Ana səhifə / Siyasət / Suqovuşanın suyu azalır – Sərsəngi azad etmək vaxtı…

Suqovuşanın suyu azalır – Sərsəngi azad etmək vaxtı…

Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə zəng edib Suqovuşanda təşkil olunacaq tədbirə dəvət edəndə düşünmədən “məmnuniyyətlə” söylədim. Sonradan eyni gündə media ilə bağlı tədbirlərə dəvət edən dostlara, dəyər verən insanlara üzrxahlığımı bildirdim, “Suqovuşana gedirik”, deyə…

Sağ olsunlar, anlayışla qarşıladılar, onlar da bilirlər axı, on illərdir Qarabağın hər qarışının başına dolanmağı gözləmirdikmi? O da ola Suqovuşan. 2016-cı ilin aprel döyüşlərindən sonra “kaş ki…” deyib, yanıb-yaxıldığımızı unutmamışıq. O zaman Rusiyanın dövriyyəyə girməsi, Bakıya zənglə savaşı dayandırması nəticəsində heç olmasa Suqovuşanı azad etmək şansının əlimizdən çıxmasına görə o qədər heyfsilənirdik ki… Onu da unutmamışıq: biz deyirdik 2 min hektar torpağı işğaldan azad etmişik, erməni rəsmilər and-aman edirdilər – and kəssin onları – deyirdilər yox, cəmi 800 hektardır… Allaha milyon dəfə şükürlər olsun, azad etdiyimiz ərazilərin miqyası o qədər geniş, böyükdür.

İndi o müqəddəs ünvanlardan birinə gedirik, azadlığı üçün ən çox şəhid verdiyimiz ünvana – Suqovuşana, Tanrının bizə qovuşdurduğu daha bir qutsal məkana…

Səhər saat 5-də heyətimiz yola çıxdı. Həmkarlarımızla, sənət adamları ilə, ictimai təşkilatların təmsilçiləri ilə bərabər, həm həyəcanlı, həm sevincli. Tez yetişmək, o gözəl məkandan süzülüb gələn suallara, şəhidlərimizin qanı ilə suvarılan torpaqlara salam vermək üçün tələsirik.

Bu da “Azərbaycanın Stalinqradı” – qəhrəman Tərtər! Minlərlə raketin düşdüyü, çoxsaylı şəhidlər verən, həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi zamanı düşmənin israrla işğal etmək, torpağını tapdaq etmək istədiyi, amma hər dəfə burnunun ovulduğu ünvan, igidlər məskəni!

Tərtər Rayon İcra Hakimiyyətinin binası qarşısında sərgilənən raketlərə tamaşa edirik – Ermənistan ordusunun atdığı müxtəlif çaplı raketlərə! Bir çoxlarının “burnu” göydə ovulub. Əksəriyyəti Bakıya, Hərbi Qənimətlər Parkına göndərilib. İcra başçısı Müstəqim Məmmədov fərəhlə danışır ordumuzun, qəhrəman tərtərlilərin düşmənə necə layiqli cavab verməsindən. Savaş dönəmində qazılan sığınacaqlar hələ də qalmaqdadır, hətta icra hakimiyyətinin binası yaxınlığında olan sığınacağın nömrəsi də diqqətimizi çəkir – 3 saylı sığınacaq! Düşmənin – ilanın başı tam əzilməyib axı.

Tərtərin uzun müddət atəş nöqtəsində olan yaşayış məntəqələrinə baxırıq, Çaylı, Seyidimli… Əslində adı qalıb, darmadağındır, Kəlbəcər kimi, Ağdam kimi. Suqovuşan qəsəbəsi yarımcan qalıb. Amma yenə şükür edirik, sularımız qovuşur bu ünvanda. Qəhrəman ordumuzun əsgər və zabitlərinin ruhu bizdə əminlik yaradır ki, inşallah, çox keçməyəcək dağların o üzündəki hay tayfaları da cəhənnəm olacaqlar yurdumuzdan. Suqovuşandan üzü dağlara, Ağdərəyə, oradan da Kəlbəcərə aparan yollarımızla da rus hərbçilərinin müşayiəti ilə yox, sərbəst şəkildə gedəcəyik Kəlbəcərimizə, digər yurdlarımıza.

Xüsusilə də son günlər rus “sülhməramlı”larının sülhə uyğun gəlməyən davranışları, erməni terrorçularına silah daşımaq cəhdi, Xocalıda – bizim milli ləyaqətimizin təhqir olunduğu, soyumuzun kəsilməsi planının icrasına başlandığı ünvanda, hamımız üçün həssas nöqtədə erməni terrorçularına səngərlər qazmağa imkan yaradılması heysiyyətimizlə oynamaqdır. Ordumuz da növbəti əmrə hazırdır. Bircə həmlə bəs edər.

Dəyərli şəhid xanımları, şəhid ataları-anaları, onların övladlarının gözlərinə baxmaq çətindir, həm qürurludurlar, həm də hıçqırıqlar içərisində boğulurlar. Burada şəhid olub bir çoxlarının ciyərparaları. Sevinc xanım əlini Talış kəndi tərəfə uzadır, “Raquf orada şəhid oldu, imkan düşən kimi şəhid olduğu yeri ziyarət edəcəyəm” – deyir. Şəhid polkovnik – leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbirin təşkilatçısı olaraq gəldiyi üçün hələ də özünün dərdləri ilə baş-başa qala bilmədiyini bu sözlərindən sezirəm. Həm də burada hamının dərdi birdir, heç kim öz dərdini, öz şəhidini ayırmır, hamı birgə ağlayır, birgə sevinir, birgə qürurlanır. Tədbirdə çıxış edən Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov da göz yaşlarına hakim ola bilmədi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tribunada hıçqırtılarını güclə boğdu, nitqini yekunlaşdırdı. Deputatlar, həmkarlar, digər iştirakçılar, hər birisi eyni ovqatdaydı.

Şəhidlərin xatirəsinə həsr olunan möhtəşəm tədbirdən möhtəşəm hisslərlə ayrıldıq, amma ürəyimiz Suqovuşanda qaldı, fikrimizsə dağların o üzündə, Ağdərədə. Çünki Suqovuşanın suyunu azalmış gördük, Tərtər çayının Tərtər sakinlərinin ehtiyaclarını ödəyəcək qədər “cüssəsi” yoxdur. Səbəbi də odur ki, rus hərbçilərin kölgəsində gizlənmiş erməni quldurlar Sərsəngin suyunun qarşısını kəsiblər, istədikləri vaxt suyu açıb boş sahələrə buraxırlar, təki Sərsəngə doğru axmasın. Vaxt yetişib – özünü “əjdaha” hesab edən düşmənin başının əzilməsinin vaxtı! Hüquqi baza da var, üstəlik, AŞ PA-nın Sərsəng Su Anbarını dərhal azad etməklə bağlı qətnaməsi də…

Elşad PAŞASOY

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …