Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Su-24 böhranı: azərbaycanlı maqnatın şirkətindən şübhələnirlər

Su-24 böhranı: azərbaycanlı maqnatın şirkətindən şübhələnirlər

Türkiyənin Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər görünməmiş ölçülərdə gərginləşib.

Daha doğrusu, Moskva bu insidentə olduqca sərt cavablar verməkdədir və prezident Putinin göstərişi ilə Türkiyəyə qarşı dalbadal iqtisadi embarqolar tətbiq edilir.

Virtualaz.org saytı xəbər verib ki, artıq Rusiyanın turizm şirkətləri Türkiyə turlarını dayandırıb. Türkiyədən Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalı məhdudlaşdırılıb. Rusiyada işləyən türk şirkətlərinə qarşı yoxlamalar və onların bazardan çıxarılması prosesi başlayıb. Bütün ölkə boyu hakimiyyət orqanları türklərin və türk şirkətlərinin ovuna çıxıb.

Bu sanksiyalar türk tikinti şirkətlərindən də yan keçməyəcək. Çünki Türkiyə şirkətləri 90-cı illərin əvvəllərindən başlayaraq Rusiyanın tikinti sektorunda önəmi paya malikdir.

Məlumatlara görə, Rusiyada tikinti sahəsində podratçıların üçdə biri türklərdir. İndi isə türk şirkətlərini Rusiya bazarından qovmaq üçün hökumət hərəkətə keçib.

Rəsmilər deyir ki, türk şirkətlərinin vaxtilə bazarda özlərinə bu cür yer etməsi Rusiyada monolit üsulu ilə tikinti texnologiyasının olmaması ilə əlaqəli idi. İndi isə Rusiyada monolit üsulu ilə tikən çoxsaylı yerli şirkətlər var və onlar türk şirkətləri ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Deməli, türk şirkətlərinin Rusiyadan çıxarılması yerli şirkətləri gücləndirəcək və əlavə iş yerlərinin açılmasına səbəb olacaq.

Hazırda təkcə Moskvada və digər iri şəhərlərdə deyil, Rusiyanın regionlarında da tikinti sahəsində işləyən türk şirkətlərinin, yaxud türk kapitallı ortaq şirkətlərin ovuna başlayıblar.

Virtualaz.org saytı xəbər verir ki, Yamal-Nen Muxtar Vilayətinin qubernatoru Dmitri Kobılkin bu regionda tikinti layihələri həyata keçirən türk şirkətlərinin siyahısının hazırlanması və onların bazardan çıxarılması göstərişini verib.

Artıq bəzi türk şirkətləri regionu tərk edib. Ancaq azərbaycanlı tikinti maqnatı Mehrac Babayevin “Verso-M” qrupuna daxil olan “Verso-Monolit İnvest” şirkətinin də “türk mənşəli” olmasından şübhələnirlər.

Yamal-Nen KİV-ləri yazır ki, Rusiyanın hüquqi şəxslərin vahid qeydiyyat sistemində həmin şirkətin Azərbaycan əsilli Rusiya vətəndaşlarına məxsus olduğu göstərilir. Təsisçilər hərəsi 45 faiz paya malik olmaqla Ramin Əliyev və Vidadi Hüseynov, habelə 10 faiz payla Dilqəm Məmmədov (baş direktor) göstərilir.

“Lakin bazar iştirakçıları anonimlik şərti ilə deyirlər ki, bu şirkətdə mühüm qərarlar İstanbulda qəbul edilir. Bunu dolayısı yolla şirkətin tikinti obyektlərində əsasən türk fəhlələrin işləməsi də təsdiqləyir”– deyə KİV-lər yazır.

Qubernatorun müavini Dmitri Şapoval isə deyir ki, “Verso-Monolit” təmiz Rusiya şirkətidir, təsisçiləri arasında Türkiyə vətəndaşı yoxdur.

“Biz artıq yoxlamışıq. Türk fəhlələrə gəldikdə isə biz onlarla danışacağıq ki, saylarını azaltsınlar. İndi tikinti mövsümünün sonudur, yeni mövsümdə tikintidə yeni qaydalar olacaq”– deyə Şapoval bildirib.

Mehrac Babayev Azərbaycan mediasının gündəminə 2011-ci ildə oğlu Ziya Babayevin Cenevrədə Telman İsmayılovun oğulları ilə birlikdə sürət yarışı zamanı törətdiyi qəza ilə bağlı gəlmişdi. Bu hadisə haqda Rusiya və Avropa mətbuatı da günlərlə yazdı.

M.Babayev keçmiş “cəbhəçi”dir, uzun illərdir Rusiyada tikinti biznesi ilə məşğul olur. Onun “Verso” şirkətlər qrupu Rusiyanın regionlarında da büdcə vəsaitləri hesabına həyata keçirilən tikinti layihələrinin bir çoxunda podratçıdır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın