Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Sarkisyanın məhz indi həmin sənədi yayması seçkiyə hesablanmış bir addımdır” – Təbriz Musayev

“Sarkisyanın məhz indi həmin sənədi yayması seçkiyə hesablanmış bir addımdır” – Təbriz Musayev

Nikol Paşinyan bir neçə gün öncə parlamentdə çıxışı zamanı itkin düşən erməni hərbi qulluqçuların sayının 321 olduğunu bildirmişdi. Ancaq məlum olub ki, itkin düşənlərin real sayı göstəriləndən 3 dəfə çoxdur.

Belə ki, 44 günlük Qarabağ müharibəsində itkin düşən erməni hərbi qulluqçuların həqiqi sayını göstərən sənəd ortaya çıxıb. Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilən sənəddə itkin düşən erməni hərbi qulluqçuların sayının 1064 nəfər olduğu qeyd olunub.

Məlumat üçün qeyd edək ki, həmin sənədi Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yayıb. Sarkisyan xüsusi bir sənəd yayaraq deyib ki, əslində, İkinci Qarabağ müharibəsi zamanı itkin düşən erməni hərbçilərin sayı açıqlanandan dəfələrlə çoxdur: “İtkin düşənlərin sayı 1064 nəfərdir. Bu axmaq, bu fırıldaqçı parlamentdə çıxış edərək 321 nəfərin itkin olduğunu açıqlayır. Bəs indi nə deyəcəksən?”.

O da qeyd olunub ki, itkin düşən erməni hərbçilərin ailələrinə 500 milyon dram (970 min dollar) məbləğində təzminat verilib.

Seçki ərəfəsində belə bir sənədin ortaya çıxması Paşinyana növbəti zərbədir. Bundan əvvəl onun Qarabağ danışıqları ilə bağlı səs yazısı yayılmışdı.

  • “Sarkisyanın məhz indi həmin sənədi yayması seçkiyə hesablanmış bir addımdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar Ermənistanda seçkiqabağı mübarizənin kulminasiyaya doğru yaxınlaşmasından xəbər verir: “Əvvəla Ermənistanın əsgəri itkilərinin çox olması yeni bir şey deyil. Hər kəsə məlumdur ki, ötən il baş verən 44 günlük müharibə dövründə Ermənistan ordusu ciddi itkiyə məruz qalıb. Bunun nəticəsidir ki, demək olar, hər gün azad olunan ərazilərdə erməni əsgərlərinin qalıqları aşkar olunur. Aydın məsələdir ki, məğlub olan tərəf itkilərin real sayını gizlədir. Paşinyan da bu metoddan istifadə edir. Ancaq Sarkisyanın məhz indi həmin sənədi yayması seçkiyə hesablanmış bir addımdır. Belə məlum olur ki, onda bu məlumat bir müddət əvvəl olub. Sadəcə, seçkiyə sayılı günlərin qaldığı bir vaxtda həmin məlumatı yayır ki, Paşinyana səs verənlər az olsun. Ancaq bütün bunların Paşinyanın reytinqinə ciddi mənfi təsir edəcəyi bir qədər real deyil. Ən azından, ona görə ki, Robert Köçəryanla Serj Sarkisyanın siyasi keçmişi erməni cəmiyyətinə yaxşı məlumdur. Bu iki quldurun prezidentliyi dövründə Ermənistanın necə bir fəlakətli sosial-iqtisadi durumla üzləşməsi yetərincə bəllidir. O cümlədən, həri iki şəxsin Rusiyanın marionetkası olması da aydındır. Bu, məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, “Qarabağ klanı” parçalanmış şəkildə seçkiyə gedir. Hərçənd Köçəryan öndə olsa da, S.Sarkisyan ona dəstək vermir. Ən nəhayət, ağlı başında olan erməni yaxşı bilir ki, Köçəryan qalib gəlsə belə, Qarabağdakı əvvəlki status-kvonu bərpa etmək mümkünsüzdür. Bax, reallıq bundan ibarətdir”.

Bütün bunlarla yanaşı, İAT sədri hesab edir ki, seçkidən sonra Ermənistanda qarşıdurmaların daha da kəskinləşəcəyi güman olunur.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …