Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Samir Adıgözəlli: “Tramp “soyqırım” ifadəsi işlətməməklə özünü sığortalayır, lakin mahiyyətcə başqa mövqe ortaya qoyur”

Samir Adıgözəlli: “Tramp “soyqırım” ifadəsi işlətməməklə özünü sığortalayır, lakin mahiyyətcə başqa mövqe ortaya qoyur”

ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verən hadisələr haqqında “soyqırımı” ifadəsini işlətməyib. Ağ Evin saytında verilən  xəbərə görə, ABŞ Prezidenti 1915-ci ildə baş verən hadisələri “böyük fəlakət” adlandırıb. Buna baxmayaraq, Tramp açıq mətnlə Osmanlı İmperiyası tərəfindən həmin hadisələrdə guya 1,5 milyon adamın öldürüldüyünü, deportasiya olunduğunu bildirib. Tramp, həmçinin, erməni xalqının ünvanına böyük təriflər yağdırıb. Hətta ermənilərin ABŞ-a pənah aparıb, həmin ölkənin inkişafına kömək etdiklərini qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir ki, ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı aprelin 24-dəki açıqlaması ermənilərin həqiqət halına gətirmək istədikləri subyektiv düşüncələrinə, anlayışlarına əsaslanır: “ABŞ Prezidentinin bu açıqlamasının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur və oradakı iddialar rədd edilir. Açıqlamada erməni üsyançıları tərəfindən 500 mindən çox müsəlmanın qətlə yetirilməsi acısı israrla görməməzliyə vurulur. Bu məsələdə ədalətli olmaq lazımdır”.

Bildirilir ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı birgə tarixi komissiyanın qurulması ilə barədə təklifi hələ də qüvvədədir: “Birgə komissiyanın qurulması ilə həqiqətlərin üzə çıxacağına inanılır. Bu təklifi gündəmdən çıxarmaq istəyənlər isə 1915-ci il hadisələri ilə bağlı öz məsuliyyətlərini unutdurmaqda maraqlı olan radikal ermənilərdir. ABŞ rəhbərliyi artıq bu həqiqəti dərk etməli və ona uyğun hərəkət etməlidir. Türkiyə tərəfi Osmanlı imperatorluğunun süqutu ərəfəsində həyatını itirən müsəlman, yəhudi və xristianlar olmaqla bütün mülki əhalini sayğı ilə anır”.

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr  Mərkəzinin rəhbəri (İSBAM) Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, son vaxtlar ABŞ-ın ermənilərə münasibətdə müsbət reveranslar etməsi Türkiyəyə etmək istədiyi təzyiqlərlə bağlıdır: “Qondarma “erməni soyqırımı”ndan daim Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə ediblər. Artıq bu məsələ mahiyyətini tam itirib. Türkiyə bu tip şantajlara əvvəlki qədər əhəmiyyət vermir. Çünki artıq bu saxta iddialar dünyanın bir çox ölkəsinin parlamentində müzakirə olunub. Yadınızdadırsa, ötən ilin sonunda ABŞ Senatı da “erməni soyqırımı” ilə bağlı qərar qəbul etdi. Həmin vaxt belə qətnamənin qəbulunun başlıca səbəblərindən biri Türkiyənin Rusiya ilə sıx əməkdaşlığı idi. Əvvəllər  Nümayəndələr Palatası qondarma “soyqırım”ın tanınması ilə bağlı sənədi Senata təqdim etdikdən sonra hər dəfə respublikaçı senatorlar qərarın təsdiqlənməsinə veto qoymuşdular. Amma son hadisələrdən sonra bəlli idi ki, növbəti dəfə qərar qəbul ediləcək. Senatın 100 üzvündən 53 nəfəri respublikaçı, 45 nəfəri demokrat, 2-si isə bitərəfdir. Bu isə o deməkdir ki, qondarma “soyqırım”la bağlı məsələdə respublikaçılar və demokratlar, hətta daha öncə veto hüququndan istifadə edən hakim partiyanın nümayəndələri eyni mövqedən çıxış ediblər. Bu isə ortalıqda vahid siyasi qərarın olduğunu göstərir. Tramp sonra həmin qərara veto qoydu. Bu çıxış isə ənənəvi “soyqırım” müraciətlərindən fərqlidir. Düzdür, Tramp yenə “soyqırım” ifadəsini işlətmədi, ancaq dolayısı ilə ermənilərin Türkiyə tərəfindən kütləvi qırğına məruz qaldığını bəyan edib. Olduqca zərərli mövqedir. Türkiyənin dərhal reaksiyasından görünür ki, bu mövqe ölkələr arasında ziddiyyət yarada bilər.  Ankara ilə əlaqələrin pozulması ABŞ-a yaxşı heç nə verməyəcək. Artıq bəlli olur ki, Tramp “soyqırım” ifadəsi işlətməməklə özünü sığortalayır, lakin  mahiyyətcə başqa mövqe ortaya qoyur”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …