Ana səhifə / Siyasət / Siyasi hakimiyyəti açıq dəstəkləməkdə bəzi deputatlar media ilə əməkdaşlıqdan yayınır…

Siyasi hakimiyyəti açıq dəstəkləməkdə bəzi deputatlar media ilə əməkdaşlıqdan yayınır…

Yanvarın 31-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

YAP deputatlarının seçiciləri ilə mütəmadi görüşlər keçirməsi, seçicilərin problemlərinin daha sıx dinlənilməsi, həllinə çalışılması, ölkənin və hakimiyyətin maraqları ilə bağlı gündəmdə olan aktual mövzuların müzakirəsində aktiv iştirak etmələri tapşırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də olub. Həmin seçkilərdə 125 deputat mandatından 71-ni hakim Yeni Azərbaycan Partiyasının siyahısındakı namizədlər əldə ediblər. Seçkidən sonra nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsində 2016-cı il iyunun 18-də keçirilən təkrar seçkilərdə isə YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov deputat mandatı əldə edib. Bununla da YAP-ın deputatlarının sayı 72-yə çatıb. 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 4 nəfər deputat Nazirlər Kabinetinin yeni tərkibində yer alıb. Qanunvericiliyin tələbinə görə həmin şəxslərin deputat mandatına xitam verilib. Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra onun deputat fəaliyyətinə xitam verilib.

Milli Məclisin daha bir YAP-çı deputatı Astan Şahverdiyev isə vəfat edib. Bu səbəbdən Milli Məclisdə, ümumilikdə, 125 deputatdan yalnız 119-u təmsil olunur. Hakim partiyanın deputatlarının hazırkı sayı isə 68 nəfərdir. Sözügedən 68 deputatdan ictimai-siyasi aktivliyinə, baş verən hadisələrə reaksiyasına görə 5-6 nəfəri seçilir. Bu isə o deməkdir ki, hakimiyyətin dəstəyilə mandat sahibi olanların təxminən 10 faizi deputat kimi aktivdirlər və günün tələblərinə cavab verə bilərlər.

Artıq biz mətbuatda hazırda mandata sahib olan bəzi deputatların aktivlik göstərmədiyi ilə bağlı narahatlıq ifadə edən yazılara rast gəlirik. Ən maraqlısı isə budur ki, həmin iradlar da məhz hakimiyyətin kursunu müdafiə edən şəxslər tərəfindən tutulur. Çünki müxalifətin nəyinə lazımdır ki, hakimiyyətin kursunu müdafiə edən deputatı passivlikdə ittiham etsin. Deməli, hakim partiyanın öz deputatlarına bu yöndə yeni tövsiyəni verməsi real dördə olan zərurətdən irəli gəlib. Son vaxtlar doğrudan da hakimiyyətin siyasi kursunu müdafiə etməyə borclu olan deputat və məmurlar sırasında “danışmamaq qızıldır” yanaşması ilə davrananlar az deyil. Biz bunu xüsusən də son vaxtlar ölkənin dəyərlərini və simvollarını təhqir edən xaricdəki söyüşcül mühacirlərə verilən passiv reaksiyadan aydın görürük. Buna hətta həmin məsələlərdən qaçıb gizlənmək, yayınmaq kimi də baxmaq olar. Media işçisi olaraq bu reallığı hakimiyyətin kursunu müdafiə etməyə borclu olan deputatların davranışında da hiss edirik. Açığını etiraf edək ki, hakim partiyanın bu qədər deputatının olduğu fonunda, biz prinsipial məsələlərlə bağlı YAP təmsilçisi olan millət vəkillərini tapıb mövqe öyrənə bilmirik. Etiraf edək ki, onlardan elələri var ki, heç ümumiyyətlə danışmağı bacarmır. Buna görə də susmaqla başını girələməyi daha üstün tutur.  Danışa bilənlərin çoxu isə ən pinsipial məqamlarda yayınmağa üstünlük verir. Biz bunu xüsusilə də müxalifətlə bağlı mövqelərin bildirilməsinə zərurət yarandığı təqdirdə hiss edirik. Bu baxımdan da YAP rəhbərliyinin millət vəkillərini fəallığa səsləməsi çox zəruridir. Onlar anlamalıdırlar ki, millət vəkili adına yiyələnmək yalnız  həmin postun imtiyazlarından istifadə etməklə yekunlaşmır. Artıq hiss olunur ki, hakim partiyanı yalnız  seçkidən-seçkiyə aktivləşmək qane etmir. Yəqin ki, yaxın zamanlarda biz YAP-ı təmsil edən deputatların fəaliyyətindəki dönüşü müşahidə edəcəyik. Danışmağı bacarmayan və ya bacarıb danışmaqdan müxtəlif səbəblərə görə yayınan millət vəkillərinin dönəmi artıq bitmək üzrədir. Bu barədə ciddi düşünmək isə onların öz ixtiyarına buraxılıb. Bu sahədəki passivliyi yalnız hakim partiya təmsilçilərinə aid etmək lazım deyil. Müstəqil və ya  konstruktiv müxalifəti təmsil edən deputatların fəaliyyətində də biz belə halları müşahidə edirik. Bu yaxınlarda həmkarlarımızdan biri  parlamentdə təmsil olunan hər deputatı bir cümlə ilə xarakterizə edən yazı paylaşmışdı. Oradakı adların çoxunun qabağında “ilk dəfədir eşidirəm” yazmışdı. Bu yalnız onun deyil, mövzuya münasibət bildirənlərin də təəccübünə səbəb oldu. Çünki həmin adların çoxu bizim üçün də yeni idi. Xalq bu adamlara ən şərəfli olan millət vəkili kimi status veribsə, nədən onlar bundan lazımınca yararlanmaq istəmirlər?

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …