Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Serbiya, Gürcüstan, siz də Ermənistanın tərəfində? – Azərbaycanın etdikləri unuduldumu…

Serbiya, Gürcüstan, siz də Ermənistanın tərəfində? – Azərbaycanın etdikləri unuduldumu…

Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən təxribat əməli ilə bağlı yeni sensasion faktlar üzə çıxıb. Hərbi mənbələrə istinadən bir çox nüfuzlu KİV-in tirajladığı məlumata görə, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib.

Bildirilir ki, Azərbaycan hökuməti minaatan mərmilərin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir. Maraqlıdır ki, həm sursat və hərbi ləvazimatların öz ərazisindən Ermənistana daşınmasına imkan verən Gürcüstan, həm də Ermənistana bu sursatları təchiz edən Serbiya Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir.

Bəlli olduğu kimi, elə bu yaxınlarda Azərbaycan Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Mayın 20-də Azərbaycandan Serbiyaya humanitar yardım aparan təyyarəni Belqrad aerportunda qəbul edərkən bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi.

Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. Bütün bunların fonunda özünü bizə dost elan edən ölkənin  Azərbaycana yenidən təcavüz etmək istəyən düşmən ölkəni gizlicə silahlandırması maraqlı və təəccüblü görünmüyə bilməz.

Daha böyük anlaşılmazlıq isə qonşu və strateji tərəfdaş ölkə Gürcüstanın hərəkəti ilə bağlı yaranıb. Bəlli olduğu kimi, Gürcüstan öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair illər əvvəl qərar qəbul edib. Bəs Serbiyadan alınan sursatları, Rusiyanın göndərdiyi hərbi ləvazimatları Gürcüstan öz ərazisindən Ermənistana necə buraxıb?  Qeyd edək ki, Gürcüstanın da  ən çətin günlərində, o cümlədən 2008-ci ilin avqust müharibəsi zamanı Azərbaycan bu ölkəyə  dəstək verib. Təkcə bu məlum faktı qeydə etmək kifayət edər ki, Rusiyadan gələn elektrik və qaz xətləri diversiya nəticəsində partladılanda, Gürcüstan əhalisi donmaq təhlükəsi qarşısında qalanda məhz Azərbaycan öz əhalisinə verməli olduğu qazın həcmini azaldaraq onu qonşu ölkəyə yönəltmişdi. Bununla yanaşı, Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkələrdən biridir. Çox yaxın münasibətdə olduğumuz iki ölkənin belə həssas məqamda nümayiş etdirdiyi davranışı necə qiymətləndirmək olar?

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin ölkələrin atdığı addım qəbuledilməzdir:“Azərbaycan dilinin leksikonunda  “Nankor” ,  “Qədirbiməz” kimi çox ibrətamiz sözlər var. Bu  ifadələr bəlkə də başqa millətlərin, xalqların lüğətlərində bu qədər dəqiq, edilmiş hərəkətin bütövlükdə mənasını özündə əks etdirən sözləri yoxdur. Mən bir Azərbaycan vətəndaşı, partiya sədri olaraq ölkəmizin dünyanın başqa dövlətlərinin ağır günlərində yardım etməsini yüksək dəyərləndirir və bununla da azərbaycanlı olmağımla fəxr edirəm. Dosta, yoldaşa kömək bizim soy-kökümüzdən qaynaqlanır və bu bizim milli mentalitetimizdir. Ancaq bu cür xəyanətlərlə qarşılaşanda, istər-istəməz üzülürsən, məyus olub hiddətlənirsən. Xüsusilə də Gürcüstanın mövqeyini heç çür başa düşə bilmirəm. 400 mindən artıq soydaşımız öz tarixi ərazisində yaşayaraq Gürcüstan Respublikasının iqtisadi-siyasi dayaqlarının möhkəmlənməsinə  töhfə verdiyi halda, Azərbaycan xalqına qarşı göstərilən bu nankorluq bağışlanmazdır. Hesab edirəm ki, dövlətimiz Azərbaycana qarşı düşmən mövqeyində dayanan adları yuxarıda qeyd olunan ölkələrə qarşı adekvat tədbirlər görməli və biz də bütövlükdə bir xalq, millət olaraq dostumuzu və düşmənlərimizi yaxından tanımalı, anlamalıyıq ki, bizim özümüzdən başqa xalqımıza canı yanan ikinci birisi yoxdur. Və bir millət olaraq, yumruq kimi ölkə rəhbərinin ətrafında sıx birləşib bir səngərdən, bir tribunadan əlehimizə olanlara birgə təpki göstərməliyik. Xalqımızın başına gətirilən bu oyunlardan ibrət dərsi alıb, gələcəkdə atacağımız addımları yüz ölçüb, bir biçməliyik! Fikrimin sonunda xalqımıza səbr, milli birlik, uğur və qələbə, xoş , firəvan günlər arzulayıram!”

Qeyd edək ki, biz yazını hazırlayan ana qədər sözügedən iki ölkənin məsələyə münasibəti açıqlanmamışdı. Ancaq hesab edirik ki, hər iki ölkə kifayət qədər prinsipial əhəmiyyət kəsb edən bu məsələyə aydınlıq gətirməyə borcludur.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …