Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır

Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizəd olmaq üçün edilən müraciətlər, namizədliklərin təsdiq olunması və iddiaçılara imza vərəqələrinin verilməsi prosesi davam edir. Eyni zamanda seçkilərdə iştirak edib-etməməklə bağlı qərarsız qalan siyasi qurumlar var ki, artıq onlar da yekun qərarlarını verməkdədirlər.

Müsavat, Milli Şura, Ümid, REAL, ALP, GAP, ADR, NİDA, D18 kimi siyasi təşkilatların ardından fevralın 17-də KXCP də seçkilərdə iştirakdan imtina edib. Lakin seçkilərdə iştirakçı olanların sayının imtina edənlərdən çox olduğu da açıq görünür.

Müraciət müddətinin nə zamana qədər davam edəcəyi, artıq neçə nəfərin namizəd olması və digər məsələlərlə bağlı bəzi müəmmalar var ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimova müraciət etdik. O, məsələyə aydınlıq gətirdi: “Artıq 13 nəfər müraciət edib. Onlardan 12 nəfərin müraciəti təsdiq olunub və hər birinə imza vərəqələri verilib. İmzatoplama kampaniyası da start götürüb. Digər bir müraciətə isə, həftənin ilk günləri baxacağıq. Qeydiyyatla bağlı gələn ayın 12-nə qədər namizədlərə və namizəd olmaq istəyən şəxslərə verilmiş sənədlər Mərkəzi Seçki Komissiyasına qaytarılmalıdır.

Mikayıl Rəhimov ile ilgili görsel sonucu

Mikayıl Rəhimov: “Martın 11-nə kimi hər kəsin müraciət etmək hüququ var”

O vaxta qədər hər bir kəsin müraciət etmək hüququ var. Amma bu elə olmalıdır ki, bizim həmin şəxslərin sənədlərini yoxlamaq üçün vaxt olsun. Eyni zamanda onun da imza toplamaq üçün vaxt imkanları olsun. Yəni nəzəri baxımdan imza vərəqələri yaxın vaxtlarda verilib qurtarmalıdır. Martın 12-nə bir gün qalmışa qədər hər kəsin müraciət etmək hüququ var. Amma biz o müraciətdən sonra 5 gün ərzində baxıb həmin şəxsin müraciətini təsdiq etməliyik. Yəni elə olmalıdır ki, biz müraciəti təsdiq edəndə imzatoplama kampaniyasının mahiyyəti itməsin. Seçkilərlə bağlı biz təqvim planı təsdiq edib, mətbuatda dərc etmişik. Hamısı orada yazılıb. Martın 12-dən sonra MSK-ya sənəd qaytarmağın əhəmiyyəti yoxdur”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “İmzatoplama kampaniyasının öhdəsindən gəlib…”

Artıq imzatoplama kampaniyasına start verən AĞ Partiya başqanı Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli bu mərhələnin uğurla getdiyini söylədi: “Artıq imza vərəqələrini götürmüşük və fevralın 17-dən etibarən imzatoplama kampaniyasına start vermişik. Bölgülərimizi aparmışıq, işlərimizin daha sürətli getməsi üçün ofis də tutmuşuq. Hələ ki bu mərhələnin uğurlu getdiyini deyə bilərik. Hər şeyi zaman göstərəcək. İmzatoplama kampaniyasının öhdəsindən gəlib, lazım olan imzaları toplayıb-toplamayacağımızı isə bu mərhələyə qoyulan müddətin sonunda biləcəyik. Bu kampaniyanın asan getdiyini demək çətindir. Bütün gücümüzü qoyub, sona qədər əlimizdən gələni edəcəyik”.

Akif Nağı ile ilgili görsel sonucu

Akif Nağı: “Məni seçkilərə sifarişlə getməkdə ittiham edənlər də var”

Fevralın 17-də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da prezidentliyə iddiasını irəli sürüb. QAT sədri nə üçün seçki marafonuna qoşulması ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Vaxt doğrudan da azdır. İşlər də çox ağırdır. Təxminən 45 min imza toplanmalıdır. Amma mən deyərdim ki, QAT-ın əksər partiyalardan bir fərqi var ki, yerlərdə strukturları mövcuddur. Əgər süni əngəllər yaradılmasa, yerli şöbələrimizin bu işin öhdəsindən gələcəyinə inanıram. Bilirsiniz ki, bu kampaniyada bir vətəndaş yalnız bir şəxsə imza verə bilər. Bu da ciddi məhdudiyyətdir. İstənilən halda qüvvələrimizi səfərbər etmişik, düşünülmüş bir qərar vermişik. Fərdi qaydada öz təşəbbüsümlə namizədliyimi irəli sürürəm. Eyni zamanda QAT-ın da təmsilçisiyəm. Təşkilatımız siyasi olmadığı üçün iddia irəli sürmür. Təşkilatımızda kifayət qədər nüfuzlu şəxslər var. Qərarımızla bağlı müxtəlif fikirlər oldu. Ali Məclisin toplantısında da eyni proseslər yaşandı. Hər kəsin fikrini nəzərə almaqla qərara gəldik. Sosial şəbəkələrdə də üzərimizə hücumlar az olmadı. Açığı, qəlbimdə seçkilərə getməməyin tərəfdarı idim. Amma bu təşkilatın içərisində narazılığa səbəb ola bilərdi. Onlar təşkilatımıza fədakarlıqla çalışırlar və bunu nəzərə alçaya bilməzdim. Müraciətimizi həftənin ilk günü edəcəyik. Təsdiq olunduqdan sonra xahiş edəcəyik ki, bir az tez imza vərəqələrini versinlər. Məni seçkilərə sifarişlə getməkdə ittiham edənlər də var. Şəxsimə bu cür ittihamlar zaman-zaman az olmayıb. Vaxtılə şəxslər olub ki, indi hakimiyyətin yanındadırlar, öz qəzetlərində mənim hakimiyyətdən tapşırıq aldığımı yazırdılar. Amma bu gün onların da yolu ortadadır, mənim də. Bu baxımdan onların dedikləri ciddi qəbul etmirəm. Seçkidə iştirakımız Qarabağın azadlığı naminə atılmış bir addımdır. Bu imkanlardan sona qədər istifadə edəcəyik. Ümidləri doğruldacağımıza inanırıq. Bu, bir mübarizədir və seçkidə iştirak edənlərlə də bir düşmənçiliyimiz yoxdur. Seçkidə ciddi uğur qazanmaq şansımız var. Çünki bizim mövqe və platformamızı əhalinin tam əksəriyyəti dəstəkləyir. Ən azından bu seçkilərdə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli platforması bir daha gündəmə gələcək, daha çox tərəfdarlar qazanacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …