Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Son döyüşdə şəhid olan hərbçimizin həyat hekayəsi…- Fotolar

Son döyüşdə şəhid olan hərbçimizin həyat hekayəsi…- Fotolar

Xəbər verildiyi kimi, iyulun 24-də günorta saatlarında erməni silahlı qüvvələri Gədəbəy rayonunun İvanovka kəndindən 12 kilometr aralı ərazidə yerləşən Çiçəkli yaylağındakı hərbi hissəmizə hücum ediblər. 5 hərbçi itirib, geri çəkilən ermənilərlə döyüş nəticəsində müddətdən artıq hərbi xidmət keçmiş sərrast atıcı Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Şəhid hərbiçimiz iyulun 25-də doğulduğu İvanovka kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Axşam saatlarında mərhumun ailəsinə, yaxınlarına başsağlığı vermək üçün yaşadıqları ünvana yollandıq. Havanın qaralmasına baxmayaraq, çoxlu sayda insan var idi. Hər kəs şəhid hərbiçimizin qəhrəmanlığından danışırdı.

Şəhidin ailəsi isə üzgün idi. Şəhid hərbçi E.Fətəliyevin atası Səxavət Fətəliyevdən oğlu ilə bağlı fikirlərini ala bilmədik.

Şəhid atası sadəcə, oğlunun ölümü ilə sözlərinin bitdiyini söylədi.

Şəhid hərbiçimizin anası Nazan Fətəliyeva ilə söhbət etdik. Göz yaşlarını saxlaya bilməyən şəhid anası öz hisslərini bizə belə anlatdı:

“Bir həftə öncə sevinə-sevinə gəlib, dedi ki, iki erməni hərbçisini vurmuşam, şəhid insanlarımızın azacıq da olsa, qisaslarını almışam. Çox ağıllı oğul idi. Hamı deyirdi ki, oğlunuz çox ağıllıdır. Bir adam belə, ondan indiyə qədər inciməyib. Kaş getməyinə mane ola biləydim. Nə zülmlər ilə böyütmüşdüm. Yenicə ağ günə çıxmışdı. Hələ də elə bilirəm ki, o, sağdır. Qayıdacağını gözləyirəm. Əlimlə yola salıb, indi də yolunu gözləyirəm. İki oğluna əsgər paltarı almışdı. Uşaqlar deyirdilər ki, ata biz də sənin kimi bu paltarı geyinəcəyik”.

Şəhidin anası oğluna iki il hərbi xidmətə çağırış üçün bildiriş vərəqəsinin gəlmədiyini qeyd etdi:

“Eldara iki il çağırış vərəqəsi gəlmədi. Çox narahat idi. Əsgərliyə getmək istəyirdi. Soyadı sənədlərdə səhvən qız kimi yazılmışdı. Başqa adamlar olsa, bundan istifadə edərdilər, hərbiyə getməzdilər. Amma oğlum israrla müraciət edib, soyadını düzəltdirdi və əsgər oldu. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən getmək istəyəndə razı olmadım. Təkid etdi və sonunda razı oldum. Onun valideynləri olaraq, həyatımız alt-üst olsa da, oğlumuzla fəxr edirik. Çünki o, torpaqlarımız uğrunda şəhid oldu. Bu ayın sonunda məzuniyyətə çıxmalı idi. İcazə kağızı belə, yazılmışdı”.

Şəhid hərbçimizin qonşuları da mərhumla bağlı öz xatirələrini bizimlə bölüşdülər, onun necə insan olmasından, igidliyindən danışdılar.

Şəhid hərbçimizin həyat yoldaşı Nərminə Fətəliyeva ömür-gün yoldaşının itkisi ilə barışmağın ona ömrünün axırına qədər çətin olacağını söylədi:

“Eldar əvvəlcə hərbi xidmətini başa vurdu və qayıtdı. Sonra könüllü getdi. Sərrast atıcı idi. Post təhlükəli olduğundan çox yalvardıq ki, ön cəbhəyə çıxma, azyaşlı övladların var. Amma deyirdi ki, özümü orada daha rahat hiss edirəm. Bir həftə öncə iki ermənini vurmuşdu. Gələndə deyirdi ki, ermənilər çox analarımızı ağlar qoyublar, əlimdən gəldikcə qisas alacam. Telefonunun ekranında prezidentimizin əsgər formasında şəkli var idi. Həmişə deyirdi ki, mənə nəsə olsa, prezidentimiz uşaqlarımın yaxşı yaşaması üçün əlindən gələni edər.

Övladlarının başsız qalmayacağından əmin idi. Erməniləri vurduqdan sonra mükafat alacağı bildirildi. Amma hələlik verilməyib. Yəqin ki, təqdim edəcəkdilər, o da belə oldu. 5 il öncə Eldarla ailə həyatı qurmuşduq. Hüseyn və İlkin adlarında iki azyaşlı uşağımız var. Çox yaxşı insan idi. Onu həmişə olduğu kimi xatırlayacam. Qəlbi təmiz, düzgün adam idi. Onu tanıdığım gündən heç vaxt bizə yalan danışmadı. Doğru yolla gedən, heç kimə ilişməyən adam idi. Sonuncu dəfə üç gün əvvəl evdən çıxdı. Dedi ki, qayıdacam. Amma o gedən, getdi. Özü də birdəfəlik…”

Şəhidin həyat yoldaşı bu yerdə göz yaşlarına hakim ola bilmədi. Fətəliyevlər ailəsinin yaxın qohumu Mustafa bəy də şəhidlə bağlı xatirlərini bizimlə bölüşdü:

“Hər kəs üçün canını verə biləcək qədər qorxmaz insan idi. İlk dəfə onu Ləzim dərəsi deyilən yerə göndərmişdilər. Amma könüllü olaraq, ön xəttə çıxdı. Heç kim bunu etməzdi. İstəyirdi ki, qəhrəmanlıq göstərsin, qəhrəman olsun. Sonunda da buna nail oldu. O, bir ailədən yox, hamımızdan getdi. Allah onu bu dünyadan etdi, o dünyasından etməsin. Qəbri nurla dolsun”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın