Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Sanki baş verənləri yaddan çıxarmağa çalışırlar” – Bakıdan Ankaraya QINAQ

“Sanki baş verənləri yaddan çıxarmağa çalışırlar” – Bakıdan Ankaraya QINAQ

Sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs – Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Qrup üzvləri səfər müddətində təşkil edilən tədbir və görüşlərdə anti-Azərbaycan, anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Təbii olaraq onların bu addımı Azərbaycan və Türkiyə cəmiyyətlərində böyük narazılıqla qarşılanıb, həmin şəxslər ciddi qınaq obyektinə çevriliblər. Bununla yanaşı, Azərbaycan Baş Prokurorluğunda Dağlıq Qarabağa getmiş Türkiyə vətəndaşlarına cinayət işi açılıb. Baş Prokurorluğun bu barədə yaydığı məlumatına görə, Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu, E.Katırçıoğlu Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qəsdən keçiblər.

Onların Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Göründüyü kimi, qeyd olunan hadisə ilə bağlı Azərbaycan Baş prokurorluğu hüquq çərçivəsində lazımi tədbirlərə əl atıb. Bəs, bundan sonra hüquqi prosedur necə olmalı, həmin şəxslərin qanunun imkan verdiyi yolla məsuliyyət daşımasını təmin etmək üçün hansı işlər görülməlidir? Mövzu ilə əlaqədar fikirlərini “Kaspi”yə bölüşən millət vəkili, hüquqşünas Çingiz Qənizadəbildirib ki, Azərbaycan ilə Türkiyə arasında ekstradisiya ilə bağlı müəyyən problemlər var və bu problemlər sənədləşmələrdə özünü büruzə verir. Millət vəkilinin sözlərinə görə, bu baxımdan, Türkiyə öz qanunvericiliyinə uyğun olaraq, Azərbaycan tərəfindən təqdim olunmuş sənədlər əsasında ölkəmizin sərhədini qanunsuz keçmiş türk vətəndaşlarına qarşı cinayət işi başladılmalıdır: “Azərbaycanın sərhədlərini qanunsuz keçən, separatçı qurumla təmasda olmaqla, müxtəlif bəyanatlar səsləndirməklə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan həmin türk vətəndaşları Türkiyə qanunvericiliyi çərçivəsində cəzalandırılmalıdırlar. Bu günə qədər Türkiyə Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə sözügedən məsələyə münasibətin bildirilməsi yetərli deyil. Bununla sanki baş verənləri yaddan çıxarmağa çalışırlar. Rəsmi qurumların bu davranışı başadüşülən deyil. Şəxsi qənaətimə görə, Türkiyə hökuməti hüquq-mühafizə orqanlarına göstəriş verməlidir ki, başqa dövlətin sərhədlərini qanunsuz keçməklə bağlı həmin şəxslər barəsində qanunun imkan verdiyi çərçivədə ölçü götürülsün. Həmin Türkiyə vətəndaşlarına qarşı da qanunun aliliyi tətbiq edilməlidir. Yəni, qeyd olunan şəxslər Türkiyə ərazisində məsuliyyətə cəlb olunmalıdırlar”.

Millət vəkili, hüquqşünas Tahir Kərimli isə bizimlə söhbətində bildirib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hüquqi yardım haqqında müxtəlif müqavilə və sazişlər, razılaşmalar var. Deputatın fikrincə, məhz bu razılaşmalar əsas götürülərək, bir-birinin ərazisində olan, haqqında cinayət işi başladılmış, axtarışa verilmiş, məhkum olunmuş şəxslər digər tərəfə təhvil verilə bilər. Hətta onlar haqqında müstəqil cinayət işi də başladılması mümkündür: “Bu məsələdə Türkiyə tərəfindən bir qədər narazıyam. Onlar hesab edirlər ki, Azərbaycanın sərhədini pozmaq Türkiyə qanunlarına görə cinayət deyil. Son hadisəyə yanaşmada da bu məntiqdən çıxış edirlər. Lakin məsələ bundadır ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub, orada separatçı, qondarma rejim yaradılıb. Türkiyə vətəndaşları da Azərbaycan sərhədlərini qanunsuz keçərək bu separatçı rejimin nümayəndələri ilə işğal olunmuş torpaqlarımızda görüşüblər. Bu addım Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə açıq-aşkar hörmətsizlikdir. Ona görə də Azərbaycan tərəfi cinayət işi qaldırıb və Türkiyəyə müraciət edib. Hüquqi yardım haqqında qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan tərəfdən cinayətkar kimi bilinən şəxs Türkiyə tərəfindən ölkəmizə təhvil verilməlidir. Elə əməllər var ki, bu, qayda-qanunlar çərçivəsində hər iki dövlətdə, yaxud digər ölkələrdə birbaşa cinayət, hüquq pozuntusu sayılır. Bu zaman fərqlər aradan qalxır. Bütün hallarda Türkiyə vətəndaşları qanunsuzluğa yol veriblər, başqa bir dövlətin sərhədini qanunsuz keçiblər, onun qanunlarına hörmətsizlik ediblər. Ona görə də bu şəxslər cinayət məsuliyyəti daşıyırlar. Qarşılıqlı yardım haqqında razılaşmalar çərçivəsində bu adamlar öz ölkələrində mühakimə oluna, yaxud Azərbaycan tərəfinə təhvil verilə bilərlər. Şübhə yoxdur ki, Azərbaycan tərəfi bu adamların qanun qarşısında cavab verməsi üçün bütün lazımi tədbirlərə əl atacaq”.\\kaspi.az\\

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …