Azinforum.az istinadən xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, uzun illərdir Avropa Şurası islama, müsəlman ölkələrinə qarşı düşmən mövqe nümayiş etdirir: “Müsəlman dövləti deyəndə bunların fikrindən ancaq bir şey keçir – qarışıqlıq, qeyri-stabillik, münaqişələr, müharibələr, parçalanma, aclıq, dövlət çevrilişləri və s. Onlar müsəlman dövlətlərini ancaq belə görmək istəyir. Bu gün müstəqil siyasət aparan, beynəlxalq aləmdə nüfuzu, hörməti, hərbi potensialı gündən-günə artan Azərbaycan onların xoşuna gəlmir”.

Deputat bildirib ki, AŞ PA bu cür sənədlər qəbul etməklə heç nəyə nail ola bilməyəcək: “Bu gün Avropa Azərbaycana olduğundan çox, Azərbaycan Avropaya lazımdır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihələrində iştirak edir. Qərb bundan nəticə çıxarmalıdır. Guya biz Avropa Şurasının üzvü olmasaq, dövlət kimi mövcud ola bilməyəcəyik?! Nə sənəd qəbul edirlər etsinlər, sonda özləri peşman olacaqlar”.

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.