Ermənistan Ağdamın işğalı ilə bir daha sübut etdi ki, onun üçün heç bir beynəlxalq öhdəlik əhəmiyyət daşımır. Yaxşı, onda qarşısında öhdəliyi götürdüyü həmin ölkələr niyə bu hala göz yumurlar? Gərək ki, BMT və həmin tədbirdə iştirak edən 9 ölkə özlərinə edilən hörmətsizliyin cavabını Ermənistandan tələb edərdilər. Bunlar edilməyibsə, deməli, biz özümüz problemin həlli üçün ən optimal variantı seçməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …