Ana səhifə / Siyasət / “Sevindirici xəbərlər olacaq” – Böyük güclərin Qarabağ toplantısı

“Sevindirici xəbərlər olacaq” – Böyük güclərin Qarabağ toplantısı

“Bu gün Dağlıq Qarabağdakı durum BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Bu təşəbbüslə Almaniya və digər Avopa ölkələri çıxış edib”.

Bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat rəhbəri xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvü var:

“Daimi üzvlər Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-dır. Müvəqqəti üzvlər isə Belçika, Almaniya, Estoniya, CAR, İndoneziya, Dominikan Respublikası, Niger, Tunis, Vyetnam və Sent-Vinsent və Qrenadindir.

Əslində BMT hazırda nüfuzunu itirməkdədir. Bugünkü toplantıdan da ciddi nəticə gözləmirəm. Amma istənilən halda Qarabağ probleminin yenidən BMT-də müzakirəsi məqbuldur. Çox böyük ehtimalla tərəflərə döyüşləri dayandırmaq və masa arxasında danışıqlara başlamaq təklif olunacaq”.

Qubad İbadoğlu bildirib ki, Azərbaycan tərəfinin müzakirələrdə mövqeləri güclü olmalı və daha çox dəstək qazanmalıdır:

“Amma onu da unutmayaq ki, müasir dünya da çox ədalətsiz və riyakar olub.

Təklif edirəm ki, müzakirələrdə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 4 qətnaməsinə (822, 853, 874 və 884) istinad edilsin. İkincisi, hazırda döyüşlərin Qarabağda deyil, işğal altında olan rayonlarda getdiyi və həmin ərazilərdə terrorçuların məskunlaşdığı xüsusilə qeyd olunsun. Üçüncüsü, ermənilərin raket zərbələrindən həlak olmuş 8 dinc əhali barədə faktları təqdim olunsun. Dördüncüsü, oktyabr ayında açılacaq TAP-a münaqişənin yaratdığı təhlükə və risklərə dair dəlillər təqdim edilsin. Beşincisi, diqqət həmçinin Paşinyanın qəzəb çıxışlarına və danışıqlardan imtinaya cəlb edilsin”.

Təşkilat rəhbəri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq:

“Əsas odur ki, bu qərar Ermənisanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər. Eyni zamanda, Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək. Daha doğrusu gözlədiyimiz sevindirici məlumatlar yayılacaq. Rəsmi xəbərləri izləyin.

Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək”. Teleqraf.com

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …