Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Separatçılar üçün gedən qaz kəmərini Azərbaycan təmir edir? – ŞƏRH

Separatçılar üçün gedən qaz kəmərini Azərbaycan təmir edir? – ŞƏRH

Neçə gündür erməni tərəfi Azərbaycanın Ermənistandan Xankəndiyə gələn qaz kəmərinin təmirinə başladığını iddia edir. Qeyd edək ki, Şuşanın Zarıslı kəndi ərazisində baş vermiş qəza səbəbindən martın 8-dən Ermənistandan qanunsuz olaraq nəql olunan mavi yanacaq kəsilib. Elektrik enerjisinin də kəsilməsi səbəbindən bir çox ermənilər Qarabağdan üzü Ermənistana köç etməyə başlayıblar.

Bəs təmirlə bağlı xəbərlər nə dərəcədə gerçəyi əks etdirir? Azərbaycan doğrudanmı Ermənistandan Qarabağa qanunsuz çəkilmiş qaz kəmərini təmir edir? Niyə bunu özləri eləmir? Hətta belədirsə, nankor ermənilərə daha bir yaxşılıq eləməyə dəyərmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Xankəndinə gedən qaz kəməri ilə bağlı məsələ xeyli vaxtdır gündəmi tutub və bu məsələ ilə bağlı ziddiyyətli məlumatlar verilir: “Ermənilər gah deyirlər ki, Azərbaycan qaz kəmərini təmir etmək üçün onlara şərait yaratmır, gah da guya Azərbaycanın özünün kəməri təmir etdiyini iddia edirlər. Azərbaycanın kəməri təmir etdiyi ilə bağlı iddialar inandırıcı deyil. Azərbaycan hökuməti və konkret olaraq ”Azərqaz” İstehsalat Birliyi tərəfindən də sözügedən qaz kəmərinin Azərbaycan tərəfindən təmir edildiyi barədə açıqlama olmayıb. Hesab edirəm ki, əgər Xankəndini qazla təmin edən kəmərin qəza baş vermiş hissəsi təmir edilibsə, bu barədə müvafiq hökumət qurumlarımız ictimaiyyətə açıqlama verməlidir. Açıqlama olmadıqca qeyri-müəyyənlik və ermənilərin yaydığı ziddiyyətli informasiyalar ictimai rəyi zəbt edəcək”.

Akif Nağı qeyd etdi ki, Azərbaycan hamıya, o cümlədən nankor ermənilərə qarşı həmişə humanist addım atıb, amma onlar bunu dəyərləndirə bilməyiblər: “Ona görə də növbəti dəfə onlara jest etməyin mənası yoxdur. Üstəlik Ermənistandan Xankəndinə gələn həmin qaz kəməri qanunsuz fəaliyyət göstərir. Xankəndi Azərbaycan ərazisidir, oraya hər hansı kəmər yalnız bizim ərazimizdən çəkilə bilər. Bu hadisə bir daha göstərir ki , Xankəndi və digər ərazilərdə yaşayan erməni vətəndaşlarımızın rifahı Azərbaycandan asılıdır. Onlar üzlərini Ermənistandan bizə tərəf çevirməlidirlər. Nə qədər nadan və cahil olsalar da bunu anlamalıdırlar. Nə qədər tez anlasalar, öz xeyirlərinə olacaq”.

“Azərqaz” İstehsalat Birliyindən isə məsələ ilə bağlı sualımıza cavab verilmədi.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …