Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sülhəddin Əkbər: “Qərb anladı ki, keçmiş sovet respublikalarında gənc liderlər hakimiyyətə gəlsə də…”

Sülhəddin Əkbər: “Qərb anladı ki, keçmiş sovet respublikalarında gənc liderlər hakimiyyətə gəlsə də…”

“Artıq ABŞ başda olmaqla, Qərb Rusiyanın qarşısını almağın zərurətə çevrildiyini anlayıb. Buna görə də ABŞ 2015-ci ilin fevralında öz Milli Təhlükəsizlik Strategiyasını yenilədiyini açıqlayıb və Rusiyanı durdurmağı başlıca strateji hədəf seçdiklərini bəyan edib”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin dünən dediyi ““ABŞ və onun ”sözəbaxan müttəfiqləri MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər” bəyanatını “Yeni Müsavat”a şərh edərkən deyib.

S.Əkbərin sözlərinə görə, bundan sonra isə iki illik hazırlıq dövrü oldu. Bu hazırlıq dövrü 2016-cı ildə NATO-nun Varşavada keçirilən sammitində başa çatdı. Bundan sonra gözlənilirdi ki, ABŞ və onun Avropadakı müttəfiqləri, NATO Rusiyaya qarşı artıq aktiv siyasətə keçəcəklər: Bu, indi görünməyə başlayıb. Nəzərə alsaq ki, iki illik hazırlıq dövrü bitib və bu ildən başlayaraq ABŞ və müttəfiqləri Rusiyaya qarşı aktiv siyasət aparmağa başlamışdılar, bu, gözlənilirdi. Bu siyasət strateji bir plan çərçivəsində aparılır. Strateji plan uzunmüddətli, geniş, hərtərəfli plandır. Bu, smart plandır. ”Yumşaq güc”dən daha çox istifadəyə əsaslanmış plandır. Çünki “yumşaq güc”dən getdikcə daha çox istifadə olunacaq. “Yumşaq güc” tətbiqi daha ucuz başa gəlir, qaynar müharibələrə, kiminsə ərazisinə qoşunlar yeritməyə, böyük pullar xərcləməyə ehtiyac qalmır”.

Sabiq MTN nazirinin birinci müavininin sözlərinə görə, “yumşaq güc”ün komponentlərindən biri də kəşfiyyatdır: “Mən “Dövlət siyasətinin əsasları” kitabımda da göstərmişəm ki, gələcək savaşların xarakteri necə dəyişiləcək, kəşfiyyatın rolu nə üçün artacaq. Gördüyünüz kimi, kəşfiyyatın rolu getdikcə artır və bu, artaraq da davam edəcək, kəşfiyyat savaşlarının önəmi artacaq. Sergey Narışkinin işarə etdiyi həmin məsələlər də ABŞ və onun müttəfiqlərinin Rusiyanı durdurmaq üçün strateji planın bir hissəsinə, yəni kəşfiyyat savaşları hissəsinə aiddir. Burada təbii ki, digər postsovet ölkələrindəki yerli milli elitalarla işləmək də nəzərdə tutulur. Yerli milli elitalarla işləməkdə də məqsəd ondan ibarətdir ki, Rusiyanı etibarlı periferiyadan məhrum etmək mümkün olsun”.

S.Əkbərin sözlərinə görə, indiki şəraitdə Rusiya əsasən Ukrayna və Gürcüstanı çıxsaq, demək olar ki, bütün postsovet respublikalarında keçmiş kommunistlər, keçmiş komsomolçular, keçmiş KQB işçiləri hakimiyyətdə təmsil olunur: “Artıq ABŞ-da və Qərbdə anladılar ki, keçmiş sovet elitaları demokratik islahatlar aparmaq niyyətində və gücündə deyillər, Rusiyanın onlarla çox ciddi şəkildə işləmək imkanları var. Qərb anladı ki, keçmiş sovet respublikalarında gənc liderlər hakimiyyətə gəlsə də onları Kremlin təsiri altından çıxarmaq mümkün olmur. Ona görə də anlayıblar ki, bu ölkələrdə demokratik islahatları gənc islahatçı demokratlar apara bilərlər. Təbii ki, Qərb imperialist nəzərlə baxdığı üçün çalışacaq özlərinə bağlı olan gənc demokratlar keçmiş sovet respublikalarında hakimiyyətə gəlsin, yaxud da yerli milli elitaları işlətməyə cəhd etsinlər. Yəni metodlar paketindən istifadə olunacaq. Mənə sadəcə, bir-ikisini misal gətirdim. Bu kontekstdə mənim diqqətimi Özbəkistanın yeni prezidentinin Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması çəkir. Mərkəzi Asiya ilə bağlı ABŞ-ın xüsusi planı var. Mərkəzi Asiyada stavka Özbəkistana olunacaq. Ona görə də Narışkinin açıqlamasını təsadüfi saymıram və gözlənilən hesab edirəm. O, təhlükəsizlik xidmətlərinin rəhbərlərinə istiqamət göstərir ki, başlıca siyasi təhdid nədir və o, hansı istiqamətdən gözlənilir. Bu, Rusiya başda olmaqla, bütün postsovet məkanına aiddir”.

Bəs postsovet məkanındakı daxili ənənəvi müxalifət qüvvələri ABŞ-ın sözügedən planına uyğun gəlirmi, bu planda yer ala bilərlərmi?

Sülhəddin Əkbərə görə, Qərb kəşfiyyatı ilk növbədə mövcud hakim elita içərisində demokratik islahatlar tərəfdarı olan, Qərbə meylli olanlarla işləyəcəklər: “İkincisi, iş adamları ilə işləyəcəklər. Bunu xüsusi nəzərə almaq lazımdır. İş adamları öz maraqlarına görə Qərbin təbii müttəfiqləridir. Üçüncüsü, həmin ölkələrin bütün demokratik potensialı nəzərə alınacaq və ilk növbədə də demokratik qüvvələr içərisindəki Qərbə bağlı olan qüvvələr kənarda qoyulmayacaq”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …