Ana səhifə / Siyasət / “Sarkisyan hər zaman danışıqlarda maksimalist və pozucu mövqe tutub” – Təbriz Musayev

“Sarkisyan hər zaman danışıqlarda maksimalist və pozucu mövqe tutub” – Təbriz Musayev

Hər şey bir nöqtə ilə başladı. Heç inanmazdı ki, bu nöqtə bir dövlətin, bir millətin başına düşən ağırtonnajlı bir daş olacaq. Əlində şüşə Şuşada, Xankəndidə sərxoşluq etdi. Oynayaraq Azərbaycanın səbr kasasını tarıma çəkdi.

Diqqət etsək, görərik ki, Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlarda Nikol Paşinyan Dağlıq Qarabağdakı xunta rejimindən “üyüdürdü”, qorxurdu yəni. Dildə onları dəstəkləsə də, hər vasitə ilə bu xuntanın əl-qolunu yaxasından kəsib atmağa çalışırdı. Misal üçün, bir tərəfdən həm Azərbaycana, həm də xuntaya eşitdirirdi ki, Dağlıq Qarabağ münaqişəsini oradakı “hakimiyyətlə” çözün, bizlik deyil, digər tərəfdən də bu qondarma rejimin əsas funksionerlərindən olan eks-prezident Robert Köçəryanı məhkəmələrdə, hətta həbsxanalarda süründürdü. Özü də bilə-bilə ki, Köçəryan sadiq köpəkdir və bu, onun ağasının xoşuna gəlməyəcək. Elə də oldu.

İndi də ağlagəlməz açıqlamalarla onu-bunu günahlandırmağa çalışır. Məlum olduğu kimi, Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibə verib. Bütün müsahibələrində olduğu kimi, sözügedən müsahibədə də həqiqətə uyğun olmayan fikirlərlə çıxış edib. İddia edib ki, guya Ermənistan 2011-ci ildə Kazanda sülh sazişini imzalamaq istəyirdi, Prezident İlham Əliyev bundan imtina edib. Halbuki, bununla Paşinyan ağ yalan danışır. 2011-ci ilin ortalarında tərəflər sülh sazişini imzalamağa çox yaxın idilər, ancaq o zaman prezident olan Serj Sarkisyan bundan imtina etdi. Nəticədə tərəflər bir daha belə bir şans əldə etmədilər.

Maraqlıdır, bəs ekspertlər Paşinyanın dediklərini necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Paşinyanın Kazan danışıqları ilə bağlı səsləndirdiyi fikirlər uydurmadır: “Əvvəla Qarabağ münaqişəsi başlayandan bəri keçirilən bütün danışıqları Azərbaycan yox, Ermənistan pozub. Bunun da çox sadə izahı var. O da ondan ibarətdir ki, Ermənistan işğal olunmuş ərazilərin sülh yolu ilə qaytarılmasında heç vaxt maraqlı olmayıb. Əksinə, ermənilər istəyiblər ki, Azərbaycanın digər ərazilərini də işğal etsinlər. 1997-ci ildə Ermənistanın o vaxtki prezidenti Levon Ter-Petrosyan “Mərhələli həll” planını imzalamağa hazır idi. Ancaq Qarabağ separatçıları və Petrosyanın komandasında olan radikallar buna qarşı çıxdılar. Nəinki sülh planına qarşı çıxdılar, hətta 1998-ci ilin yanvarında Petrosyanı devirdilər. Ermənistanda hakimityyətə Dağlıq Qarabağda erməni separatizminə, ərazilərimizin işğalına bilavasitə rəhbərlik edən quldurlar gəldilər. Qarabağda səhra komandirləri rolunda çıxış edən bu şəxslər hakimiyyətə yiyələndikdən sonra danışıqlarda maksimalist mövqedən çıxış etdilər. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistanda “Qarabağ klanı” hakimiyyətdə oldu. Nəzərə alsaq ki, 2011-ci ildə Kazan danışıqları zamanı Ermənistan prezidenti Serj Sarkisyan idi, o zaman hansı güzəştdən söhbət gedə bilərdi? Sarkisyan hər zaman danışıqlarda maksimalist və pozucu mövqe tutub. O baxımdan, Paşinyanın Kazanda sülhün əldə edilməməsinin günahını Azərbaycan Prezidentinin üzərinə yıxması cəfəngiyyatdır”.

Ekspert qeyd etdi ki, Ermənistanın günahı üzündən sülh sazişi imzalanmayıb. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …