Ermənistandakı ən son prosesləri izləyərkən ağlımıza gələn ilk fikir Uilyam Şekspirin bu sözləri oldu. Bəli, Sarkisyan da rolllarını gözəl oynamağa çalışır və bu, növbəti dəfə sübut edir ki, ingilis dramaturqu heç də haqsız deyilmiş.

Bir tərəfdən hakimiyyətini uzatmağa çalışan fırıldaqçı S.Sarksiyan, o biri tərəfdən də guya ki, insanlara, cəmiyyətə öz münasibətini bildirmək üçün yetərincə sərbəstlik verən “demokrat lider” – bəli, səhnəyə heç də pis tərtibat verilməyib…

Yox, demirik ki, son etirazların hamısı teatrdır. Belə deyil, amma hiyləgər Sarkisyan hələ ki, onu özü üçün teatra çevirməyi bacarır. Yəqin Avropanın demokratiya institutları növbəti hesabatlarında qeyd edəcək ki, hakimiyyət cəmiyyətə etiraz etmək üçün kifayət qədər şərait yaratdı və nəinki S.Sarkisyan tərəfdarları, hətta onun əleyhdarları da istədikləri qədər ürəklərini boşalda bildilər…

Amma bizi başqa suallar düşündürür. Parlamentdə müzakirələr zamanı deputatlar dedilər ki, müharibə aparan Ermənistana Serj Sarkisyan kimi güclü lider lazımdır. Fəqət belədirmi?

Düşünmürük. Bizə elə gəlir ki, ermənilərə güclü lider deyil, güclü məntiq, fəhm lazımdır ki, Sarkisyan kimilərinin onları hara sürüdüyünü anlaya bilsinlər…

Demirik ki, Ermənistanda bunları anlayan insanlar yoxdur, var, amma yetərincə deyillər.

Üstəlik, onlar da anlamırlar ki, məsələ təkcə kriminal Dağlıq Qarabağ klanında, Sarkisyanda da deyil, ölkənin apardığı çox yanlış siyasətdədir.

İnkar etmirik, bunu da qismən anlayanlar var. Onlardan biri, bəlkə də birincisi keçmiş prezindent L.Ter-Petrosyan oldu. Amma gəl, nədənsə, onun bu prosesdə iştirakını görmürük…

Qismən indiki etirazçılar da dedikləmizin fərqindədirlər. Rusiyalı politoloqlar belə bir detala diqqət yetirirlər ki, etrirazlar, hakimiyyətə qarşı yürüş Rusiyanın hərbi bazası yerləşən Gümrüdən başladı, çünki erməni müxalifəti ölkədə rusların hərbi bazasının yerləşməsindən, Ermənistanın KTMT-na üzv olamsından elə də razı deyillər.
Sarkisyanın mövqelərini gücləndirən amillərdən biri də budur – Ermənistanda hakimiyyət məsələsinə təsir edən güclü faktorlardan biri də Kremldir ki, Serjikin onunla hər hansı problemi yoxdur. Üstəlik, ötən il Avropa Birliyilə saziş imzalamaqla Sarksiyan Qərbdəki güclü erməni lobbisinin də “saqqızını oğurlaya” bildi.

Ona görə də belə ehtimal etmək olar ki, indiki etrirazlar, nümayişlər ciddi nəticə verməyəcək – hər halda, bu ehtimal daha yüksək dəyərləndirilir. Amma o da var ki, etirazçılar təslim olmaq da istəmirlər. Artıq “məxməri inqilab komitəsi” də yaradılıb və N.Paşinyan bildirib ki, digər bölgələrdə də belə komitələr yaradılacaq.
Sadəcə, burada bir neçə amil var ki, onlar bizə qəti söz deməyə imkan vermir.

Bunlardan birini qeyd etdik – Kremldən və erməni lobbisinin münasibətindən çox şey asılıdır. İkincisi, digər müxalif qüvvələr hələ ki gözləmə möbqeyi tutublar və yeni etirazlarda lider problemi duyulur. Bu isə elə bir məsələdir ki, onsuz etirazların ciddi impuls alması bir qədər çətin məsələdir. Çünki insanlar həmişə hakimiyyətə alternativ olan siyasi qüvvəni görməyə tələsir. Ona görə ki, bu, onlara qərar qəbul etməyə və mövqelərini müəyyənləşdirməyə yardım edir.

Üçüncüsü, ötən dəfə də yazdıq ki, parlament çoxluğu Sarksiyanın tərəfindədir və etirazçılar məsələni kardinal şəkildə həll etmək, Qarabağ klanını siyasətdən qoparıb atmaq üçün indidən növbədənkənar seçkiləri gündəmə gətirməlidirlər.

Bəs bizim üçün hansı nəticələr hasil olur?

Belə vəziyyətdə Sarksiyan tərəfdarları, xüsusən Dağlıq Qarabağ kriminal klanı cəbhədə təxribatlar törədə bilər və biz buna hazır olmalıyıq.

İkincisi, Sarkisyan hakimiyyətdə qalarsa, öz siyasətimizdə vurğunu hərbə etməliyik, çünki iki prezidentlik müddəti Sarkisyanın bir siyasətçi kimi portretini cızmağa imkan verir. Bu adamla yalnız güc müstəvisində danışmaq mümkündür və hətta lazımdır da…

Ümumilikdə isə, bir məsələ tam aydındır: ya etrirazçılar qalib gələcək, ya da Sarkisyan kürsüsündə qalacaq. Amma etirazçıların çağırışları və bu adamların Sarkisyanı qovmaqda israrlı olması onu deməyə əsas verir ki, bütün hallarda, hal-hazırda ölkədə çox kövrək tarazlıq bərqərar olub və demək olar ki, proses heç də “məxməri inqilab”a bənzəmir – zorakılıq meylləri çoxalır, həm hakimiyyət, həm də müxalifət tərəfdən…

“Məxməri inqilab” ssenarisi daha mədəni ölkələr, az-çox siyasi mədəniyyəti olan ölkələr üçün xarakterikdir. Kriminal Dağlıq Qarabağ klanı isə belə hakimiyyət deyil, bunlar qana susamış müharibə köpəkləridir.

Bu səbəbdən də düşünürük ki, proses zorsuz ötüşməyəcək, hakimiyyətlə etirazçılar arasında ciddi qarşıdurma olacaq. Həm də bir məsələni bilmək lazımdır ki, bu, Sarkisyan üçün ilk hal deyil. Bu adam Dağlıq Qarabağdakı müharibə teatrı ilə Ermənistandakı siyasi teatr arasında elə də böyük fərq qoymur. Ona görə də bir daha deyirik, bu məsələ zorsuz sovuşmayacaq və gün kimi aydındır ki, Ermənistan təkrar bir ünvana üz tutubdur: onun adı qeyri-müəyyənlik və məchulluqdur…

Hüseynbala Səlimov