Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şadlıq evləri və restoranlarda Ramazan “orucu”

Şadlıq evləri və restoranlarda Ramazan “orucu”

Müqəddəs ayda toy etmək olar, amma süfrə iftardan sonra açılmalıdır

Artıq bir həftədir ki, müqəddəs Ramazan günlərini yaşayırıq. İslam dininin şərtlərinə əsasən bu ayda müsəlmanlar oruc tutur.  Nəzərə çatdıraq ki, Ramazanda xeyli insan oruc tutmasa da, əgər bundan əvvəl spirtli içki qəbul edirdisə, bu günlərdə həmin zərərli vərdişlərdən uzaq durmağa çalışırlar. 
Bu da, təbii ki, bir çox ticarət obyektləri, restoran və şadlıq evlərinin büdcəsinə təsirsiz ötüşmür. Məlumdur ki, müqəddəs Ramazan ayında bir çoxları toy, şadlıq və ya əyləncəli məclislərini təxirə salır, bəziləri isə bu cür tədbirlər keçirsə də vaxtını iftardan sonraya müəyyənləşdirirlər. Bu cür məclislərdə də adətən süfrədə spirtli içki olmur.
Ramazan ayında şadlıq evlərində təmir və təmizlik işləri aparılır, restoranlarda isə…
Buna baxmayaraq bu cür şərtlərə əməl etməyənlərin kifayət qədər çox olduğu məlumdur. Bəzi restoran və şadlıq evlərində iftardan əvvəl məclislər keçirilir, süfrəyə içki gətirilir.
“Monte Karlo” şadlıq evinin inzibatçısı (adının yazılmasını istəmədi) bildirdi ki, müqəddəs ayda onlara toy üçün ümumiyyətlə müraciət edən olmur: “Bu ərəfədə şadlıq evində təmir işləri və qarşıdakı aylar üçün toy hazırlıqları aparılır”.
“Oskar” şadlıq evində də əvvəlki illərdə olduğu kimi Ramazan ayında təmir və  təmizlik işləri aparılır. Bu barədə şadlıq evinin Natiq adlı inzibatçısı “Yeni Müsavat”a açıqlamasında bildirdi.
Təkcə şadlıq evləri deyil, restoranlarda da bu ayda durğunluq yaşanır. Paytaxtın nüfuzlu restoranlarından biri olan “Manqalüstü” restoranının inzibatçısı Şahin Abdıyevin sözlərinə görə bu ayda demək olar ki, bütün əyləncəli və ad günləri məclisləri təxirə salınıb: “Bu sahədə boşluqdur. Həm də yaydır. Şəhər tipli restoranlar demək olar ki, yayda işləmirlər. Çünki insanlar daha çox təbiət qoynuna, dəniz kənarına, piknikə getməyi üstün tuturlar. Buna görə də restoranlar adətən oktyabr ayından sonra işləməyə başlayırlar”.
Onun sözlərinə görə müqəddəs ayda spirtli içkilərə müraciət edənlər də xeyli azalıb: “Müştərilər daha çox ailəvi gələrək iftar edirlər. Spirtli içki sifariş edən demək olar ki, yoxdur”.
Bəzi restoranlarda isə Ramazan ayında iftar məclisləri sifariş olunur.
Müqəddəs ayda toy və ya şadlıq məclisləri keçirmək günah sayılırmı?
Bəziləri müqəddəs ayda toy keçirmək və ya əyləncəli məclis qurmağın günah olduğunu düşünürlər. Dini ekspertlər isə bildirirlər ki, Ramazan ayında toy etmək, məclis təşkil etmək heç də günah deyil. Lakin toy məclislərinin iftardan sonra keçirilməsi, oruc tutanların da nəzərə alınması, süfrədə spirtli içkilərin olmaması tövsiyə edilir. Dindarlar qeyd edirlər ki, Ramazanda içkili toy mərasimi, əyləncəli məclislər keçirmək böyük günah hesab edilir. Həmçinin günorta yas mərasimlərində ehsan verilməsinin də doğru olmadığını bildirirlər. Dini ekspertlər ehsan süfrəsinin mütləq iftardan sonra, axşam açılmasını tövsiyə edirlər.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın