Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Siyasi partiyalar haqqında” qanunu yeniləməyə ciddi ehtiyac duyulur” – Zahid Oruc

“Siyasi partiyalar haqqında” qanunu yeniləməyə ciddi ehtiyac duyulur” – Zahid Oruc

“Parlamentə, hakimiyyətin ikinci qoluna xanımın sədrlik etməsi son dərəcə taleyüklü dövrdə Azərbaycanda formalaşmaqda olan yeni siyasi sistemin tələblərinə uyğun olaraq qanunverici orqanın rəhbər strukturlarını xalqın gözləntilərinə uyğunlaşdırmağa kömək edəcək, eyni zamanda Milli Məclisdə təmsil olunan ən müxtəlif baxışlara malik insanların və siyasi partiya təmsilçilərinin azad fikirliyinə həlimlik, uzlaşma və ahəngdarlıq gətirəcəkdir”.

Bu sözləri spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının keçirilən növbəti plenar iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin yeni sədri Zahid Oruc deyib. Komitə sədri vurğulayıb ki, Sahibə Qafarovanın alim və ziyalı kimi malik olduğu üstün keyfiyyətlər Məclisin iclaslarının ruhuna, o cümlədən, parlamentin yaratdığı bütün strukturların xalqa daha geniş açılmasına, müzakirələrin canlı diskussiyalar  şəraitində aparılmasına, ən müxtəlif ideyaların, baxışların səslənməsinə və həyata keçirilməsinə  imkan verəcəkdir:

“Heç şübhəsiz ki, bu hər bir parlament üzvünə ehtiram göstərilməsi və onların potensiallarından düzgün istifadə olunması şəraitində mümkündür. Lakin hər birimiz fəaliyyətimizi qurarkən, o cümlədən, sədarət də gələcək Məclisin işlək konsepsiyasını hazırlayarkən ilk növbədə 1990-cı illərdə Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşdırılmasında Heydər Əliyevin əvəzsiz yerinə və siyasi irsinə söykənərək hərəkət edirik. Bu baxımdan Ulu öndərin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışının məhz parlamentdən başlanmasını xüsusi dəyərləndirməyə bir daha ehtiyac duyulur.Çünki dövlətçilik dərslərini daim yada salmaqda fayda var.

Heydər Əliyev Azərbaycanı xaosdan məhz ilk olaraq Milli Məclisdə xilas etməyə çalışmışdı və amansız siyasi qovğaları, inqilabi hərəkatları orada ram etməyi bacarmışdı.Sabitlik məhz parlamentdə yarandıqdan sonra ölkənin həyatına nizam-intizam və əmin-amanlığı transformasiya  etmək mümkün olmuşdu. Unutmayaq ki, o dövr hərbi-siyasi qüvvələr bir-birilə birləşmişdilər və silahlı dəstələr parlamentin ətrafında cəmləşmişdilər. Belə şəraitdə Heydər Əliyev bənzərsiz spikerlik, “xalqın görən gözü, danışan dili və vuran əli” obrazını gerçəkləşdirə bildi və Məclisi tankların-topların qabağında ən güclü zirehə çevirərək millətlə ünsiyyəti, xarici aləmlə dialoqu, media ilə canlı əməkdaşlığı məhz burada yaratmağa nail oldu.

İndi Milli Məclisinin nüfuzunun gücləndirilməsi hakimiyyətin xeyrinədir, çünki bu özlüyündə dövlət və vətəndaşlar arasında ən yaxşı otürücüdür, tənzimləyicidir və münasibətlərin formalaşmasında həlledici  önəm daşıyır. Milli Məclisin hakimiyyət qolları içərisində “zəif bənd” olması alternativ  olmağa çalışan dağıdıcı fikir mərkəzlərinə geniş meydan açır və dövləti sarsıtmağa cəhd edənlərin mənafeyinə xidmət edir. Hər bir Məclis üzvünün fəaliyyəti parlamenti xalqın gözündə təqdim edir, ona milli məzmun verir və  institusional təsisat kimi kristallaşmasına yol açır.

Komitə sədri çıxışında sədarətin yenilənməsi məsələsinə yer verərkən Əli Hüseynlinin birinci vitse-spiker seçilməsini də xüsusi təqdirəlayiq qərar kimi qiymətləndirib:

“ Əli Hüseynli hüquq ictimaiyyəti içərisində böyük nüfuza malikdir, eləcə də ictimai rəğbət ünvanıdır, həmçinin parlamentin idarəçiliyində ötən illər ərzində kifayət qədər yüksək bir yer tutmuşdur, həmkarları içərisində ona ehtiram var və  Məclisin sədrliyinin gələcəkdə öz fəaliyyətini zamanın çağırışlarına uyğun qurmasında öz rolunu oynayacaqdır”.

Komitə sədri daha sonra çıxışında qeyd edib ki, parlamentin rəhbər strukturlarının formalaşmasında partiyaların önəmli bir yer tutması Azərbaycanın praktikası üçün yeni bir hadisədir:

Prezidentin nüfuzunun güclü olduğu bir şəraitdə bir partiyalı parlamentar idarəçiliyə deyil, barış və konsensusa gedilməsi tarixi bir hadisədir.Bu müstəqillikdən keçən 29 ildə heç vaxt olmayıb və  Sovetlərin iflasından sonra  təkpartiyalı sistemdən çoxpartiyalılığa keçidin müxtəlif formalarda özünü göstərən qüsur və yanlışlarının aradan qaldırılması yolunda son dərəcə cəsarətli addımdır.

 Administrasiyada, yəni ali icra hakimiyyəti orqanında mühüm  yer tutan “siyasi partiyalarla iş üzrə şöbə” 2019-cu ildə başlanan yeni hakimiyyət quruculuğu ideyasının ən tutarlı göstəricilərindən biri olmaqla dövlətin alternativ baxışları və qüvvələri özünün partnyoru kimi görmək istəyindən xəbər verir.İllərdən bəri zəifləyərək cəmiyyəti strukturlaşmaqda aciz qalan və daha çox radikallığa, fərdi etirazçı cəbhəyə yuvarlanmağa aparan xəttin durduruluması üçün son dərəcə taleyüklü bir qərardan bəhs edirik. Belə siyasi model, yəni, sistemin təkmilləşdirilməsi yönündə atılan mühüm  addım gələcəkdə icra hakimiyyətlərinin aşağı pillələrində də həmin partiyaların, hərəkatların, siyasi institutların təmsilçilərinin yer almasına imkan aça bilər”.

Cənab İlham Əliyevin Milli Məclisin 10 mart tarixində ilk açılış mərasimində iştirakını vacib  hadisə olaraq qiymətləndirən komitə sədrinin sözlərinə görə, bu, ilk növbədə dövlətimizin gələcək həyatı ilə bağlı konseptual  fikirlərin və çağırışların məhz Məclisin tribunasından səsləndirilməsinə imkan açdı:

“Dövlət və onun nüvəsində yer alan iki mühüm hakimiyyət qolu arasında münasibətlərin ən yaxşı göstəricilərindən biri olaraq, ölkə başçısının açılış mərasiminə önəm verməsi və orada irəliyə sürdüyü yeni baxışlar, aparıcı tezislər Azərbaycana rəhbərlik edən bir liderin on illərlə topladığı dərin biliklərin son dərəcə aydın və səlist bir dillə dünyaya çatdırılması demək idi.

Açığı müxtəlif ölkələrdə fərqli adlarla  “xalqa müraciət” platformaları kimi özünə yer edən dövlət-hökumət başçılarının parlament çıxışlarının bizdə də hər il gerçəkləşdirilməsi bütün hakimiyyət qollarını vahid bir viziyona kökləmək baxımından faydalı olacağına heç bir şübhəm yoxdur.Zənn edirəm ki, cənab Prezidentin Milli Məclisdə olması bir tərəfdən onun parlamentə verdiyi önəmi özündə ifadə edir, o biri yandan bütün hökumət və icra orqanlarına verilən ən mühüm mesaj sayılmalıdır. Prezidentin buradakı parlaq çıxışı, konseptual nitqi səfərbəredici bir xarakterdə idi. Çünki təkcə Məclisdə təmsil olunan partiyaların deyil, eləcə də seçkilərdə hər hansı səbəbdən iştirak etməyən vətəndaşların,  siyasi qüvvələrin hamısı ilə dövlətin seçdiyi kurs yönündə normal əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində vacib mesajlar vardı. Düşünürəm ki, seçkilərdən sonra cəmiyyətin toparlanması və birləşdirilməsi baxımından bu çox önəmli  məqam sayıla bilər”.

Cənab Prezidentin çıxışından irəli gələn əhəmiyyətli məqamlar üzərində dayanan Zahid Oruc qeyd edib ki, siyasi partiyalarla bağlı vacib addımlar atılırsa, bu o deməkdir ki, həmin təşkilatların fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var:

“Bu baxımdan “Siyasi partiyalar haqqında” qanunu cəmiyyətin və dövlətin mənafeləri yönündə yeniləməyə və onu təkmilləşdiməyə ciddi ehtiyac duyulur. Bu, əlbəttə ki, partiyalarla Administrasiyanın yüksək təmsilçisi arasında aparılan şərtsiz dialoq və danışıqların gələcəkdə predmetini təşkil edə bilər və hesab edirəm ki, çox vacib hadisəyə çevrilər.

 Digər tərəfdən, parlamentdə icra hakimiyyətləri orqanları ilə bağlı son aylar ərzində hüquq mühafizə orqanları tərəfindən aparılan sərt tədbirlər eyni zamanda, qanunvericilik sahəsində də bizdən yeni addımların atılmasını tələb edir. Gəlin razılaşaq ki, bu gün ayrı-ayrı bölgələrdə icra hakimiyyəti orqanlarının vətəndaşlar əleyhinə fəaliyyəti eləcə də onu üzə çıxarır ki, yerlərdə idarəçiliyin həyata keçirilməsi inzibati üsullarla yanaşı, səlahiyyət və məsuliyyətlər arasında qanunçuluqda islahatları gündəmə gətirir.”

Zahid Oruc çıxışında onu da vurğulayıb ki, bu gün ən mühüm məsələlərdən biri də ölkə rəhbəri tərəfindən BDU-nun 100 illiyi ilə bağlı tədbirdə milli adət və ənənələrimizin qorunması ilə əlaqədar irəli sürülən qeydlər idi:

“Düşünürəm ki, bunlar həyati əhəmiyyət daşıyan məsələlərdir və o baxımdan adət və ənənələrimizin qorunmasına qarşı uzun on illərdir müxtəlif xarici hücumlar və yaxud daxildə  cəhdlər, təşəbbüslər meydana çıxır. Xüsusilə də son aylarda gördüyünüz feminist hərəkatı, “kişi dominantlığına və ənənəvi ailə modellərinə üsyan adı altında küçə və meydanları “qırmızı fənərli” şüarlarla doldurmağa çalışanlar və haqlı olaraq cəmiyyətdə onlara kəskin reaksiyalar bizi dərindən qayğılandırmalıdır. Əgər ailəni dövlətin əsası hesab ediriksə, bu modelin qorunmasını və mədəni dəyərlərimizin hifz edilməsini qanunvericilik istiqamətində təkmilləşdirmələrlə həyata keçirməliyik”.

Komitə sədri daha sonra çıxışında Prezidentin Milli Məclisin ilk açılış mərasimində parlamentin rolunun və çəkisinin artırılması ilə bağlı nitqinə də diqqət çəkib:

“Bu həm də Məclisə edilən ictimai çağırışların, müraciətlərin nə dərəcədə obyektiv həllini tapması ilə özünü göstərəcəkdir. Konkret desək, şikayət mexanizmlərinin tapılması, düzgün qurulması ən vacib məsələdir. Xatırladım ki, Administrasiyaya, ali icra hakimiyyətinin rəhbərinin adına hər gün yüzlərlə məktub daxil olur. Bu həm də o anlama gəlir ki, bölgələrdə bələdiyyə və icra hakimiyyəti sistemlərinə bir sıra müraciətlərin ya nəticəsizliyi, ya da başqa amillərin təsiri ucbatından qeyd etdiyimiz reallıqla üzləşmişik. Ona görə də cənab Prezidentin çıxışında  şikayətləri həll etmək əvəzinə problem yaradanların öz ünvanına göndərilməsini ağrı ilə qeyd etməsi milət vəkillərinə xalqın müraciətinin ən yüksək kürsüdən xatırladılması deməkdir”.

Zahid Oruc sonda radikalizmlə bağlı Məclisin üzərinə düşən vəzifələri də xatırladıb:

“Bu da çox önəmli bir nöqtədir, çünki indi yaşadığımız dünya hədsiz informasiya hücumları ilə “zənginləşib”. Bu çap mediası və televiziyaların əvəzinə 21-ci əsrin kommunikasiya və smart texnologiyalarının əvvəllər bənzəri olmayan bir duruma gəlməsindən qaynaqlanır. Biz elə addımlar atmalıyıq ki, siyasi ekstremizm, mənəvi terror, informasiya hücumlarını neytrallaşdırmağa qadir ola bilək.Coğrafi ərazilərimizin qorunması birinci növbədə informasiya məkanının təhülkəsizliyini tələb edir. Ona görə də parlamentin gələcəyi onun dünyəvi və milli miqyasda üzərinə götürə biləcəyi missiyadan asılı olacaqdır. Kəmiyyətə deyil, keyfiyyətə önəm verilməsi o deməkdir ki, parlament  yeni ictimai-siyasi formasiyanın formalaşmasındakı məsuliyyyətini yaxşı başa düşür və aktiv, dinamik çalışan bir instituta çevrilməyə qadirdir.”. Modern.az

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …