Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Siyasi liderlərin “ağır” zarafatları – Brejnev, Çörçill, Stalin, Ruzvelt, Putin…

Siyasi liderlərin “ağır” zarafatları – Brejnev, Çörçill, Stalin, Ruzvelt, Putin…

Dövlət başçılarının iş qrafikinin nə qədər yüklü olduğunu hiss etmək o qədər də çətin deyil. Görüşlər, müşavirələr, səfərlər, qəbullar, sənədlərlə iş, rəsmi tədbirlərdə iştirak etmək və s. Amma bunlara baxmayaraq, birincilərin də asudə vaxta ehtiyacları və istirahət hüquqları olub.

Sıravi vətəndaşlar kimi siyasi liderlər də arabir zarafat edirlər, lətifə söyləyirlər, doğmaları, dostları, bəzən də həmkarları ilə qeyri rəsmi şəraitdə bir arada olub gərginliklərini çıxarırlar. O ki qaldı zarafat məsələsinə, birincilərin zarafatlarının arxasında bir çox hallarda sıravi insanların zarafatından fərqli olaraq siyasi mətləblər gizlənir, onlar müəyyən məsələlərə “zarafat”la münasibət bildirirlər. Dövlət başçılarının bu cür ciddi “zarafat”larının bəzilərini oxuculara təqdim edirik.

Leonid İliç Brejnevin Şarl de Qolla zarafatı Fransanın beynəlxalq müstəvidəki mövqeyinin dəyişməsinə səbəb olub. Fransa prezidenti Moskvada rəsmi səfərdə olarkən Brejnev ona ballistik raketlərin düymələrini nümayiş etdirib. Şarl de Qoll sovet liderindən soruşub:

– Bu raketlər hara istiqamət alacaq?

Brejnev özünəməxsus təbəssümlə cavab verib:

– İstənilən nöqtəyə, elə Fransaya da ola bilər. Amma siz buna imkan verməyəcəksiniz.

Bu görüşdən sonra, 21 fevral 1966-cı ildə Fransa NATO üzvlüyündən çıxıb, NATO-nun mənzil-qərargahı isə Parisdən Brüsselə köçürülüb.

Dünyanın ən nəhəng siyasətçilərindən biri olan Uinston Çörçill həm də hazırcavablığı ilə tanınıb. Tanınmış siyasətçilər və britaniyalılar Çörçillin hədsiz dərəcədə siqar və viski həvəskarı olduğunu yaxşı biliblər. Çoxları bunu normal hal kimi qəbul edib, bəziləri isə bu zərərli vərdişləri ona yaraşdırmayıblar, hətta bununla bağlı iradlarını da gizlətməyiblər. Parlament üzvləri ilə görüşlərin birində parlamentin xanım üzvü Bessi Bredok Çörçillin içkili vəziyyətdə olduğuna sərt reaksiya verib:

– Siz sərxoşsunuz, bu vəziyyətdə görüş keçirmək yolverilməzdir.

Çörçil təmkinin pozmadan xanım siyasətçini “sakitləşdirib”:

– Mən sizinlə razıyam, sərxoşam, görüşü davam etdirməyə həvəsim də yoxdur. Amma bu, tezliklə keçəcək, mən ayılacam, sabah ayıq başla işimi davam etdirəcəm. Ancaq siz o qədər eybəcərsiniz ki, nəinki sabah, ömrünüzün sonuna kimi düzəlməyəcəksiniz.

İosif Stalinin zarafatları daha ciddi olub və bu zarafatların arxasında konkret fikirlər dayanıb. Stalin tez-tez Gürcüstanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı respublika rəhbərliyinə göstərişlər, tövsiyələr, məsləhətlər verib. Xüsusilə limon, portağal, narıngi sahələrinin artırılmasını məqsədəuyğun sayıb. Amma bu göstərişlər onun istədiyi qədər yerinə yetirilməyib. Nəhayət, günlərin birində Stalin Gürcüstanın birinci katibi Mqeladzeni Moskvaya dəvət edib, onu bağ evinə qonaq aparıb. Süfrə arxasına keçməzdən əvvəl onlar bağ evinin həyətində gəzişiblər. Stalin həyəti gəzdikcə birinci katibə öz əkdiyi limon ağaclarını göstərib:

– Dadına baxın, özüm əkmişəm.

Birinci katib limonun birinin dərdikdən sonra söhbətini davam etdirib, Gürcüstandakı vəziyyətdən danışıb. Bir neçə addım atdıqdan sonra Stalin onun sözünü yarımçıq kəsərək növbəti limon ağacının qarşısında dayanıb:

– Bu ağac daha çox məhsul verir. Moskva mühitində belə məhsul əldə etmək çox çətindir.

Mqeladze isə söhbətini davam etdirib. Stalin yenidən limon ağacının qarşısında dayanıb:

– Mən Siyasi Büronun üzvlərinə də bu limonlardan pay verirəm.

Nəhayət ki, Mqeladze Stalinin eyhamlarını başa düşüb:

– Yoldaş Stalin, sizə söz verirəm ki, bir neçə ildən sonra Gürcüstan bütün SSRİ-ni limonla təmin edəcək.

Stalin istədiyini eşitdikdən sonra onu evə dəvət edib:

– Axır ki, siz məni anlaya bildiniz, indi evə keçə bilərik.

Adı Amerika Birləşmiş Ştatlarının tarixinə qızıl hərflərlə yazılan 32-ci prezident Franklin Ruzvelt ciddi siyasi fiqur olmasına baxmayaraq zarafatlarından da qalmayıb. Günlərin birində səhər tezdən oyananda həyat yoldaşını evdə görməyən prezident xidmətçilərdən soruşub:

– Bəs Eleonor səhər tezdən hara gedib?

Xidmətçi qısa cavab verib:

– O türmədədir.

Prezident başını bulayaraq soruşub:

– Mən buna təəccüblənmirəm. İndi nəyə görə onu türməyə aparıblar?

Qeyd edək ki, Eleonor Ruzvelt xeyriyəçiliklə məşğul olub və həmin gün prezidentin xanımı türmədə xeyriyyə tədbiri keçirib.

Müasir siyasətçilər arasında Rusiya Federasiyasının prezidenti Vladimir Putini fikirlərini tez-tez zarafatla ifadə edən liderlərdən biri saymaq olar. İtaliyanın sabiq baş naziri Silvio Berluskoni həddi-büluğa çatmamış fahişələrin xidmətindən istifadədə ittiham olunanda Putin məsləyə belə münasibət bildirib:

“Belruskoni qanundan və cəzadan kənar qalmaq üçün gərək azyaşlı qızların yox, oğlanların xidmətindən istifadə edəydi…”

Berluskoni ilə bir dəfə ABŞ prezidenti Barak Obamanın dərisinin rəngi ilə bağlı irqçi zarafata edib: “Barak qaradərili deyil, sadəcə, özünü dənizdə günəşə bir az çox verib”. İlham Cəmiloğlu, Musavat.com

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …