Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “SOCAR-ı diqqətlə araşdırırıq”

“SOCAR-ı diqqətlə araşdırırıq”

Avropa Komissiyasının antiinhisar məsələlərinə cavabdeh üzvü Marqret Vesteger Avropa bazarında dominat mövqeyindən sui-istifadə edən və ya kartel yaradan bütün şirkətlərə qarşı hüquqi prosedurlara başlayacağını bildirib.

Azinforum.az Virtualaz.org saytına istinadən xəbər verir ki, M.Vesteger bu cür şirkətlərin böyük risk altında olduğunu bildirib.

M.Vesteger deyib ki, Rusiyanın “Qazprom” şirkətinin 5 Avropa ölkəsində təbii qazı şişirdilmiş qiymətə satdığı müəyyən edilib. Bu səbəbdən şirkətə qarşı hüquqi prosedur başladılıb.

Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında M.Vesteger Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin üçdə ikisini almasına dair 2013-cü ildə bağlanmış müqaviləni də şərh edib.

M.Vesteger deyib ki, SOCAR-ın yunan şirkətinin səhmlərini almasından sonra bazarda rəqabət prinsiplərinin pozulmasına dair narahatlıqlar yaranıb. Bu səbəbdən Avropa Komissiyası sövdələşməni diqqətlə araşdırır.

“Araşdırmanın ikinci mərhələsini 2014-cü ilin noyabrında başlatmışıq. Məqsədimiz dərindən araşdırma apararaq SOCAR-ın DESFA-nı almasının bazara necə təsir edəcəyini və rəqabət prinsiplərinin pozulub-pozulmayacağını üzə çıxarmaqdır. SOCAR qaz bazarının rəqabətçi və güclü oyunçusudur. Bu araşdırmanın nəticəsi nə olursa olsun, SOCAR TANAP layihəsi sayəsində Avropanın enerji bazarında önəmli oyunçu olaraq qalacaq. Lakin araşdırmanın nəticəsi haqda indidən nəsə demək çətindir” – deyə M.Vesteger bildirib.

Avropa Komissiyasının üzvü deyib ki, tərəflərə narahatlıqların aradan qaldırılması üçün 90 iş günü müddət verilib. Bu müddət martın 23-də bitib. Lakin tərəflərin Avropa Komissiyasına təqdim etdiyi cavablar qanedici olmayıb. SOCAR və DESFA Avropa Komissiyasının narahatlıqlarını aradan qaldıracaq ikinci cavab hazırlayandan sonra proses yenidən başlayacaq.

SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Lakin Avropa Komissiyasının antiinhisar komissiyası hələ bu sövdələşməni təsdiqləməyib. Eyni zamanda Yunanıstanın yeni hökuməti sövdələşməyə yenidən baxacağını açıqlayıb.

Yunan hökuməti bildirir ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın